Avtobuslardan az istifadə etmək olar

İqtisadçı təklif edir ki, dəniz nəqliyyatından da yararlanmaq lazımdır



Bu ilin aprel ayında MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 13 faiz bahalaşıb. MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri isə 1,2 faiz artıb.

Qeyd olunan ay ərzində nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,2 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, sərnişindaşıma tarifləri isə 0,1 faiz bahalaşıb. Həmçinin, hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 6,5 faiz ucuzlaşma, digər xarici ölkələr üzrə 6,9 faiz bahalaşma müşahidə olunub. Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tariflərində isə heç bir dəyişiklik olmayıb. İqtisadçı-ekspert Zahid Məmmədov "Şərq”ə bahalaşmanın səbəblərini açıqlayıb: "Bahalaşma yay fəslinin gəlməsi ilə bağlıdır. Digər tərəfdən, əsasən iqtisadiyyat inkişaf etdiyi halda qiymət artımları baş verir. Həmçinin bu ölkələrə Azərbaycandan meyvə-tərəvəz məhsulları idxal olunduğundan, tələbat artır”.

Z.Məmmədov həmçinin dəmiryolu nəqliyyatından mümkün qədər az istifadə etməyi tövsiyə edib: "Digər nəqliyyat vasitələrinə də üstünlük verilməlidir. Bunun üçün alternativ nəqliyyat növlərindən istifadə olunmalıdır. Azərbaycanda bu imkanlar mövcuddur. Dəniz nəqliyyatından istifadə etməklə daha ucuz qiymətə sərnişinlər gedib-gələ bilər. Məsələn, Bakı-Lənkəran dəniz yolu vasitəsilə sərnişin daşımaları həyata keçirmək olar. Həmçinin Qazaxıstana və digər ölkələrə bu nəqliyyat vasitəsilə gedib-gəlmək olar. Bu zaman avtobusa da ehtiyac qalmaz. Sıxlıq da azalar. Sadəcə bunun üçün infrastruktur qurulmalıdır. Nəqliyyatda innovasiyalar tətbiq edilməlidir. Yeni təklif və variantlar üzərində çalışmaq lazımdır”.

Vüqar Şahinoğlu