Atəşkəsin ömrü bitib

“Bu saziş 20 il üçün nəzərdə tutulmamışdı”




Ermənistan silahlı qüvvələri işğal altındakı Qarabağ torpaqlarında təxribatlar törətməkdə davam edir. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. Qeyd edək ki, Qarabağ müharibəsinin dayandırılması üçün Azərbaycanla Ermənistan arasında imzalanmış atəşkəs sazişinin 20 illiyidir. Atəşkəs sazişinin bağlandığı gün də cəbhədə atəşkəs pozulursa, onda bu sazişin nə əhəmiyyəti var?

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev isə hesab edir ki, atəşkəs rejiminin ömrü çoxdan bitib: "Cəbhədə vəziyyətin gərginləşməsi artıq adi hala çevrilib. Onsuz da ki, hər gün atəşkəs pozulur, tərəflər təmas xəttində üz-üzə döyüşür. Erməni tərəfi Azərbaycanın mövqelərini atəşə tutur. Cəbhədə bundan da gərgin atışmalar olub. Bu baxımdan düşünmürəm ki, atəşkəs rejimi öncəsi sabitlik bilərəkdən pozulsun. Erməni əsgərləri müntəzəm olaraq, atəş açmaqla orda olduqlarını göstərmək istəyirlər. Azərbaycanın Silahlı Qüvvələri də cavab atəşi olaraq, onlara burda olduqlarını göstərir”.

Artıq atəşkəs sazişinin özündə heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayan politoloqun sözlərinə görə, atəşkəs sazişi heç də 20 il üçün nəzərdə tutulmamışdı: "1994-cü ildə bir aylıq atəşkəs imzalandı və erməni tərəfin işğal etdiyi ərazilərdən çıxmasına dair razılıq əldə olundu. Sonradan sazişin müddətini 1 ay daha uzatdılar. Sonradan da atəşkəs hər iki tərəfə sərf etdiyi üçün müddət uzana-uzana getdi”.

Şəymən