Ollandın Bakı səfəri...

Fransa prezidentinin Qafqaz turnesinə Azərbaycandan başlaması müsbət amildir




Fransa prezidenti Fransua Olland Güney Qafqaz turnesi çərçivəsində ötən gün Bakıda olub. Qeyd edək ki, Fransa prezidentinin Cənubi Qafqaz səfərinə Bakıdan başlaması ciddi jest kimi təqdim olunur. Bunun üçün də Ollandın Bakı səfərinin bir sıra görüşlər ilə yadda qalacağı gözlənilir.

Fransa prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfərini yüksək qiymətləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, regiona səfərin birbaşa Bakıdan başlaması Ollandın Azərbaycana olan müsbət münasibətinin göstəricisidir. E.Şahinoğlu həmçinin Ollandın Azərbaycan səfərinin Fransanın sabiq prezidenti Sarkozinin 3 il öncəki səfərindən keyfiyyətcə fərqləndiyini də bildirib: "Birinci ondan başlayaq ki, Fransa prezidenti Fransua Olland Cənubi Qafqaza rəsmi turnesi çərçivəsində ilk olaraq Azərbaycana gəlib. Halbuki, Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2011-ci ildə Cənubi Qafqaza səfəri çərçivəsində ilk olaraq İrəvana getmişdi. Sarkozinin 3 il öncə Bakıya səfəri narazılıqlarla da yadda qalmışdı. Çünki Nikola Sarkozi Ermənistanda tam bir gün qalsa da, Bakıya gəlişindən cəmi iki-üç saat sonra Tiflisə yollanmışdı. Bu dəfə isə səfərin Bakıdan başlaması müsbət jest kimi qiymətləndirilə bilər. Əslində burada bir qədər qanunauyğunluq da var. Fransanın Cənubi Qafqaz ölkələri içərisində iqtisadi zəmində ən sıx münasibətləri olan ölkə Azərbaycandır. İqtisadi münasibətləri nəzərə alsaq, Ollandın səfərinin Bakıdan başlaması məntiqlidir”.

Fransa prezidentinin Bakıda hansı mövzuların müzakirəsinə üstünlük verəcəyinə gəldikdə isə Elxan Şahinoğlu bildirib ki, əsas mövzular enerji və iqtisadi əməkdaşlıq, humanitar işbirliyi, Dağlıq Qarabağ münaqişəsi, insan haqları və Azərbaycan-Avropa Birliyi münasibətləri olacaq: "Sözsüz, enerji və iqtisadi əməkdaşlığın genişlənməsi. Azərbaycanla Fransa arasında iqtisadi əlaqələr təxminən 5 ildir ki, dinamik inkişaf edir. Azərbaycan prezidenti İlham Əliyev Avropa ölkələri içərisində ən çox Fransa ilə sıx iqtisadi münasibətlərin qurulmasına çalışır. Sarkozinin Bakıya səfərindən bir il sonra 2012-ci ildə Parisə gedən İlham Əliyev iki ölkə arasındakı qarşılıqlı ticarət həcminin 5 milyard dollara yaxınlaşdığını vurğulamışdı. İlham Əliyev Azərbaycanın enerji resurslarından asılılığını azaltmaq üçün iqtisadiyyatın digər sahələrinin inkişafını sürətləndirməyə çalışır. Bu məqsədlə Əliyev Fransa şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiya qoymalarına çalışır. Azərbaycan prezidenti Fransa şirkətlərini Azərbaycanda həm də podratçı kimi görmək istəyir”.

Mərkəz rəhbərinin qənaətincə, prezidentlərin müzakirə mövzuları içərisində Dağlıq Qarabağ mövzusu da olacaq. Bununla belə, politoloq elə bir yenilik gözləmədiyini qeyd edib: "Fransua Olland ATƏT-in Minsk Qrupu həmsədr ölkəsinin prezidenti kimi Bakıda və Yerevanda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqqında danışacaq. Ancaq Ollandın münaqişənin həllində yeni nəsə təklif edəcəyini gözləmək çətindir. Yenilik o olar ki, Olland Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü Parisdə keçirməyi təklif etsin. Bu, müəyyən qədər bizim də maraqlarımıza cavab verir. Çünki Ukraynada baş verənlər qanlı olayların fonunda Dağlıq Qarabağ danışıqlarını Rusiyanın inhisarından qurtarmaq lazımdır. Əlbəttə, bu o demək deyil ki, danışıqlar

ABŞ və ya Fransa ərazilərinə keçirilərsə, bu danışıqları uğura aparacaq. Hər halda, Vaşinqton və Paris Rusiyanın Cənubi Qafqazda hansı dağıdıcı rola malik olduğunu anlayır və bunun qarşısını almağın yolları haqqında düşünür. Bu amilin özü belə bizim xeyrimizədir”. Bakıdan sonra İrəvana gedən Fransa prezidentinin Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyi əsas mövzu predmetinə gəldikdə isə E.Şahinoğlu qeyd edib: "Fransa ABŞ kimi Ermənistanın Rusiyanın əlində oyuncaq dövlətə çevrilməsindən narahatdır. Ermənistan Rusiyanın quberniyasına çevrilib, Moskvadan nə əmr gəlsə, İrəvan onu yerinə yetirir. İrəvan Avropa Birliyi ilə assosiativ sazişi imzalamaqdan son anda imtina etdi. Ona görə də, Olland Ermənistan hakimiyyətinin Avropa Birliyi ilə hansı səviyyədə əməkdaşlıq qurmaq istəyini müəyyənləşdirməyə çalışacaq. Fransa prezidenti hətta İrəvanı mədəni surətdə xəbərdar edə bilər ki, İrəvan əvvəlkitək Moskvanın əlində alət olsa və Avropadan uzaqlaşsa, iqtisadi zəmində Ermənistanı çətinliklər gözləyəcək. Məsələ burasındadır ki, Ermənistan Rusiyadan siyasi və hərbi zəmində asılı olsa da, kreditlərin böyük əksəriyyətini Qərbin maliyyə qurumlarından alır. Demək, Olland İrəvana xatırlada bilər ki, İrəvan Qərbin maraqlarını Rusiyanın maraqlarına qurban verməməlidir”.

Ollandın müxalifət liderləri ilə görüşünə toxunan politoloq bunun normal olduğunu deyib: "Demokratik dövlət olduğunu iddia edən Azərbaycanda rəsmi qonaqların istənilən şəxslə görüşmək imkanları olmalıdır. Siyasi partiyaların rəhbərləri, vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlər olmalıdır. Önəmli olan Azərbaycan və Fransa dövlətləri arasındakı münasibətlərin inkişafıdır ki, məncə, Azərbaycanda Fransa ilə Azərbaycan əlaqələrinin inkişafına müxalif adam tapılmaz”.

Şəymən