“Şəhriyar del Gerani uşaqdır, fikir verməyin"

Seyran Səxavət: “Oxucu tanıyıram ki, yazıçının pişiyini ağaca dırmaşdırar”



Gənc yazarların reklam olunmaq xatirinə hər cür gözlənilməz hərəkətə, piara xidmət edəcək ifadələr işlətməsinə alışmışıq artıq. Gənc yazarların bir çoxu Yazıçılar Birliyinin sədri Anarın bostanını daşlamaqla gündəmdə qalır. Bir qismi ailə-məişət sandığını açıb tökməklə. Bir qismi hətta şəraba aludəçiliyi də özünün ən yüksək, əlçatmaz keyfiyyəti kimi təqdim edir. Zaman-zaman gənclərin dilindən yaşlı nəslin aşağılanmasını, dünənədək yaranmış ədəbiyyatın "çöplüyə” atılmalı olduğunu da eşitmişik. Ümumilikdə oxucuya saymazyana yanaşanlar da var. Onlardan biri də Şəhriyar del Geranidir.

Yəqin ədəbiyyatsevərlərin çoxu bu gənci heç tanımır da. Əgər bu gənc yazar İranda həbs edilməsəydi və media da sırf vətənpərvərlik hissi ilə "soydaşımızdır” deyib onun müdafiəsinə qalxmasaydı, indiki qədər tanınmayacaqdı da. Amma bu gəncdə, nə var, nə var, 20 gün İran həbsxanasında yatdı deyə, özündən razılıq yarandı və artıq Azərbaycan oxucusunu bəyənmir. Hələ bilmək olmaz, onu bəyənənlər nə qədərdi. Bəyənməməyi bir yana, üstəlik oxucuları təhqir də edir.

"Gündəlik teleqraf” qəzetinin braziliyalı yazıçı Paulo Koelyo barədə açdığı müzakirədə iştirak edən Del Gerani belə ifadələr işlədib: "Mənə görə Koelyo Azərbaycan ədəbiyyatına nəsə vermək üçün çox balacadır. O ki qaldı Azərbaycan oxucusuna, kimi oxuyur oxusun, onsuz da nə oxuduqlarını qanmırlar”.

Yazıçı-dramaturq Seyran Səxavət "Şərq”ə açıqlamasında gənc yazarın ifadələrinə ciddi əhəmiyyət verilməsinin əleyhinə olduğunu dedi:

- Uşaqdı, fikir verməyin!.. Şəhriyar ona görə o sözü deyir ki, sən mənə zəng edəsən, mən də nəsə deyim... O da özündən razı qalsın, özünü böyük adam hesab eləsin. Ədəbiyyatda belə fənd edənlər həmişə olub.

Azərbaycan oxucusunun səviyyəsinə gəlincə, Seyran Səxavət istedadlı və istedadsız oxucular olduğunu dedi:

- 5-10 oxucu tanıyıram ki, yazıçının pişiyini ağaca dırmaşdırar, pişik qalar orda, aşağı düşə bilməz. Oxucu çox olmur. Bu təxminən ona bənzəyir ki, bəzi insanlar baxır, amma görmürlər. Oxucu da belədi. Çox istedadlı oxucu olduğu kimi, çox istedadlı olmayan oxucular da var. Bu, ədəbiyyatda bir paraleldir. Yazıçı və oxucu paraleli. Bu saat həqiqətən də oxucu qıtlığı var. Kəramətin "Təhlükəli oxucular” yazısı var. Mükəmməl yazıdır. Orda oxucu probleminə məncə, yaxşı cavab verilib. İndi dəbdi, köşə yazırlar. Kəramət də köşə yazısı yazıb. Balaca yazıdı, amma çox böyükdü!

Kəramət Böyükçölün "Təhlükəli oxucular” yazısının Şəhriyar del Geraninin oxucuları təhqir etməsi ilə eyni vaxta düşməsi təsadüfi deyil. Kəramət Azərbaycan oxucusunu belə təqdim edir:

"2006-cı ildə dünya xalqları arasında keçirilən nüfuzlu ədəbiyyat müsabiqəsi - Milli Kitab Mükafatının qalibi Orxan Pamuk bir müsahibəsində deyir, əsl roman odur ki, oxucu əsəri oxuyub qurtarandan sonra fikirləşsin ki, bunu o da yaza bilər. Orxan müəllimin bu sözündə həqiqət payı az deyil, ancaq o, bir incə məsələni bilmir. Məsələn, bilmir ki, oxucularını şəxsən tanımaq yazıçı üçün nə qədər ağır dərddir. Yəqin, bunu heç bilmir ki, Azərbaycanda əlində lom yazıçının üstünə yeriyən nə qədər oxucular var. Vallah, çox dəhşətlidir. And olsun Hülya Avşarın gözlərinə ki, mən boyda yazıçı oxucumdan it kimi qorxuram, çünki onun hissiyyatına toxunan bir cümləmə görə cəmiyyətin gözü qabağında ağzımın-burnumun qanını qatar bir yerə. Səbəb çox aydın. Azərbaycanda elə mövzular var ki, onlara senzuranı dövlət deyil, məhz insanlar qoyur. Başa düşmürəm ki, bu insanlar nə istəyirlər, ancaq onu başa düşürəm ki, bu cür şeylər təfəkkür və düşüncə problemi ilə bağlıdır, ancaq ən pisi odur ki, bu insanları islah eləmək mümkün deyil. Onlar islaholunmazdırlar. Görünür, oturub gözləmək lazımdır ki, nəsillər dəyişsin, yeni-yeni oxucular gəlsin dünyaya. Bəlkə, onlar başa düşə ki, yazıçıya və bədii əsərə qarşı münasibət necə olmalıdır. Yenə deyirəm, hörmətli Orxan müəllimin xoşbəxtliyi orasındadır ki, o, oxucularını şəxsən tanımır, azərbaycanlı oxucuları isə ümumiyyətlə, tanımır. Ona görə çox rahat şəkildə belə danışır. Hələ orası var ki, bizim oxucular dünya oxucusundan fərqli olaraq, təkcə "bu əsəri mən də yaza bilərəm” deməklə kifayətlənmir, iki ayağını bir başmağa dirəyir və dediyini sübut eləmək üçün gedib roman yazır. Danışılası dərd deyil, bunlardan nə desən çıxar, bir az dərinə getsən, yazıb sübut da eləyərlər. Ona görə də burada sözümü saxlayıb, başqa bir məsələyə keçirəm, vaxtım olsa, təzədən bu mövzuya qayıdacam...”

"Şərq” qəzetinin redaktoru, Anar Bayramoğlu da Şəhriyar del Geraninin ifadələrinə münasibət bildirib:

- Mən Şəhriyar Del Geranini ədəbiyyat adamı yox, ədabaz cızmaqaraçı kimi tanıyıram. Ümumiyyətlə, o, ədəbiyyat naminə hansı işi görüb, ortaya hansı bir mətn qoyub ki? Bu cür gündəmə gəlməklə, şou-biznes əhlinin istifadə etdiyi manevrlərdən istifadə etməklə ədəbiyyat adamı, yazıçı olmaq mümkün deyil. Azərbaycanda oxucu sayı az olsa da, dərin mütaliəli insanların sayı kifayət qədərdir. Əminəm ki, həmin o oxucular, ümumiyyətlə, Del Gerani adında Azərbaycanda yazıçı-şair tanımırlar. Mən Koelyonun 3 kitabını mütaliə etmişəm. Eləcə də bir sıra insanlar tanıyıram ki, Koelyonu yetərincə mütaliə də ediblər, bu yazıçını anlayıblar da. İndi Şəhriyar kimdir ki, oxucu olaraq məni və digər oxucuları təhqir edir? Bu ixtiyarı ona kim verib? Oxucuları "qanmaz” adlandırmaqdansa, getsin bir az özü mütaliə ilə məşğul olsun. O zaman bəlkə yazdığı cızmaqaraların səviyyəsini az da olsa qaldıra bilər.

Qeyd edək ki, Şəhriyar del Geraninin oxucuları təhqir edən ifadələrini Sumqayıt şəhərindən jurnalist Afət Yaqubova da təpki ilə qarşılayıb. Gənc şairin tərbiyəsizlik etdiyini deyən jurnalist xanım Teleqraf.com-a açıqlamasında şair Şəhriyar Del Geraninin oxucular haqqında səsləndirdiyi fikirlərə sərt reaksiya verib. O, şairin xalqı təhqir etdiyini düşünür:

- Başqalarının fikrini cəlb etmək istəyirsənsə, kimisə aşağılamalısan. Şəhriyar Del Geraninin açıqlamaları da bu prinsiplərə əsaslanır. Amma "oxucular oxuduqlarını qanmır” demək tərbiyəsizlikdir. Bu insan natamamlıq kompleksindən əziyyət çəkir. Özünü gözə soxmaq üçün xalqı təhqir etmək doğru deyil. Mənim özüm də Koelyonu yaxşı piar olunmuş yazıçı hesab edirəm. Əsərlərinin bir çoxunu oxumuşam. İstər dili, istərsə də üslubu çox gözəldir.

Məlahət