Lavrov: Ukrayna ilə danışıqlar nəzərdə tutulmayıb





Ukrayna ilə bağlı yeni görüşlər planlaşdırılmayıb, Ukraynada böhranın tənzimlənməsilə bağlı danışıqlar "perspektivsizdir", Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Kiyev rejimi opponentlərinin bu dialoq formatına qatılmayacağı təqdirdə "heç nə alınmayacaq".
Rusiya XİN-i iddia edir ki, Ukraynada "radikallar dinc vətəndaşlara qarşı ordudan və ağır silahlardan istifadə edərək referendumunu pozmağa çalışıblar".
Lavrov Kremlin adından Donetsk və Luqanskda əhalinin iradəsini bildirməsinə Moskvanın "hörmətlə yanaşıdığını" vurğulayıb.
Bundan əlavə, nazir Rusiya KİV-lərinin Ukraynada baş verən hadisələrin işıqlandırılmasına yüksək qiymət verib.

Putin nəticələri gözləyir

Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görıə, Vladimir Putin Donetsk və Luqansk vilayətlərinin statusuna dair referendumların nəticələrini gözləyir.
"Yalnız nəticələr elan ediləndən sonra Vladimir Putin öz münasibətuini bildirəcək”, prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Kiyev və Qərb həmin referendumları qanunsuz sayır və nəticələrinin tanınmayacağı barədə əvvəlcədən xəbərdarlıq edib.
Peskovun təbirincə, prezidentin qərarının necə olacağını proqnozlaşdırmaq "çətindir”.
"Kommersant” qəzetinə müsahibəsində Peskov xatırladıb ki, Putin Ukraynada "federallaşma tərəfdarlarından” referendumun təxirə salınmasını xahiş etməmişdi, bunu yalnız "məsləhət görmüşdü".
Putinin mətbuat katibi Qərbi Kiyev tərəfindən Ukraynanın şərqində əhaliyə qarşı zirehli texnikadan istifadə edilməsinin qarşısını almamaqda və Rusiyaya qərəzli münasibət göstərməkdə ittiham edib.