Azərbaycançılığın əlifbası vətənpərvərlikdir

Aydın Mirzəzadə: “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub”
Zahid Oruc: “Milli vətənpərvərlik prinsipi körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipinə çevrilməlidir”


Azərbaycançılıq ideologiyasının mühüm əsaslarından biri vətənpərvərlik tərbiyəsidir. İdeya daşıyıcısı olan vətənpərvərlik duyğusu dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Xüsusən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması milli təhlükəsizlik baxımından olduqca əhəmiyyətlidir. Vətənpərvərlik ən bəsit anlamda öz vətənini sevmək və onu qorumaq deməkdir. Bu baxımdan Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz qaldığı işğala son qoyulması bütün vətəndaşlarımızın, eyni zamanda dünya azərbaycanlılarının ortaq məsələsi və ortaq hədəfi kimi milli ideologiyamızın təməl müddəalarından hesab olunur. Vətənpərvərlik hissi insanı öz dövləti ilə sıx bağlayır. Bu duyğu hər bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir. Vətəndaşlıq fərdin öz dövlətinə münasibətini təcəssüm etdirirsə, vətənpərvərlik insanın öz ailəsinə, Vətəninə, torpağına hərtərəfli bağlılığının göstəricisi sayılır. Eyni zamanda bu ideya dövlət müstəqilliyinin sütununu təşkil edir.

Düzdür, qloballaşan dünyada vətənpərvərlikdən daha çox vətəndaşlıq, loyallıq və tolerantlığa üstünlük verirlər. Hətta bir çox hallarda vətənpərvərliyi kor-koranə bir ideologiyaya qulluq etmək, məhdud maraqlar naminə həyatından keçmək kimi göstərirlər. Ancaq azərbaycançılıq kontekstindəki vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Bu vətənpərvərlik loyallığı və tolerantlığı inkar etmir. Sadəcə, hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyini özündə ehtiva edir. Vətənçilik hissi və əxlaqi mənəvi fenomen kimi azərbaycanlıların məskunlaşdığı məkanda yaranır və inkişaf edir. Fəlsəfə elmləri doktoru, professor Qoşqar Əliyev yazır ki, insanların öz doğma diyarına bağlılığı və adət-ənənələrinə dərin ehtiramı müstəqil Azərbaycan vətəndaşlarının yeni mental keyfiyyətlərinə çevrilir. Professorun fikrincə, Vətən amalı və azərbaycançılıq ideologiyası vətənpərvərlik anlayışı ilə əlaqəlidir. Onun sözlərinə görə, vətənpərvərlik bir-biri ilə vəhdətdə olan üç komponentdən ibarətdir:

"1.Vətənpərvər münasibət.

2.Vətənpərvərlik şüuru.

3. Vətənpərvərlik fəaliyyəti.

Vətənpərvər münasibət insanın ölkəsinin faydası üçün lazım olan fəaliyyəti həyata keçirmək niyyəti, həmçinin, ölkəsinin maddi-mənəvi sərvətlərinə daxili pozitiv münasibətidir. Vətənpərvərlik şüuru isə bu obyekt ilə vətənpərvərin qarşılıqlı təsirinin bütün növlərinin mənəvi tənzimləyicisidir. Onun şüurunun daxili determinantıdır. Vətənpərvərlik fəaliyyəti isə vətənpərvərliyin real hiss olunan və görünən tərəfləridir”.

AMEA-nın müxbir üzvü, professor Sədrəddin Xəlilov dərk olunmuş vətənpərvərliyi milli ruhun əsası hesab edir və milli ideologiyaya söykənməyən vətənpərvərliyi faydasız hesab edir: "Vahid konsepsiyaya əsaslanmayan kortəbii fəaliyyətlər sevgidən və millətçilik hissindən doğsa da, son nəticədə ziyan gətirir”. Professorun fikrincə, vətənpərvərlik problemi özlüyündə bir akademizm tələb edir. Yəni öyrənilməsini, elmi-nəzəri təhlilini və şərhinin verilməsini zəruri edir. Çünki hazırda müstəqillik şəraitində başa düşülən vətənpərvərlik SSRİ vaxtındakı vətənpərvərlikdən köklü surətdə fərqlidir: "O zaman vətənpərvərlik deyəndə, SSRİ-nin vətəndaşı üçün vətənpərvərlik nəzərdə tutulurdu. İndi isə Azərbaycan Respublikası üçün, onun maddi və mənəvi sərvətləri keşiyində dayanmalı olan insanların vətənpərvərliyindən söhbət gedir. Bu məsələ hazırda mənəvi borc olmaqla yanaşı, həm də sırf ideoloji-siyasi bir problem kimi qarşıya çıxır. Çünki o, azərbaycançılıq milli ideyasının tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyev milli vətənpərvərlik haqqında müdrik sözlər deyib. Dahi liderin fikrincə, milli vətənpərvərlik prinsipi körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipinə çevrilməlidir. H.Əliyev vətənpərvərliyi xalqın və dövlətin taleyinin tərkib hissəsi hesab edirdi. Ona görə də, vətənpərvərliyə və dövlətçiliyə əsaslanan azərbaycançılığı qurdu və əməli surətdə həyata keçirdi. Ümummilli lider deyirdi ki, milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, insanlar milli mənafelərini öz şəxsi həyatlarından üstün tutsunlar. Vətənpərvərlik vətənə məhəbbət və əcdadların ənənələrinə hörmət deməkdir. Vətənpərvərlik şüuru özündə keyfiyyətcə yeni cəhətləri daşıyan fenomendir. Onun məzmununda coğrafi, sosial və mədəni mühitlə bərabər dövlət quruluşunu, idarəetmə formalarını və demokratiyanı özündə ehtiva edən siyasi mühit anlayışı var. Məhz bu keyfiyyətlər sayəsində vətənpərvərlik mənəvi fenomen kimi çıxış edir və Vətənin müdafiəsi kimi anlayışın məzmununu müəyyənləşdirir”.

Müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Doğrudur, dövlətçilik və vətəndaşlıq sadəcə orta məktəb dərsliklərində və ya hansısa əyani vəsaitlərdə əks olunmalı deyil. Bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlərdə şagirdlər və tələbələr Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə etməlidir. Çünki mütəmadi alınan bu biliklər əqidəyə çevrilərək gənclərdə vətənpərvərlik hisslərini daha da artırır. Xüsusən də, vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətləri haqqında şagirdlərə verilən məlumatlar güclü təsir qüvvəsinə malikdir.

Millət vəkili Aydın Mirzəzadə deyir ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır: "Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub”.

Millət vəkili Zahid Oruc vətənpərvərlik hissindən danışarkən deyib ki, gəncliyin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri də hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır: "Hamıya bəllidir ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri öndə olublar. Zaman keçdikcə, gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənib. Bildiyimiz kimi, bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq etməlidir. Dövlətin həyata keçirdiyi gənclər siyasəti var. Bu siyasət gənclərin öz bilik və bacarıqlarını, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən tədbirlər sistemidir. Çünki gənclərin vətənpərvər ruhda tərbiyənlənməsi ölkəmizin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir. Vətənpərvərlik duyğusu Azərbaycanın qlobal rəqabətə davamlılığının və milli təhlükəsizliyinin vacib şərtlərindəndir”.

Əməkdar müəllim Almaz Həsrət düşünür ki, orta məktəblərdə uşaqlara vətənpərvərlik duyğusunu aşılamaq üçün fənn seçimi edilməməlidir: "Hər fənnin öz funksiyası, öz vəzifəsi var. Düşünürəm ki, fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir. O, çalışmalıdır ki, həmin şəxsiyyət də vətəninə, millətinə layiq bir tərzdə yetişsin. Biz hər fürsətdə şagirdlərimizə vətənpərvərlik hissini aşılamalıyıq. Uşaqlara Qarabağımızı tanıtmalıyıq. Bu torpağın başına gətirilən faciələri öyrətməliyik. Mən biologiya müəllimi kimi əlimdən gəldiyi qədər dərs dediyim uşaqları milli ruhda hazırlamağa çalışıram. Dərs zamanı proqrama uyğun olaraq, hər hansı bir bitki haqqında məlumat verərkən, ilk növbədə Azərbaycanın əraziləri, bölgələri haqqında danışıram. Onlara bu bitkinin ölkənin hansı ərazisində bitməsi ilə bağlı məlumatlar verirəm. Eyni zamanda həmin bitkinin ölkəmiz üçün strateji əhəmiyyətindən söz açıram. Və onlara həmin bitki haqqında, onun vətəni haqqında geniş məlumat toplamaq tapşırığını verirəm. Onlar da bunu edir və nəticədə də bölgələrimizi tanıyırlar. Bu da bir növ şagirdlərdə vətənə olan sevgi hissini, milli ruhu oyadır. Çünki bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar. Və onu qorumağı özünə borc hesab edər”. A.Həsrətin sözlərinə görə, öz növbəsində digər fənn müəllimləri də proqramlarına uyğun olaraq, gündəlik dərslərlə yanaşı, şagirdlərinə mümkün qədər vətənpərvərliyi təbliğ etməlidir: "Çünki bu müqəddəs duyğu insanlarda uşaqlıqdan formalaşmalıdır. Körpə yaşlardan onların beyinlərinə və qəlblərinə həkk olunmalıdır. 20-30 yaşından sonra kiməsə Vətən sevgisini anlatmaq mümkün deyil”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb