Şəhid anası...

Sərvinaz Həsənli, yazıçı – publisist



...Havalar artıq soyumuş, bağlardan əl-ayaq çəkilmişdi. Payızın adamı göynədən sazaqlı küləkləri başlanmışdı. Dəniz kənarındakı bağ evləri kimsəsiz, yaxınları və ya övladları tərəfindən atılmış, tərk edilmiş qocaların günündəydi. Bu balaca, yastı damlı, çoxunda adam yaşamayan kənd evləri yaşlı qocalar kimi tənha və susqun idi...

O qadın bu balaca evlərdən birində yaşayırdı. Artıq 20 ildən çoxuydu ki, hər dəfə payız gələndə kədərlə düşünürdü ki, oğlunun ölümündən bir il də ötdü...

Hər il oğlunun ölüm gününü elə dəqiqliklə qeyd eləyirdi ki, sanki bu onun vəfatı yox, doğum günü idi. Təəccüblə,bir qədər də ağrıyla ona baxanlara " Mənim oğlum ölməyib ki...” - deyirdi. Və indi oğlunun yaşını tərsinə olaraq... öldüyü gündən hesablayırdı. Bu hesabla da oğlu Muradın 20 yaşı tamam olmuşdu...

Həlak olanda isə Muradın cəmi-cümlətanı 18 yaşı varıydı. Səhər tezdən, dəniz sahilindən altı kilometr aralı kənd qəbiristanlığına gedib oğlunun məzarı başında uzun müddət təkcə, dinməz-söyləməz otururdu... Daş kimi hərəkətsiz, ifadəsiz üzündə həyat əlaməti yoxuydu. Beləcə donuq, yarı əyilmiş qamətiylə bu balaca kənd qəbiristanlığına yaxın cığırdan təkdənbir ötüb keçənləri qorxuya salırdı.

Oğlu ölən başqa kənd arvadları kimi başına -gözünə döyüb, hönkür-hönkür ağlasaydı, ona da rəhmi gələn tapılardı. Onunla diz-dizə əyləşib ağlaşma qurardılar...

Yeraltı çayların səssiz-səmirsiz, duyulmadan dənizə, göllərə axdığı kimi, onun göz yaşları da görünməz yollarla içinə axırdı. Arabir ona baş çəkib qan təzyiqini ölçən , cürbəcür dərmanlar yazan sahə həkiminin dediyinə görə ,bu ,daha qorxulu idi. Onu qınayan kənd qadınları da tapılırdı. " Ay evin yıxılsın, bir ağlayıb ürəyini boşaltsana...”- deyirdilər.

Saçını yolub ağlamaq onun içində baş qaldıran ağrıların fonunda çox sönük görünürdü...

Hər dəfə hiss eləyirdi ki, qəbiristanlığa bu gəlişi sonuncu da ola bilər... Adını belə yadında saxlaya bilmədiyi gizli bir xəstəlik onu için-için üzüb əldən salırdı. Ömrünün sonuna yaxınlaşdığını bilirdi... " Mən ölsəm, sənin yanına kim gələcək, ay bala! " - deyə səssiz-səssiz fəryad eləyirdi.

... Sənin uğrunda öldüyün, şirin canından keçdiyin torpaqlarımızdan düşmən nə vaxt qovulacaq? - deyə oğlunun ruhuyla söhbət eləyirdi. - Xəbərin varmı, düşmənlərimiz hələ də Qarabağdadır?..

... Havalar yenə tutqun idi. Payızın yağışlı, yağmurlu siması cənazə namazına durmuş insanların üzü kimiydi...

Hardasa, çılpaq, boz təpələrin o biri tərəfində amansız döyüşlər gedirdi. Dalbadal qumbaraatanların, uzaqvuran topların qulaqbatıran gurultusu eşidilirdi.

... Kəndin girəcəyindəki köhnə dəyirmanı ermənilər tərəfindən atılan top mərmiləri dağıtmışdı. Onların kiçik kəşfiyyat qrupu dağıdılmış dəyirmanın üst yanından keçərək yuxarı yola doğru buruldular. Dinməz-söyləməz, ətrafı diqqətlə dinşəyib, havanı belə iyləyə-iyləyə gedirdilər.

Səhər hələ açılmamışdı. Yuxunun şirin vaxtı idi. Kənddə düşmən qüvvələrinin olması xəbəri məlum idi, amma yəqin ki, onlar indi şirin yuxudaydılar. Ermənilər özlərinə heç vaxt əziyyət verməzdilər. Gecələr qorxularından burunlarını belə bayıra çıxarmazdılar. Onlar hücuma çaqqallar kimi həmişə sürüylə gedirdilər.

Sübhün alatoranlığı duman kimi ayazıyıb aydinlaşdıqca, kəndin silueti qaranlıqda aşkar olan keçmiş fotolar kimi üzə çıxırdı.

Dərə boyunca uzanan, sağdan və soldan yastı təpələrin döşündə ağ daşdan tikilmiş ikimərtəbəli evlər nəhəng dinozavrın seyrək dişləri kimi ağarırdı. Qədim və sıx meşələr kəndin üst yanından başlayaraq yaşıl dəniz kimi ta üfüqlərəcən uzanıb gedir, Kırs dağının ətəklərində sonsuzluğa qovuşurdu. Meşənin dərinliklərində bəzi yerləri uçulub dağılmış, zamanın küləkləri döyüb, tufanlarının, yağışlarının yağıb xaraba qoyduğu qədim alban qalasının qalıqları görünürdü...

Uzaqda Topxana meşələri qaralırdı... Bu meşələrdən baş alıb gələn çaylar, qaynayan bulaqlar dünyanın ən gözəl mənzərələrini yaradırdı. Əvvəllər həmişə əlini gözünün üstünə qoyub bu qədim və sirli meşələrə doyunca, uzun-uzadı baxardı...

Bu döngənin axırındakı onların evi idi. Kəndin lap qurtaracağında yerləşirdi. Çayın kənarındakı hündür yarğanın üstündə tikilmiş bu ikimərtəbəli , gözəl və yaraşıqlı evi onlar əriylə birlikdə çox ağır zəhmətlə başa gətirmişdilər. Rəhmətlik qaynatası üç oğlunun hər birinə toydan sonra ayrıca torpaq sahəsi bölüb vermişdi. Əri qayınlarıyla köməkləşib növbəylə hər dəfə bir qardaşa ev tikmişdilər. Bol sulu Qarqar çayının sel zamanı yuxarılardan axıdıb gətirdiyi çil-çil, qara, yuvarlaq çay daşlarını yığıb arabayla, eşşəklə daşımışdılar. Tikintidə işlətdikləri qumu da elə çaydan yığmışdılar.

Əri Süleyman qardaşlarıyla məsləhətləşib yaşayış evini, mal-heyvan üçün, toyuq-cücə üçün təsərrüfat tikililərinin münasib yerlərini müəyyənləşdirdilər. Əvvəlcə evin bünövrəsi qazılanda qaynatası da gəlib xeyir-dua verdi, bərəkətli, ruzulu, oğullu-uşaqlı sağlam həyatları üçün qurandan ayələr oxudu. Sonra yavaş-yavaş ev tikilib ucalmağa başladı. Deyə-gülə, min bir arzu-muradla o da işləyənlərin yeməyini bişirdi.

Ev tikilib hazır olanda qohumlar, qonşular yığışıb "ev gördü”sünə gəldilər Geniş həyətdə böyük stollar düzüldü. Qonşu qadınlarla köməkləşib cürbəcür yeməklər bişirdilər. Şənlik, çal-çağır gecəyarıyadək uzandı. Onda... onları addımbaaddım izləyən, marığa yatıb pusquda duran təhlükəni görmədilər. " Mübarək olsun”a gələnlərə qoşulub qapılarını açmış üç-dörd erməni ailəsinin bir-birini dümsükləyərək min bir nemət düzülmüş, aşıb-daşan süfrəyə, səliqə-sahmanlı həyətə, təzəcə tikilmiş ikimərtəbəli, gözəl evə zillənən həris baxışlarını, yeni salınmış bağ-bağçaya baxıb gizlicə köks ötürdüklərini duymadılar. Başları öz xöşbəxtliklərinə qarışmışdı..

Üç qardaşın üçünün də məhləsi yanyana , kəndin ən hündür, mənzərəli bucağındaydı. Onun yeganə oğlu Mutad da bu evdə dünyaya gəldi, əmisi uşaqlarıyla birgə böyüdü...

Belə günlərin birində qaynatası molla Mustafa onlara gəldi. Muradı yanına çağırdı. Codlaşmış əliylə uşağın kürəyinə vurub " maşallah, lap böyümüsən, yekə oğlan olmusan, a bala " - dedi.

O, dərhal çay-çörək hazırladı. Qaynatasına qulluq elədi. Süleyman da əllərini yuyub süfrəyə oturdu. Səhər erkəndən bağda işləyirdi, atasının gəlməyini eşidib yuxarı eyvana qalxmışdı.

Çay-çörəkdən sonra ata- oğul ordan-burdan söhbət eləyirdilər... Söhbət arası molla Mustafa birdən qayıdıb Süleymana dedi ki, - o gün Sərkisin oğlu Samvel yanıma gəlmişdi. Soruşdum ki, ay Samvel, əsgərlikdə harda qulluq eləyirdin?. Dedi ki, bəs, yerin adını deyə bilmərəm. Dövlət sirridi, qapalı bir yeriydi... amma raket qoşunlarında qulluq eləmişəm. Bizə yeni tipli raket qurğularını öyrədirdilər. Dedim, a bala, bəs bizim Kərimin oğlu da sənnən getmişdi. Bəs o haraya düşdü, sənnən bir yerdəydimi?... Dedi, yox, onu aşbaz qoymuşdular. Yeməyimizi hazırlayırdı... Fikir verirsənmi... Sərkisin oğlu ermənidi deyə ona təzə çıxan silahları öyrədirlər. Bizim Kərimin oğlu da türkdü deyə aşbaz qoyulub.

Süleyman dinməz-söyləməz atasına baxır, onun sözünü kəsmədən dinləyir, arabir başıyla onun dediklərini təsdiq eləyirdi... - Siz cavansınız, ay oğul, ötüb-keçənlərdən, keçmişlərdən xəbəriniz yoxdu. Amma mənim gözümün qabağında elə hadisələr baş verib ki,.. nə qədər erməni müsəlman qırğınları görmüşəm... Deyəsən yenə qara günlər, qırğınlar başlayacaq... Erməni durub dincələn köpəyoğlu döyül... Əlinə fürsət düşdümü... ya da əlinə silah keçdimi... bizim milləti qırıb talayacaq. Bir yandan da urus köpəyoğlu bunları altdan-altdan qızışdıracaq... Onda vay bizim halımıza...

Sözümün canı odur ki... Muradı hərbi məktəbə göndərək. Qoy nəvəm oxuyub əfsər olsun. Bizim də hərbçilərimizin sayı çoxalsın. Dünyanın işini bilmək olmaz... Ehtiyat igidin yaraşığıdı, deyiblər...

Süleyman onda atasının dedikləriylə razılaşdı. Həm də indiyənə kimi atasının bir sözünü iki eləməmişdi. Üstəlik onu da əlavə elədi ki, uzağa getmək lazım deyil. İndi Bakıda da hərbi məktəb açılıb. Öyrənək görək sənəd-filan nə lazımdı...

Evdəki hazırlıqlar, götür-qoylar bir xeyli vaxt apardı. Murad sevincindən uçurdu. Onun şən əhval-ruhiyyəsi evdəkilərə də təsirini göstərirdi. Yeganə oğlundan ayrılacağından nə qədər kədərlənsə də, naməlum bir gələcəkdə hər şeyin yaxşı olacağına dair bəslədiyi ümidlər bu kədəri qovub aparırdı. Elə oldu ki, Muradın aramsız şənliyi əmisi uşaqlarına da təsir göstərdi. Onunla həmyaşıd olan əmisi oğlanları da küsüb cırnamağa başladılar . Həm də eltilər də ərləriylə birlikdə bu narazılığa qoşuldular ki, niyə Murad evin tək oğlu olduğu halda babası onu hərbi məktəbə göndərir, bizim maşallah, hərəmizin üş oğlumuzdan birini göndərmir?..

Molla Mustafa öz "diplomatik gedişindən” razı halda gülümsəyirdi. Gəlinlərinin içərisində ən çox onun dözümlülük göstərəcəyindən əmin idi. Ona baxıb o biri gəlinlər də uşaqlarının uzaqda təhsil almasından ah-uf etməyəcəkdilər...

Nur içində yatsın... Rəhmətlik qaynatası çox müdrik kişiydi... Tədbirli... uzaqgörən... Gör hadisələri nə qədər əvvəldən duymuşdu.

Ermənilər şərdən törəmişlər... və hər yerdə şər törədirlər.- deyirdi.

Bax, bir var qan qardaşları, bir də var din qardaşları... - deyə Molla Mustafa sonralar, Böyük Fəlakət günləri başlayana yaxın vaxtlarda, geniş eyvanda oturub Mirzə Baxışla, başdan ayağa qara, keşiş geyimində olan Şahnəzərlə söhbət eləyirdi. Yay yenicə girmişdi. Oturduqları eyvandan baxanda qarşıda uzanıb gedən geniş bağın yaşıllığı göz oxşayırdı. Hər üçü dərin düşüncələrə dalmışdı. Elə bil yayın özüylə gətirdiyi bolluqdan, bərəkətdən çox, bu bolluğun, min bir nemətin içərisində gözəgörünməz, duyulmaz, ruh kimi şəffaf olan hansısa aclığın, səfalətin qoxusunu alıb əndişələnirdilər.

Molla Mustafa aram-aram öskürüb, sanki onların bayaqdan soyumuş çaylarını dəyişən arvadının yenidən mətbəxə getməyini gözləyirmiş kimi, əvvəlkı söhbətinə qayıtdı. - Bəli, biz qan qardaşlarıyıq. Amma alvanlarla ( Molla Mustafa kənddə deyildiyi kimi, alban yox, alvan deyirdi), həm də din ayrı qardaşıq. Biz həmişə din ayrı qardaş deyəndə erməniləri yox, alvanları nəzərdə tutmuşuq.

- Doğrudur, əfəndim,- deyərək Mirzə Baxış onun sözlərini başıyla da təsdiq elədi. - Tamamilə doğru buyurursunuz. Elə olmasaydı biz gürcülərə də , romalılara da, ruslara da, eləcə də digər qonşu xristian millətlərə də din ayrı qardaş deyərdik. Halbuki, bu sözləri külli Qarabağda biz ancaq alvan qardaşlarımıza demişik. Onlarla kirvə olmuşuq, qohumliq işlətmişik.

- Erməni deyilən hay törəmələri elə birinci bizdən başladılar...- Şahnəzər də köksünü ötürüb söhbətə qoşuldu. - O zamanlar bizim hayımıza-hoyumuza yetən olmadı. Bizim müqəddəs kilsələrimizi ələ keçirmək üçün ermənilər şərləyib gah bizanslılara, gah ərəblərə, gah da elə öz qan qardaşlarımız olan müsəlmanlığı qəbul etmiş türklərə çuğulluq elədilər. Sonra da rusların əliylə axırımıza çıxdılar. Nə səsimizə səs verən, nə harayımıza çatan oldu. Albanları məhv eləyib kilsələrimizə yiyələndilər. Halbuki, xristianlığı bizim albanlar indiki ermənilərdən düz üç əsr əvvəl qəbul eləyib qədim kilsə mədəniyyəti yaratmışdıq. Bizim tariximizi də talan elədilər... Özümüzü də döndərib erməni elədilər.

- Elədir... Onlar bunu böyük və cüclü dövlətlərin əliylə həyata keçirirlər. Millətimizin xristian hissəsini məhv eləyib talan elədilər... indi isə müsəlman hissəsini yer üzündən silmək, torpaqlarımıza, qədim mədəniyyətimizə sahib çıxmaq arzusundadırlar. Mirzə Baxış, siz ziyalılar nədən bu yığılıb qalmış dərdlərimizdən yazmırsınız Başımıza gələn fəlakətlərdən, açılan oyunlardan hər kəs xəbərdar olsun gərək...

- Hər şey axı, göründüyü kimi asan deyil. Bildiklərini yaz, çap elə, hər kəs də, siz buyurduğunuz kimi, oxuyub xəbərdar olsun... Yox, məsələ bu qədər bəsit deyil... Bunun sadə bir izahını deyim... Biz hazırda rus imperiyasının, ya da indi, bu deyildiyi kimi Sovetlər İttifaqının tərkibindəyik. Ruslar

hansı əqidədə olmasından asılı olmayaraq, yəni istər imperiya olsun, istər bolşevik, istər ağlar olsun, istər qırmızılar, fərqi yoxdur, hansı rəng altında, hansı bayraq altında bizi işğal eləyiblər, bir sözlə, hamısının mahiyyəti birdir,.. bizim millətin içi ziyalılar qarışıq əlimizi-qolumuzu bərk-bərk bağlayıb ermənilərə "vur” deyirlər. Üstəlik də onları ən müasir silahlarla silahlandırıb bizi isə nişangaha qoyaraq... qurban verirlər. O ki qaldı, siz dediyiniz ziyalılara, başını qaldırıb söz deyə bilənlərimizi, millət adını dilinə gətirənlərimizi ot kimi biçiblər.... Qırılan qırılıb, Sibirlərdə, məhbəslərdə çürüyüb. Qalanı da, budur, mənim kimi künc-bucaqda... Dərdimizi özümüz deyib özümüz eşidirik...

- Hər halda bir ümid yeri olmalıdır... Allah öz bəndəsini heç vaxt darda qoymaz. Heç zaman ümidimizi itirməməliyik...

- Qədimlərdə deyildiyi kimi... deyir, "Sülh istəyirsənsə, müharibəyə hazır ol.” - keşiş Şahnəzər bu sözləri azərbaycanca dediyi kimi ,latınca da dedi.

Yazıq keşiş Şahnəzərin içində zamanları dalğalandıran tufanin acı küləyi elə bil qocalıb bürüşmüş üzünə çıxmışdı. Bu sözləri deyəndən sonra içindəki əzablardan ikiqat olub kürəyini əymişdi... Bu qədim sözlər onun yadına nələri salmışdı?.. Yaddaşında hansı minillik xatirələri oyatmışdı?...

Onun bu halını görən molla Mustafa " Bu bədbəxtin vəziyyəti bizimkindən də ağırdır. Bu illər ərzində gör nələr çəkib... İkiqat, üçqat boyunduruq altında... qalmışdılar. Yazıq kirvə.”- deyə için-için köksünü ötürdü.

(Davamı gələn sayımızda)