Fransa prezidenti İvonna nənə ilə görüşdü: 23 İLLİK SİRR AÇILDI



 

"Mənə konsulluqdan zəng elədilər ki, bəs prezident gəlir, səninlə də görüşmək istəyir. Dedim nə olar? Vaxtını dedilər, gəlmişəm. Televizorda çox görmüşəm, yaxşı adama oxşayır...”

İvonna Botto-Şirməmmədova yadınızdadırmı? 67 il bundan əvvəl İmişlinin Murğuzalı kəndindən olan sovet partizanı Şəmməd Şirməmmədova aşiq olub onunla evlənən, Liondan düz İmişliyə gəlin köçən İvonna nənəni deyirəm. Lent.az-ın tapdığı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) köməkliyi ilə 64 ildən sonra öz vətəninə gedən, doğmalarına qovuşan İvonna nənə dünən Bakıda səfərdə olan Fransa prezidenti Fransua Olandla görüşdü.
***
Əslində, görüş Fransada yaşayan, burda fəaliyyət göstərən Fransa iş adamları ilə görüş çərçivəsində idi. Amma mübaliğəsiz demək olar ki, görüşün qəhrəmanı 86 yaşlı İvonna nənə oldu.
Bakı otellərinin birində baş tutan görüşdən öncə İvonna nənəni bir məqam xüsusi ilə narahat edirdi:
- Mən onun nə dediyini başa düşəcəm. Amma söz soruşsa, qalacam belə.
TEAS-ın nümayəndəsi Eliza Pieter isə onu sakitləşdirməyə çalışırdı:
- Sən danışa bilirsən, sadəcə nədənsə qorxursan. Çəkinmə, sözləri necə ifadə edə bilirsən, eləcə də danış. Mən də yanında olacam, bir şey olsa kömək edəcəm.
Amma sonradan, görüş başlayan kimi Fransanın milli himni çalınanda, İvonna nənənin ayağa qalxıb "Marselyoza”nı oxuması… bax, buna baxmağa dəyərdi!
Maraqlısı odur ki, görüş bitəndən sonra özü də etiraf edəcəkdi ki, sonuncu dəfə "Marselyoza”nı Fransada oxuyub. Qızlar monastırında təhsil alarkən…
Görüş demişkən, tədbir başlayan kimi İvonna nənənin illər boyu hamıdan gizli saxladığı bir sirri məlum oldu. Sən demə, hələ 23 il əvvəl İmişlinin Murğuzalı kəndindən kimə kimə, Fransanın o vaxtkı prezidenti Fransua Mitterana məktub yazıbmış. Azərbaycana səfər öncəsi Fransa tərəfi İvonnanın bu məktubunu arxivdən tapıb çıxarıb.
Cənab Oland da "Marselyoza”dan sonra bu məktubla başladı söhbətə. Məlum oldu ki, 1991-ci ildə Mitterana yazdığı məktubda İvonna Iirməmmədova 1947-ci ildən Azərbaycanda yaşadığını, az qala yarım əsr ərzində öz yaxınlarından düz-əməlli xəbər tutmadığını, tarixi vətəninə gedib heç olmasa əzizlərinin qəbrini ziyarət etmək üçün ona şərait yaratmağı xahiş edirmiş. İllər boyu gözləsə də Mitterandan ona cavab gəlmir. Həm Miiteranın, həm də öz yerinə Oland cavab verdi:
- Bu gün madam Botto bizə şərəf verib, bura gəlib. Xahiş edirəm, hamınız onu alqışlayasınız. (Alqışlar) Madam Botto, haqqınızda eşitmişəm. Hətta onu da bilirəm ki, keçmiş prezident Mitteran ünvanladığınız məktubda nədənsə onun adını "Veteran” kimi qeyd etmisiz. (Zada gülüş) Amma bu məktub yenə də cənab Mitterana gəlib çıxmışdı. Gec də olsa, 2011-ci ildə tarixi vətəninizə gəlib çıxdınız. O vaxt bütün Fransa mətbuatı sizdən yazırdı, sanki Fransaya bir ulduz gəlib. Siz doğrudan da ulduzsunuz. Siz Azərbaycan və Fransa münasibətlərində rol oynadınız.
Mən sizin məhəbbətinizin yolunda nələrdən keçdiyinizi, Fransanı tərk edib Azərbaycana gəldiyinizi, burda hətta 7 uşağınızın olduğunu (Gülür, alqışlar) danışmaq istəmirəm. Dünyanın hər hansı yerində bir fransız varsa, o bizimdir, Fransanındır. Biz onları heç vaxt darda, köməksiz qoymarıq. Çünki o, bizim vətəndaşımızdır.
Təşəkkür edirəm, madam Botto. Siz bizə Azərbaycan və Fransa arasında dostluq münasibətlərinin necə də möhkəm olmasına bir əminlik yaratdız (alqışlar).
Nə vaxt istəsəz, gəlin. Siz bizim qonağımız deyilsiniz, öz evinizə, vətəninizə gəlirsiz.
- Fransaya gələndə gəlim yanına? Məni buraxarlar yanına?
Oland və qonaqlar yenə güldülər. Prezident ardıyca da "bax, birdən gələrsiz, məni görməmiş gedərsiz, bu yaxşı olmaz” deyə zarafat edib, İvonanın yanına gəlir.
Təsəvvür edin, dünyanı idarə edən 5 ölkənin birinin prezidenti və İmişlidən – hə məhz oralı, İvonna çoxdan özünü azərbaycanlı sayır, nəinki fransız - əyalətdən gəlmiş qoca bir qarı, illərdi görüşməyən həsrətlilər kimi bir-birinə sarılırlar.
***
Olandı müşayiət edən fransalı jurnalistlərin kamera və fotoaparatları isə bir anı belə buraxmaq istəmirdilər.
Prezidentlə İvonnanın görüşünün təsirindən qonaqlar belə çıxa bilmirdilər. Alqışlar ara vermirdi. Hə, Fransa prezidenti əməlli məlumatlyımış. Sən demə, İvonna Azərbaycanda yaşayan ən yaşlı fransız imiş həm də.
Fransa prezidentinə əvvəlcədən İvonnanın bu illər ərzində necə yaşamasından, onun Fransaya əzizlərinin yanına gedib çıxması barədə məlumat verilmişdi deyə əlavə suallar olmadı. Elə İvonna nənə də dövlətdən razılıq elədi, onun üçün yeni ev tikildiyini, istər Azərbaycan, istərsə də Fransa dövləti tərəfindən pensiya aldığın, bir sözlə dolanışığının yaxşı olduğunu bildirdi.
Bundan sonra Fransa prezidenti pozitiv əhval-ruhiyyədə tribunaya qalxıb, görüşü davam etdirdi.
Biz isə görüşdən sonra İvonna nənəylə söhbətləşdik. Ən əziz adamını tapmış kimi yerə-göyə sığmırdı:
- Yaxşı adama oxşayır. Qucaqladım öpdüm, 4 dəfə.
- Niyə 4 dəfə? (Gülürəm)
- Nə bilim, bir də nə vaxt görəcəm.
- Heç ağlına gələrdimi Fransa perzidentiylə görüşərsən?
- Yox, hardan? Konsul zəng elədi, (Fransanın Azərbaycandakı konsulunu nəzərdə tutur) dedi gəlin, biz də gəldik. Heç inanmırdım ki... Mənə dedi ki, gəl yenə də, gəz. Dedim Allah qoysa. Dedim sağ olsun hökumət mənə ev tikib. Dolanıram. Başqa nə deyəcəkdim ki?
Amma ora getsəm, görüşəcəm onunla. Vaxtı olar yəqin. Marsel də (əmisiqızı – S.M.) ayın 29-da Azərbaycana gəlir. Qoy gəlsin, getsin, mən də gedəcəm. Gedim bir də görüm. Prezident Parisdə oturur, Lionda oturmur ki. Gedəndə onu görərəm, sonra gedərəm La Fayetə. (La Fayet Fransanın cənubunda yerləşir, İvonna nənənin anadan olduğu, böyüdüyü kənddir - S.M). Allah qismət eləsə.
- Yəqin yenə kənddə toy bayram olar. Fransa prezidentiylə görüşmüsən axı!
- Hə. (Gülür)
Gecə yarıdan keçib. İvonna nənəni oğlu Fərahimlə birgə otelə ötürürük. Ayrılanda deyir ki, prezident burdan Ermənistana gedəcək?
- Hə...
- Bilsəydim, deyərdim getmə…