Kişi bələdçilər qapılarda qalıb

Onlar dəmiryolu idarəsi ilə çörək davası aparırlar




Son vaxtlar bələdçilərinin qadınlarla əvəzlənməsi kişi bələdçilərin işsiz qalması ilə nəticələnib. Bu haqda bir neçə dəfə mətbuatda yazılar dərc olunsa da, "Azərdəmiryol” ASC tərəfindən açıqlamalar verilsə də, məsələ tam həllini tapa bilmir.

İşdən çıxarılan kişi qatar bələdçiləri son çarəni məhkəməyə üz tutmaqda görüblər. Bunu işsiz qalmış kişi bələdçilər söyləyiblər: "Bizim haqqımızı yeyiblər. Buna da bizim etirazımız normaldır. Bizim alın-tərimizlə qazandığımız pulları, öz ciblərinə qoymağı yaxşı bacarırlar. Amma tələblərimizi yerinə yetirmək istəmirlər. Biz aylardır ki, onlarla mübarizə aparırıq. Bundan sonra da mübarizə aparmağa davam edəcəyik. Artıq məhkəməyə müraciət etmişik. Bir həftə ərzində proses başlayacaq”.

Onlar məhkəməyə müraciət etdikdən sonra təzyiq və hədə-qorxulara məruz qaldıqlarını bildiriblər: "Bizə qarşı edilən bu qanunsuz hərəkətlərə görə, ölkənin bir çox dövlət orqanlarına müraciət etmişik. Heç birindən cavab gəlmədi. Hamısı boyun qaçırdı. Şikayət məktublarımızı şikayətçi olduğumuz Elyar Muradova göndərdilər. Gördük ki, heç bir xeyri yoxdur. Amma bundan sonra problem daha da çoxaldı. Bizə qarşı təzyiqlər etməyə başladılar. Bəzi bələdçiləri xırda bəhanələrlə işdən çıxardılar. Digərlərini otaqlarına çağırıb hədə-qorxu gəlməyə başladılar. Amma onlar bilsinlər ki, bu hərəkətlərin heç bir xeyri yoxdur. Biz yolumuzdan dönən deyilik. Haqlıyıq və haqqımızı alacağıq”.

Şikayətçilər adıçəkilən müəssisənin rəhbərliyi tərəfindən heç bir qanuna əməl edilmədiyini qeyd edirlər: "Bir neçə gün öncə mühasibatlığa getdim ki, maaşımı alım. Bizdə maaşdan əlavə ödəmələr də var. Onlardan biri də 10 manat məbləğində hesablanan çörəkpuludur. Ay ərzində hər səfər üçün çörəkpulu ayrılmalıdır. O pulu mənə mühasibatlıqdan vermədilər. Dedilər ki, Elyar Muradovun və Hikmət Məmmədovun tapşırığı var”.

Məlumat üçün bildirək ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin etirazları yanvar ayının 11-dən davam edir. Onların etirazına səbəb MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsi, onlara verilməli olan pulların mənimsənilməsi və maaşlarının azaldılmasıdır.

"Azərdəmiryol” ASC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov "Şərq”ə həmin bələdçilərin bundan öncə də məhkəməyə üz tutduqlarını söyləyib: "Lakin sonradan müraciətlərini geri götürüblər. Bununla artıq ikinci dəfədir məhkəməyə müraciət edib”.

Qurum rəsmisi həmçinin onların işdən çıxarılmadığını qeyd edib: "Sadəcə məlum olduğu kimi, kişi bələdçilər qadınlarla əvəz olunur”.

Şikayətdə adı hallanan "Azərdəmiryol” ASC-nin "Sərnişindaşımaları Departamenti”nin rəisi Elyar Muradov isə qəzetimizə açıqlamasında deyilənləri şər-böhtan adlandırıb: "Danışdıqları boş şeydir, gündə bir şey fikirləşirlər”.

Departament rəisinin fikrincə, onlar məhkəməyə verməkdə haqsızdırlar: "Ancaq məhkəməyə vermək onların vətəndaş hüququdur. İlk dəfə məhkəməyə verdikləri zaman sübut edə bilmədilər, ona görə iddianı geri götürdülər. "Azərdəmiryol” rəhbərliyinin əmrinə uyğun olaraq nə ödəmələr var, hamısı verilir. 2011-ci ildən Nazirlər Kabinetinin qərarına əsasən səyyar ödəmə elə həmin ildən də əmrə uyğun olaraq işçilərə ödənişlər edilir”.

E.Muradov onu da əlavə etdi ki, onlara heç bir təzyiq olunmur: "O, sərnişinə xidmət etməyə gedir, yoxsa özü üçün içməklə məşğul olur? Dəmiryolu hərəkəti ilə bağlı işdə alkoqol qəbul edənlər əmək məcəlləsinə uyğun olaraq dərhal işdən uzaqlaşdırılır. Buna uyğun da tədbirlər görülüb”.

İşdən çıxarılanların hüquqlarını müdafiə edən Aslan İsmayılov da bizə danışarkən birinci məhkəmə zamanı müraciətlərin geri götürülməsi faktını təsdiq edib: "Həmin bələdçilər təzyiq, təhdid əsasında ilk məhkəmə ərizələrini geri götürüblər. Lakin onların hüquqları pozulub. Biz də bunu məhkəmə qaydasında bərpa edəcəyik. Məhkəmənin tarixi isə hələ məlum deyil”.

Vüqar Şahinoğlu