Gənclərin problemini öyrənmək üçün sosioloji sorğular keçiriləcək

“Prezident Aparatının məsələyə münasibəti göstərir ki, artıq idarəetmə məsələlərində elmi təminat yaratmaq üçün müvafiq addımlar atılmaqdadır”
“Mən bunu təqdirəlayiq hesab edirəm və bütün dünyada qəbul edilmiş bir metod olduğunu demək istəyirəm”




Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev deyib ki, bu il ərzində paytaxt və regionlarda yaşayan gənclərin çətinliklərini aşkar edib onların həlli yollarını tapmaq üçün sorğu keçiriləcək. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, ölkəmizdə də gənclərin həllini istədiyi problemlər var. Y.Məmmədəliyev hesab edir ki, Azərbaycan gəncliyi istənilən problemi özü həll etmək iqtidarındadır:
"Dövlət bunun üçün münbit şərait yaratmalıdır, bütün fəaliyyətimiz buna istiqamətlənib. İstənilən problemin effektiv həlli bu problemi düzgün müəyyən etməkdən, yəni diaqnostikadan asılıdır: "Buna görə də əvvəlcə hansı problemlərin mövcud olduğunu öyrənmək qərarına gəldik. Bu işə peşəkarları cəlb etmişik. 2018-ci ildə paytaxt və regionlarda yaşayan 16-29 yaşlı gənclər arasında sorğu, o cümlədən onlayn sorğu keçirib təhsil, asudə vaxt, sosial həyat, səhiyyə, idman, hərbi vətənpərvərlik, mədəniyyət və incəsənət, məşğulluq sahələrindəki çətinlikləri aşkar edib həlli yollarını tapmağı planlaşdırırıq”. 

Ekspertlərin fikrincə, toplumun, xüsusən cəmiyyətin dinamikasını təşkil edən gənc təbəqənin problemlərini öyrənməyin ən yaxşı yolu onlarla birbaşa ünsiyyətdə olmaq, problemləri öz ağızlarından dinləməkdir. Bəzən şəhər və kəndlərdə müvafiq icra nümayəndələri, məmurlar gənclərin problemlərini ört-basdır edir, yuxarılara düzgün məlumat ötürmürlər. Birbaşa sosioloji araşdırmalar belə halların aradan qaldırılması üçün də faydalıdır.

Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən sosioloq-alim, professor Əhməd Qəşəmoğlu bu metodun uzun zamandır vurğuladığı və gözlədiyi bir addım olduğunu deyib. Professorun sözlərinə görə, indiki vaxtda sosioloji araşdırmalar aparmadan hansısa sahədə idarəetməni təşkil etmək mümkün deyil: 

"Dünyada olduğu kimi bizim ölkəmizdə də cəmiyyət gündən-günə mürəkkəbləşir. Mürəkkəbləşən cəmiyyətdə də hər hansı idarəetmə mexanizmini qurmaq, yeni qərarlar qəbul etmək üçün əvvəlcə idarəolunan obyekt əhatəli və dərindən öyrənilməlidir. Sosiologiya elmi də məhz buna xidmət edir. Belə məqamlarda bu elmin imkanlarından istifadə etməmək doğru deyil. Sosioloji sorğular təşkil etmək və problemi ortaya çıxarmaq məsələyə yeni bir baxışdır”.

Ə.Qəşəmoğlu vurğulayıb ki, əslinə qalsa, yerli icra nümayəndələrindən bölgə və insanlar haqqında alınan məlumatların özü də sosioloji araşdırmanın bir hissəsidir: 

"Çoxları elə zənn edir ki, sosioloji sorğular sadəcə anket keçirməklə olur. Sosioloji araşdırmanın bir çox metodları var. Yerli icra hakimiyyətlərindən alınan məlumatlar da sosioloji təhlil kimi dəyərləndirilə bilər. 

Amma Yusif Məmmədəliyevin dediyi məsələ hadisələrə elmi baxımdan yanaşmaqdır. Burada məqsəd yerli strukturlardan gələn xəbərlərin təhlil edilməsi, müşahidə metodlarının sərgilənməsi, həmçinin ekspert və ya anket sorğularının keçirilməsi ola bilər. 

Bu məsələlər biri-birinə zidd deyil. Əsas məqam alınan məlumatların nə cür istifadə olunmasıdır. Prezident Aparatının məsələyə münasibəti göstərir ki, artıq idarəetmə məsələlərində elmi təminat yaratmaq üçün müvafiq addımlar atılmaqdadır. Bu addımların atılması üçün isə sosioloji araşdırmalara ehtiyac var. Mən bunu təqdirəlayiq hesab edirəm və bütün dünyada qəbul edilmiş bir metod olduğunu demək istəyirəm”.

İsmayıl