Həmsədrlər müharibənin alovlanmasından narahatdır

Ancaq ümidlənməyə dəyməz, işğalçı Ermənistanın mövqeyində hələ ki, heç bir dəyişiklik yoxdur




ATƏT-in Minsk Qrupu Azərbaycanla Ermənistan arasında imzalanmış və tarixə "Bişkek protokolu” adı ilə düşmüş atəşkəs sazişinin 20 illiyi ilə bağlı bəyanat verib. ATƏT-in rəsmi saytına istinadən xəbər verilir ki, bəyanatda atəşkəs sazişinin aktiv hərbi əməliyyatları dayandırmaqda böyük rol oynadığı və bunun sülh danışıqları üçün zəmin yaratdığı vurğulanır.

"Atəşkəs nəticəsində yeni nəsil Azərbaycan və Ermənistan gəncliyi müharibənin dəhşətlərini yaşamadan böyüdü. Bu təcrübə ilə gələcək nəsilləri qorumaq üçün mümkün olan hər şeyi etmək lazımdır”.

Bəyanatda o da qeyd olunur ki, atəşkəs sazişi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmədi. Minsk Qrupu etiraf edir ki, atəşkəs sazişindən sonra işğal edilmiş torpaqların boşaldılması və Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün edilən cəhdlər uğursuz nəticələnib.

"Lakin Minsk Qrupu bütün görüşlərdə sülh prosesində irəliləyiş əldə etmək istiqamətində mühüm qərarlar qəbul etmək üçün səylərini davam etdirib. Biz BMT nizamnaməsi və Helsinki Yekun Aktı ilə ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək çərçivəsində konfliktin həllini istəyirik. Biz tərəfləri xoş niyyətli danışıqlara çağırırıq. Azərbaycan və erməni xalqı arasında inam və qarşılıqlı anlaşma olmadan, bu, mümkün olmayacaq. Biz azərbaycanlılar və ermənilərin sülh və təhlükəsizlik şəraitində birgə yaşamaları üçün kömək etməyə hazırıq”, - deyə bəyanatda bildirilir.

Sözügedən bəyanatı dəyərləndirən Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirli isə bildirib ki, artıq öz fəaliyyətsizliyinin fərqinə varan həmsədrlər Dağlıq Qarabağda müharibə ocağının yenidən alovlanma ehtimalından narahat olduqları üçün son zamanlar fəallaşıblar. İlk növbədə, 20 illik atəşkəs rejiminə toxunan politoloq qeyd edib ki, saziş hər an öz təsir gücünü itirə bilər: "Həmsədrlərin də bəyanatından bəlli olduğu kimi bu gün atəşkəs rejiminin düz 20 ili tamam olur. Ötən bu 20 ilə qiymət versək, belə bir nəticəyə gəlmək olar ki, atəşkəs rejiminin Azərbaycan üçün müsbət nəticələri kifayət qədərdir. Məhz atəşkəsdən sonra ölkəmiz daha da güclənməyə başladı və regionda stabil inkişaf edən bir dövlətə, daha da önəmlisi bölgənin lider dövlətinə çevrildi. Azərbaycan iqtisadiyyatı gündən-günə artan sürətlə inkişaf elədi və dünyada ən sürətli inkişaf statusuna yüksəldi. Hər şeydən əvvəl isə Azərbaycanın çox güclü ordusu formalaşıb. Təsadüfi deyil ki, 4 milyarda yaxın olan hərbi büdcəmiz bütünlükdə Ermənistanın dövlət büdcəsindən 2 dəfə artıqdır. Onu deyə bilərəm ki, sözün həqiqi mənasında Azərbaycan bu 20 illik atəşkəs rejimindən maksimum dərəcədə faydalana bilib. Həmçinin ölkəmiz beynəlxalq aləmdə də ən önəmli tərəfdaşa çevrilib. Azərbaycanın səsi BMT Təhlükəsizlik Şurasından gəldi. Bütün bunlar heç də az nailiyyət deyil”.

Politoloqun sözlərinə görə, Azərbaycanın müvəffəq olduğu nailiyyətlərdə atəşkəs rejiminin özünəməxsus rolu olmasına rəğmən hesab etmək olmaz ki, bu rejim davamlı olaraq, qorunub saxlanılmalıdır: "Atəşkəs rejimi müvəqqəti xarakter kəsb edən bir məsələdir. Təbii ki, Azərbaycan tərəfi hər zaman Dağlıq Qarabağ probleminin dinc yolla həllində maraqlı olub. Amma hökumət onun da fərqindədir ki, dinc yolla münaqişəni tənzimləmə tədbirləri nəticə verməyəcəksə, atəşkəs rejimindən imtina oluna bilər və problem hərbi müstəvidə həll oluna bilər”.

ATƏT həmsədrlərinin 20 illik fəaliyyətinin nəticəsiz olduğuna toxunan politoloqun sözlərinə görə, həmsədrlərin öyündükləri yeganə fəaliyyət Dağlıq Qarabağ probleminin real müharibəyə çevrilməməsidir. Guya ki, ATƏT-in Minsk Qrupu olmasa idi, Qarabağ hərbi əməliyyatlar meydanına çevrilərdi. Sanki Minsk Qrupunun missiyası Dağlıq Qarabağ münaqişəsini həll etmək deyil, sadəcə, bu münaqişənin real savaşa çevrilməsinin qarşısını almaqdır. Bu yanaşma isə kökündən səhvdir.

Politoloq hesab edir ki, artıq 20 ildən sonra düşünməyə dəyər ki, atəşkəs rejimi son dərəcə kövrəkdir və istənilən halda Qarabağda hadisələr fərqli müstəvidə inkişaf edə bilər. Son zamanlar Minsk Qrupunun fəallaşması da məhz bu səbəblə bağlıdır. Belə ki, artıq həmsədrlər də atəşkəs rejimi ətrafındakı həlqənin son dərəcə daraldığının fərqindədir: "Artıq ATƏT-in Minsk Qrupunda həmsədr olaraq təmsil olunan Rusiya və Fransa arasındakı münasibətlər də Ukrayna böhranı, xüsusən də Krımın ilhaqından sonra xeyli gərginləşib. Aydın məsələdir ki, həmsədrlər arasındakı münasibətlər danışıqlar prosesinə də mənfi təsir göstərir. Odur ki, indiki halda həmsədrlərin fəallaşması, Fransa

prezidentinin bölgəyə səfəri göstərir ki, həqiqətən də Dağlıq Qarabağ probleminin həlli istiqamətində bir dinamizm özünü göstərməyə başlayıb. Amma hələ ki, ümidlənməyə dəyməz. Çünki işğalçı Ermənistanın mövqeyində hələ ki, heç bir dəyişiklik yoxdur. Hətta düşmən tərəfin addımları problemin həllinə deyil, münaqişənin daha da alovlanmasına xidmət edir. Hətta Ermənistan rəhbərliyinin son bəyanatlarında aydın şəkildə ifadə olunub ki, qondarma Dağlıq Qarabağ respublikası danışıqlarda tərəf kimi iştirak etməlidir. Yəni münaqişənin həlli ilə bağlı danışıqlar 3 tərəfli, Azərbaycan, Ermənistan və "Dağlıq Qarabağ” respublikaları arasında baş tutmalıdır. Bu cür yanaşma ilə isə həmsədrlər heç nəyə nail ola bilməyəcəklər”.

Şəymən