“Georgi lenti”nin bizə heç bir dəxli yoxdur

Fazil Mustafa: “Bu yalnız keçmişlə bağlı xatirələrdir”
Sərdar Cəlaloğlu: “Bu hadisələr Rusiyanın genişlənməsinə yox, əksinə, dağılmasına səbəb olacaq”





Bakının Nərimanov rayonunda 9 may Qələbə Günü münasibəti ilə keçirilən tədbirdə döşlərinə rus imperiyasının rəmzi olan "Georgi lenti” bağlayan uşaqlara və gənclərə rast gəlinib. Bu vəziyyət ictimaiyyətin narazılığına səbəb olsa da, tədbirdə iştirak edən müharibə veteranları sözügedən lentlərin taxılmasında bir qəbahət görmədiklərini deyiblər.

Veteran Səfər Qurbanovun sözlərinə görə, bu lent faşizm üzərində qələbənin rəmzidir: "Biz 9 may Qələbə Gününün əvvəlki ildönümlərində də həmin rəmzdən istifadə etmişik. İndi nə olub ki, bunu problem edirlər?”. Məlumat üçün bildirək ki, "Georgi lenti”nin tarixi 18-ci əsrə gedib çıxır. 1769-cu ildə təsis olunan bu lent "Müqəddəs Georgi” ordeninə bərkidilirmiş. Lentin sarı və qara rənglərdən ibarət olması təklifini isə şahzadə Yekaterina özü verib. Qara barıtın, sarı isə alovun rəmzidir. Sovet dövründə ləğv edilən bu lent 1943-cü ildə Stalinin əmriylə müxtəlif sovet medallarına taxılması üçün bərpa edilib. Lentin 9 may Qələbə Günü ilə əlaqələndirilməsinin isə bircə səbəbi var. "Almaniya üzərində qələbəyə görə” medalını alan 15 milyon sovet əsgəri də həmin lentdən istifadə edib. Bu kütləvilik ordenin 9 mayla əlaqəsinə səbəb olub. Bir məqamı da vurğulayaq ki, "Georgi ordeni” və lentinə Azərbaycanın çar Rusiyası tərəfindən işğalında böyük rol oynamış Sisianov və Yermolov kimi generallar layiq görülüb.

Millət vəkili, Fazil Mustafa Azərbaycanda SSRİ aurasını, sovet fonunu yaratmağa meyilli adamların olduğunu vurğulasa da, bu amilləri müstəqillik üçün ciddi təhlükə hesab etmir: "Ukrayna hadisələrindən sonra bu proseslər gözlənilən idi. Amma bunun effektiv olacağını, Azərbaycan cəmiyyətinə, ümumi ictimai rəyə təsir edəcəyini düşünmürəm. Çünki sözügedən proseslər çox bayağı təbliğat formasıdır. Ola bilsin, kimlərsə sadəcə maraq üçün SSRİ-yə aid atributlardan istifadə edirlər. Ancaq bu o demək deyil ki, həmin şəxslər dövlətin müstəqilliyini istəmirlər və SSRİ-ni təbliğ edirlər. Avropanın bir çox ölkələrində sovet hökumətinə, kommunistlərə xas olan beşguşəli ulduzlar, hərbi formalar, elementlər satılır. Məsələn, Çexiyada, Macarıstanda bunları şəxsən görmüşəm. Amma bu cür hallar həmin ölkələrdə hansısa narahatlıq yaratmır. Bu, keçmişlə bağlı xatirələrdir. Sadəcə belə atributlardan istifadə edənlərə tövsiyə etmək lazımdır ki, bu cür hərəkətlər etməsinlər”.

ADP sədri Sərdar Cəlaloğlu isə bu cür elementləri Azərbaycanın suverenliyinə təhdid kimi görür: "2005-ci ildə "Yedinaya Rossiya”, "Molodaya Qvardiya” kimi təşkilatlar meydana çıxdı və Putin rus faşizmini körükləməyə başladı. İndi guya 2-ci Dünya müharibəsi veteranlarının xatirəsi unudulmasın deyə, "Georgi lenti”nin yenidən paylanmasına start verilib. Amma rus ictimaiyyətinin özü də bunun əleyhinə çıxır. Çünki hamı başa düşür ki, bu, Rusiyanın imperiya siyasətinin simvoludur. Görün, bu gün Ukraynada həmin simvoldan kimlər istifadə edir? Anti-meydan hərəkatının nümayəndələri və Şərqi Ukraynada vuruşan ruspərəst separatistlər. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bu qüvvələr elə düşünür ki, rus imperiyası bərpa olunacaq. Buna görə də, "fürsəti” dəyərləndirib ayağa qalxıblar. Lakin bir şeyi bilmək lazımdır ki, bu hadisələr Rusiyanın genişlənməsinə yox, əksinə, dağılmasına səbəb olacaq. Biz bir xalq olaraq çalışıb öz simamızı qorumalıyıq”.

İsmayıl