Prezidentlər çıxış etdilər

Fransua Olland: “Azərbaycanın bu cür inkişafı region, eləcə də dünya üçün nümunədir”
İlham Əliyev: “Heç bir dövlət Azərbaycanın daxili və xarici siyasətinə təsir edə bilməz”


"Azərbaycanla Fransa arasında əlaqələr geniş şəkildə inkişaf edir. Bu gün Fransa ilə Azərbaycan arasında ticarət mübadiləsi də yüksək səviyyədədir. Fransa Azərbaycanın 7-ci tərəfdaş ölkəsidir. Azərbaycan böyük uğurlar əldə edib. Ölkə həm nəqliyyat, tikinti, həm də enerji sektoruna investisiyalar cəlb edə bilib”.

Bunu Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı Fransa prezidenti Fransua Olland deyib. O, Azərbaycanın bu cür inkişafının region, eləcə də dünya üçün nümunə olduğunu qeyd edib.

Fransa prezidenti bildirib ki, həm Azərbaycan, həm də Fransa öz iqtisadiyyatını şaxələndirməlidir: "Biz Azərbaycana mülki nüvə sektoru, nəqliyyat, tikinti, kənd təsərrüfatı, kosmik sahədə, şəhərsalma və tullantıların idarə edilməsində, rəqəmsal texnologiyada köməklik göstərməyə hazırıq. Bakı ilə digər şəhərlərin texnoloji inkişafına yardım etmək üçün sizin sərəncamınızdayıq”.

Fransua Olland ölkəsinin prioritetlərindən danışarkən əsas istiqamətlərindən birinin uzunmüddətli əməkdaşlıq olduğunu qeyd edib. Bu sahədə xüsusi olaraq Azərbaycan kimi gənc və inkişaf edən ölkələrə maraq olduğunu söyləyib.

"Azərbaycanla Fransanın əlaqələri çoxşaxəlidir. Əlaqələrimizin bundan sonra da inkişafı üçün əməkdaşlığımız davam edəcək. Bizim hər bir sahə üçün konkret prioritet proqramlarımız var, sənədlər imzalanacaq. Bunlar da bizə imkan verir ki, əlaqələrimiz çoxşaxəli istiqamətində inkişaf etsin”.

Bunu isə prezident İlham Əliyev Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün imzalanan sənədlər bizim əməkdaşlığımızın müxtəlif sahələrinin inkişafına xidmət edəcək: "Bu, həm ikitərəfli əlaqələrimiz üçün yeni imkanlar yaradır, həm də regional əməkdaşlıq üçün yeni üfüqlər açır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. İqtisadi sahəyə gəldikdə, Azərbaycan Cənubi Qafqazda Fransanın əsas ticarət tərəfdaşıdır. Bizim ticarət dövriyyəmiz 2 milyard dollara yaxınlaşır”.

Dövlət başçısı Azərbaycanın gələcək hədəflərindən də danışıb: "Növbəti illərdə bizim əsas prioritet istiqamətlərimiz qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Bizim digər hədəfimiz nəqliyyat sektorunun təkmilləşdirilməsi ilə bağlıdır. Fransanın bu sahədə çox gözəl təcrübəsi var. İnformasiya və telekommunikasiya da prioritet sahələrdən biridir, bu sahədə də əməkdaşlıq edirik və edəcəyik. Həmçinin kosmik sahədə də əməkdaşlığımız davam etdiriləcək. Bundan başqa, turizm, kənd təsərrüfatı, xüsusilə üzümçülüyün yenidən dirçəlməsi gündəlikdə duran məsələdir və burada Fransadan yaxşı tərəfdaş tapmaq düzgün olmazdı”.

Prezident İlham Əliyev enerji sektorunda da Fransa ilə əməkdaşlığın vacibliyindən söz açıb: "Bir sözlə, biz Fransa şirkətlərini Azərbaycanda daha böyük həcmdə işlər görməyə dəvət edirik”.

Prezidenti İlham Əliyevin və Fransa prezidenti Fransua Ollandın iştirakı ilə baş tutan Azərbaycan-Fransa biznes forumunun sonunda iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib.

Fransa prezidenti Fransua Olland və Azərbaycan prezidenti İlham Əliyev Ukrayna böhranının Azərbaycanın Avropa Birliyinə yaxınlaşmasına təsiri ilə bağlı sualı cavablandırıblar.

F. Olland Bakıya səfərinin heç bir ölkəyə qarşı yönəlmədiyini bildirib.

O, hər bir ölkənin öz mövqeyini azad şəkildə bəyan etməsini istədiyini vurğulayıb: "Biz Azərbaycanın hər hansı ölkə ilə əməkdaşlığına qarşı deyilik. Bəzi qıcıq doğuran məsələlər var, Dağlıq Qarabağ münaqişəsi də bu sıradadır. Gürcüstanda da belə problemlər var”.

Prezident İlham Əliyev isə Azərbaycanla Avropa Birliyi arasında gözəl dialoqun olduğunu bildirib: "Avropa Birliyi ilə siyasi-iqtisadi əlaqələrimiz var. Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı irəli sürdüyü layihələr Avropa Birliyi tərəfindən dəstəklənir. Daxili və xarici siyasətlə bağlı addımlarımıza heç bir kənar dövlət təsir edə bilməz. Azərbaycan müstəqil siyasət yürüdür. Biz siyasi və iqtisadi islahatlar aparırıq”.