Nazir müavini həyat yoldaşı ilə birlikdə ağır qəzaya düşdü

Firdovski Əliyevlə və həyat yoldaşı Arifə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar




 Mayın 10-na keçən gecə Heydər Əliyev prospektində iki nəfərin ölümü və 3 nəfərin yaralanması ilə nəticələnən ağır qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
 "VAZ 2107"-nin yolun əks hərəkət zolağına çıxması və yüksək sürətlə hərəkət edərək "Lexus"a çırpılması ilə baş verən qəzada yaralananların, daha doğrusu "Lexus"da olanların kimlikləri bəlli olub.
Lent.az bu şəxslərdən birinin ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev, digərinin isə onun həyat yoldaşı Arifə Əliyeva olduğunu müəyyən edib. Musavat.com onu da dəqiqləşdirib ki, Firdovsi Əliyev 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.


Hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqını aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibov bildirib ki, qəzadan sonra nazir müavini və həyat yoldaşı Bakıdakı özəl klinikalardan birinə yerləşdiriliblər. Hadisəni törədən "VAZ 2107"nin sürücüsü Tural Rəhimov isə 3 saylı şəhər xəstəxanasında müalicə olunur. Qeyd edək ki, T.Rəhimovun sərnişini olan iki gənc oğlan isə hadisə yerindəcə keçinib.

ANS TV-nin məlumatına görə Tural Rəhimovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Hava limanı şossesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt Jiquli qarşıdan gələn və 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi "Lexus” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də "Lexus”un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar. Jiquli dünyasını dəyişən şəxslərin meyidini çıxarmaq üçün əraziyə FHN-nin xilasediciləri cəlb olunub.

VAZ-2107-nin sürücüsünün yaxınlarının sözlərinə görə, Tural Rəhimov yol polisi əməkdaşlarının təqibindən qaçmağa çalışırmış. Metronun "Koroğlu” stansiyasının qarşısında Yol Patrul Xidmətinə məxsus avtomobil Heydər Əliyev prospektini bağlayaraq, Rəhimovun avtomobilinin qarşısını kəsib. Tural Rəhimov isə geriyə dönüş edərək, əks istiqamətdə hərəkət edib və nəticədə toqquşma qaçılmaz olub.

Yol qəzasının təfərrüatlarını Nizami Rayon Polis İdarəsinin istintaqçıları araşdırır. İdarənin müstəntiqi Nicat Naibov öz açıqlamasında qeyd edib ki, VAZ-2107 markalı avtomaşının YPX əməkdaşları tərəfindən təqib edilməsi ilə bağlı iddiaların araşdırıldığını bildirdi.