“Çoban söhbəti...”

Fikrət Qoca birliyin cənub bölməsindən gələn ittihamlara belə cavab verib




Azərbaycan Yazıçılar Birliyində (AYB) qurultay yaxınlaşdıqca, etirazlar da artır. Qurumun cənub bölgəsində qurultay nümayəndələrinin seçilməsi birlik üzvləri tərəfindən böyük narazılıqla qarşılanıb. AYB üzvü, şair Bilal Alarlının bildirdiyinə görə, birlik üzvləri AYB-ni boykot ediblər.

Buna səbəb nümayəndələrin seçimlə deyil, üzvlərin adından birliyin regional sədri İltifat Saleh tərəfindən təyin edilməsidir: "Qurultaya nümayəndələr Birlik üzvləri tərəfindən seçilmədi. Bölmə sədri İ.Saleh tərəfindən təyin olundu. Bölgənin Lerik rayonundan nümayəndə "təyin etmək” isə "ağsaqqal” tərəfindən sadəcə yaddan çıxdı. Ən rüsvayçı hal isə budur ki, yığıncaqda bölgədə yaşayan yüzə yaxın AYB üzvündən cəmi 15 nəfər iştirak edirdi. Onlar da ədalətsiz seçimə etiraz olaraq yığıncağı vaxtından qabaq tərk etdilər”.

Xatırladaq ki, bir neçə gün öncə Sumqayıt bölməsində də qurultay nümayəndələrinin seçimlə yox, təyinatla öncədən müəyyənləşdirilməsi etiraz və mübahisə doğurub.

Qeyd edək ki, AYB-nin qurultayı iyun ayının 17-də Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

AYB-nin cənub bölməsi barədə iddialara münasibət bildirən Xalq şairi, AYB katibi Fikrət Qoca "Şərq”ə söylənilənlərin əsassız olduğunu deyib: "Yerlərdə konfrans təşkil edirik. Bölmə rəhbərləri və Bakıdan olan nümayəndələrin iştirakı ilə 10 nəfərdən biri səsvermə yolu ilə seçilir. Prosedura belədir. Qurultayın qanunları var. Səsvermə var. Namizədlər səsə qoyulur. Çox səs qazanan keçir. Bu qanundu. Qanuna zidd heç bir addım atılmır. Bölmələrdə qurultay nümayənədləri təyin olunur demək, çoban söhbətidir. Sivil dünya üçün gərəksiz, məntiqsiz yanaşmadır”.

Ayyət Əhməd