“Biz erməni QHT-sinin arxasına düşüb hay-küy yaratdıq”

Zəlimxan Məmmədli: “Soydaşlarımız Gürcüstanda gedən islahatlardan geri qalırlar. Nə qədər ki, görüntü xətrinə işlər görəcəyik, bu cür hadisələrin önünü kəsə bilməyəcəyik”



Ermənilər Tiflisdə Şuşanın işğalına həsr olunmuş geniş konsert proqramı keçiriblər. Konsert ermənilərin kompakt yaşadığı Avlabari rayonunda baş tutub. Tədbirə üzərində Qondarma Dağlıq Qarabağın bayraqları əks olunan xüsusi geyimlərdə məktəblilər də qatılıb. Bir qrup azərbaycanlı və gürcüstanlı tələbələr isə Gürcüstan Xarici İşlər Nazirliyinin qarşısına toplaşaraq ermənilərin Tiflisdə Şuşanın işğalını bayram kimi qeyd etməsinə qarşı etiraz aksiyası keçiriblər.

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyir ki, ermənilərin kiçik tədbiri işini bilməyən bəzi azərbaycanlıların lazımsız səyi nəticəsində böyük bir kampaniyaya çevrildi: "Bir qrup erməni qapalı və balaca salonda tədbir keçirmək istəyirdilər. Amma bəzi azərbaycanlıların düşünülməmiş etirazından sonra kiçik tədbir açıq havada keçirilən daha təntənəli bir konsertə çevrildi. Çox təəssüf ki, buna biz səbəb olduq. Yəni erməniləri onlardan daha artıq formada biz təbliğ etdik. Ermənilərin tədbiri qapalı zalda olsaydı, səs-səmiri çıxmazdı. Ancaq biz erməni QHT-sinin arxasına düşüb hay-küy yaratdıq. Artıq bütün region həmin konsertdən danışır”. Z.Məmmədlinin sözlərinə görə, Gürcüstandakı Azərbaycan cəmiyyəti xırda məsələlərin ardına düşmək əvəzinə sistemli şəkildə layihələr həyata keçirərək Cənubi Qafqazdakı bütün dövlətlər və millətlərə ermənilərin həqiqi simasını tanıtmalıdır: "Gürcüstan cəmiyyəti kifayət qədər demokratikdir. Bu demokratiyadan soydaşlarımız maksimum faydalanmalıdır. Azərbaycanlılar daha çox siyasi proseslərə qoşulmalı, partiyalarda təmsil olunmalıdırlar. Çünki demokratik ölkələrdə siyasi qüvvələr daha təsirli gücə malik olurlar. Amma soydaşlarımız Gürcüstanda gedən islahatlardan geri qalırlar. Nə qədər ki, görüntü xətrinə işlər görəcəyik, bu cür hadisələrin önünü kəsə bilməyəcəyik”.

İsmayıl