Yalançı referendum...

Dövlət obyektlərində seçki keçirməyə icazə verilmədiyi üçün səsvermələr çadırlarda keçirilib



Ukraynanın cənub-şərq vilayətlərində hakimiyyəti ələ keçirən separatçı qüvvələr tərəfindən keçirilən "referendum”un nəticələri açıqlanıb. Qondarma "Donetsk Xalq Respublikası”nın qurumlarından verilən məlumata görə, referendumda "respublika” əhalisinin böyük hissəsi iştirak edib. Seçicilərin 90 faizi "respublika”nın müstəqilliyinə səs verib. Analoji "referendum” Luqansk vilayətində də keçirilib.

Qondarma respublikanın separatçı rəhbərliyinin açıqlamasına görə, səsvermədə iştirak edənlərin 81 faizi müstəqilliyin tanınmasına səs verib. Rusiya prezidenti Vladimir Putin isə "referendum”la bağlı mövqeyini açıqlamayıb. V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, nəticələr rəsmi açıqlandıqdan sonra prezident məsələyə münasibət bildirəcək. Qeyd edək ki, artıq "Luqansk Xalq Respublikası” müstəqilliyin tanınması ilə bağlı Birləşmiş Millətlər Təşkilatına müraciət etmək qərarına gəlib.

Politoloq Qabil Hüseynlinin fikrincə, Rusiyanın referendum adı altında keçirdiyi işğal Ukraynanın içərilərinə doğru getməyəcək. Çünki referendum oyunu sadəcə ruslar yaşayan bölgələrdə baş tuta bilər: "Yalançı referendumlar birbaşa Rusiyanın Xüsusi Xidmət Orqanları tərəfindən hazırlanıb. Amma çox bərbad halda hazırlanıb. Çünki dövlət obyektlərində seçki keçirməyə icazə verilmədiyi üçün səsvermələr çadırlarda keçirilib. Axı yüzminlərlə insan çadırda necə səs verə bilər? Elə buna görə də, Ukraynanın mərkəzi hakimiyyəti qeyri-qanuni keçirilən referendumlara ciddi reaksiya vermədi. Çünki rəsmi Kiyev bilir ki, beynəlxalq aləm qondarma respublikaları tanımayacaq. Sayları yalnız bir neçə min nəfər olan adam xalqların və bölgənin müqəddəratını həll edə bilməz”.

Politoloqun sözlərinə görə, referendumlar Ukraynanı parçalamaq və zəiflətmək üçün Rusiyanın yeni planıdır. Amma Moskva başa düşmür ki, getdikcə gərginləşən proseslər Kremlin xeyrinə deyil: "Ukraynanı bataqlığa çevirməyə çalışan Putin həmin bataqlığa özünün düşəcəyini hesablamır. Çox güman ki, referendumdan sonra bu ərazilər Rusiyaya birləşmək haqqında qərar qəbul edəcəklər. Bu qərarlara istinad edən rəsmi Moskva əlinə düşən bəhanəni dəyərləndirərək işğal prosesinə start verəcək. Deyəcəklər ki, "xalq tələb etdi, biz də gəldik”. Amma Ukrayna ordusu yenidən qurulur və ABŞ, NATO hərtərəfli Kiyevə yardımlar edir. Şübhə yoxdur ki, bundan sonra da yardım edəcək. Artıq Ukrayna ordusu ruslara müqavimət göstərəcək səviyyəyə çatdırılıb. ABŞ Ukraynada partizan müharibəsi aparacaq qüvvələr yetişdirir. Əgər ruslar Ukraynada heç bir müqavimətə rast gəlməyəcəklərini düşünürlərsə, çox yanılırlar. Çünki Ukraynanın Şərq rayonlarında bir-iki yeri çıxmaq şərti ilə ruslara müqavimət güclüdür. Rusiya ordusu Ukraynada Əfqanıstanda yaşadıqlarının 5 qatını görəcək. Nəticədə Rusiyada çox ciddi siyasi depressiya dövrü başlayacaq və xalq Putini hakimiyyətdə görmək istəməyəcək”.

İsmayıl