“Marş”ın tutduğu istiqamət əsl məktəbdir”

Rahib Qərib: “Hərbdən yazan jurnalist ordu ilə müntəzəm əlaqədə olmalıdır”





"ANS” telekanalında neçə illərdir yayımlanan "Marş” verilişi bu gün hərbi sahəmizlə bağlı ən yaxşı proqramlardan biri kimi tanınır. Azərbaycan hərbiçilərinin durumu, döyüş vəzifələrini necə icra etməsi, hərbi hissələrdə milli vətənpərvərlik ruhunun hansı formada aşılandığı haqqında dolğun informasiyalar ictimaiyyətə demək olar ki, bu veriliş vasitəsilə çatdırılır. "Marş”ın strukturu, qarşıya qoyduğu məqsədlər, missiyalar və əldə etdiyi nailiyyətlərlə bağlı "Şərq”ə danışan proqramın aparıcısı, ehtiyatda olan mayor Rahib Qərib bildirib ki, "Marş” verilişi ölkədə ilk yaranan hərbi verilişlərdən biridir. Çox ciddi və hərbi qayda-qanunlara uyğunlaşdırılmış bir verilişdir. Hərblə bağlı verilişlər müxtəlif telekanallarda əvvəllər də olub, elə bəzi kanallarda indi də var. Amma "Marş” peşəkarlığı ilə hər zaman fərqlənib. Mənim aləmimdə "Marş” hərbi mövzuda olduğu kimi, həm də hərbi struktura uyğunlaşdırılmalıdır. Düşünürəm ki, hərbi veriliş ciddi olmalıdır, söhbətlər dəqiq olmalıdır, hər şey planlı və yerli-yerində olmalıdır.

- Proqramın məqsədi nədir?

- Proqramın məqsədi ilk növbədə gənclərin hərbi-vətənpərvərlik ruhunda təbiyə olunması, hərbi xidmət keçmə haqqında məlumatlandırılmasıdır. Biz bu prosesi şüarla yox, rubrikalarımızın köməyi ilə həyata keçiririk. Hansı ki, rubrikalarımızın da hər birinin öz məqsədi, öz istiqaməti var.

Bu gün digər telekanallarda da hərbi verilişlər var. Bəs, "Marş”ı onlardan fərqləndirən nədir?

- Azərbaycan teleməkanında ilk hərbi proqram "And” proqramı olub. Paralel olaraq ANS TV-nin yeni yaranan günlərində Milli Qəhrəman Çingiz Mustafayev bu yönümdə fəaliyyət göstərirdi. Bu gün "Marş” verilişinin ideya müəlliflərindən tutmuş aparıcısına qədər hər kəs Qarabağ müharibəsinin iştirakçısı olub. Bu baxımdan "Marş” təbii ki, daha peşəkardır.

Günlərimiz səngərlərdə keçib, çətin şəraitdə olsa belə əsgərlərimizlə gecələməli olmuşuq. Bu gün bir sıra hərbi jurnalistlər qərargahlara gedib geri qayıdırlar. Nə zaman yağışdan, qardan qorxmadan mənimlə birbaşa səngərə getsələr, onda onları özümə rəqib hesab edəcəm.

- Cəmiyyətdə hərbi-vətənpərvərlik ruhunun artırılması istiqamətində efirə gedən verilişlərdən birinin aparıcısı olaraq, ordu ilə cəmiyyət arasındakı münasibətləri necə dəyərləndirirsiniz?

- Azərbaycanda ordu ilə cəmiyyət arasında çox gözəl münasibət formalaşıb. Ordu ilə cəmiyyət arasında şəffaflıq, qarşılıqlı əlaqə olduğu qədər də pərdə olmalıdır. Bu pərdə isə hərbi sirrin yayılmamasına, üzərində məxfilik möhürü daşıyan informasiyaların açıqlanmamasına xidmət etməlidir. Bu proses bütün ölkələrdə eyni cür tənzimlənir. NATO tədbirlərini, müxtəlif ölkələrin ordu quruculuğunu izləmək imkanlarım olduğu üçün deyə bilərəm ki, ordu ilə cəmiyyət arasındakı məxfilik pərdəsi hər ölkədə var. Biz nə cəbhəxanamızı, nə səngərlərimizi, nə də ki, mövqelərimizi açıq şəkildə sərgi edə bilərik. Ordu ilə cəmiyyət əlaqəsi hərbin qaydalarına uyğun şəkildə qurulmalıdır. Bu mənada mən hərbi jurnalistikamızdan çox narazıyam. Adi bir generalın, polkovnikin, zabitin üzünü görməyən, tərcümeyi- halını bilməyən jurnalist onun haqqında münasibət bildirir. Bu düzgün yanaşma deyil. Həmin jurnalist ilk növbədə həmin general, polkovnik və zabitin keçdiyi döyüş yolunu araşdırsın, sonra onun haqqında rəy bildirsin. Ordu ilə bağlı yazılan yazıların əksəriyyəti savadsızdır və orduya, cəmiyyətə yararlı olmayan məlumatların ictimailəşməsinə xidmət edir. Hesab edirəm ki, ordu ilə cəmiyyət arasındakı münasibətlərin düzgün istiqamətləndirilməsində ANS televiziyasının və "Marş” verilişinin rolu çox böyükdür. Hətta bizim verilişdən kifayət qədər tanınmış jurnalistlərin yararlandığını gördükdə, sevinirik. Bu da bizim uğurumuzdur. Deməli, Azərbaycanda hərbi jurnalistikanın formalaşmasında artıq "Marş” öz töhfəsini verir. Yuxarıda da qeyd etdiyim kimi bizim komandanın bütün üzvləri hərbi sahə ilə bağlı kifayət qədər məlumatlıdır.

- Hesab edirsiz ki, Azərbaycanda hərbi jurnalistika ilə bağlı ixtisaslaşma olmalıdır?

- Əlbəttə, bu sahədə axsamalar həddindən artıq çoxdur. Vaxtı ilə Bakı Dövlət Universitetində hərbi jurnalistika ilə bağlı ixtisaslaşma olmadığı üçün bu gün bu sahədə yazan jurnalistlər arasında ciddi kadr çatışmazlığı var. Hətta kadr ümumiyyətlə yoxdur desəm, daha çox yerinə düşər. Hərbi jurnalistika ilə bağlı məlumat almaq üçün kimə müraciət edə bilərsiniz? Mən belə bir adam tanımıram. Üzeyir Cəfərov vaxtı ilə "Azərbaycan xalq ordusu” qəzetinin redaktoru olub və ixtisasca da hərbi jurnalistdir. Amma onun hərbi jurnalistikası artıq fonda qalıb. O, 1992-93-cü ildən sonra faktiki olaraq, jurnalistlik fəaliyyətinə ara verib və orduda məsul vəzifə tutan zabit olub. Bu gün media ondan ekspert kimi istifadə edir. Amma ekspertdən rəy alan jurnalistin özü də analitik təhlil aparmağı bacarmalıdır axı! Ordu ilə bağlı iki-üç dənə sensasion məlumat yaymaq hələ hərbi jurnalist olmaq deyil. Əslində, hərbi şouya çevirməyin, ordu ilə bağlı sensasion məlumatlar yaymağın tam əleyhinəyəm. Bu bir növ evin qaravulçusu ilə bağlı məlumatları qonşuya ötürmək kimi absurd bir məsələdir. Ordunun cəmiyyətlə əlaqəsini təşkil etmək başqa şeydir. Ordunun nüfuzuna zərbə vura biləcək xəbərlər yazmaq isə tamam başqa şeydir.

- Müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan telekanallarında hərbi vətənpərvərlik mövzularında hazırlanan verilişlər çox azdır. Səhv etmirəmsə, ANS-in "Marş” və bir də AzTV-də bazar günləri yayımlanan verilişlərdən başqa elə bir ciddi hərbi proqrama efir məkanında rast gəlmək mümkün deyil...

- Televiziya ancaq görünən tərəfdir. Elektron medianın, qəzetlərin içərisində nə qədəri hərbi sahədən yazır ki? Razıyam ki, ümumilikdə KİV sahəsində hərblə bağlı çox az məlumatlar yayımlanır. Bu da yuxarıda qeyd etdiyim kimi, kadr çatışmazlığı ilə bağlıdır. Professional hərbdən yazan nə qədər jurnalist var ki? Mən yalnız APA-da çalışan Rəşad Süleymanovun adını çəkə bilərəm, vəssalam. Özümüzü tərifləmək istəmirəm. Sadəcə nümunə olaraq, göstərirəm ki, hərbdən yazan jurnalist ordu ilə müntəzəm əlaqədə olmalıdır. Naxçıvanda 4 günlük ezamiyyətdə olduq. Həmin 4 günü anbaan, saatbasaat ordu ilə bir yerdə keçirmişik. Bütün çətinliklərə rəğmən ordu ilə ünsiyyətdə olduq ki, cəmiyyətə durumu olduğu kimi yansıda bilək. Hesab edirəm ki, hərbi jurnalistika sahəsi ilə bağlı "ANS”-in fonunda "Marş”ın tutduğu istiqamət əsl məktəbdir. Yeri gələndə həqiqətləri çılpaqlığı ilə verməyi də bacarırıq. Təbii ki, hərbi nizamnaməyə uyğun olaraq. Bu gün hərbi mütəxəssislərdə bizim veriliş yüksək rəy formalaşdırıbsa, deməli, bu bizim uğurumuzdur. Bizə olan müraciətlərdən, sosial şəbəkələrdəki statuslardan da bizə olan münasibəti görmək mümkündür. Sevindiricidir ki, hərbi rəhbərliyin etimadını qazana bilmişik. Bu gün müxtəlif tədbirlərlə bağlı bizə dəvətlər gəlirsə, deməli, çox şeyə nail olmuşuq.

Şəymən