Xalq artisti Fəxri xiyabanda torpağa tapşırılıb






Ömrünün 77-ci baharında dünyasını dəyişmiş görkəmli bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Aqşin Əliqulu oğlu Əlizadə mayın 4-də son mənzilə yola salınıb. AzərTAC-ın məlumatına görə, mərhumun cənazəsi Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının matəm sayağı bəzədilmiş salonunda postament üzərinə qoyulub. Postamentin ətrafına Azərbaycan Respublikasının prezidenti adından, eləcə də Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, respublikamızın tanınmış teatrlarının və musiqi məktəblərinin kollektivləri adından əklillər düzülüb.


Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri olan Aqşin Əlizadə ilə vida mərasimində iştirak edənlər onun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Matəm mərasimini açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Aqşin Əlizadənin həyat və yaradıcılıq fəaliyyətindən danışıb. Bildirilib ki, Aqşin Əlizadə Azərbaycan xalqının çoxəsrlik musiqi ənənələrinə dərin bağlılığı ilə səciyyələnən və dünya musiqi incəsənəti xəzinəsindən ustalıqla bəhrələnən sənəti ilə milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazmıb.
Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi və başqaları Aqşin Əlizadə sənətindən və həyatından danışıblar.

Aqşin Əlizadənin oğlu Əli Əlizadədə çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə prezident İlham Əliyev, o cümlədən mərasim iştirakçılarına minnətdarlığını bildirib.
Daha sonra görkəmli bəstəkar Aqşin Əlizadənin cənazəsi Bakı Musiqi Akademiyasından götürülərək birinci Fəxri xiyabana gətirilib. Burada mərhumun ruhuna dua oxunub və cənazəsi torpağa tapşırılıb. Məzarın üstünə əklillər, gül dəstələri düzülüb.