Nə xoş xəbər: Şagirdlərə yenidən silahdan istifadə qaydaları öyrədiləcək





Azərbaycanın orta məktəblərində çağırışa qədərki hazırlıq fənninin tədrisində keyfiyyətin yüksəldilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Təhsil Nazirliyi ilə birgə işlər aparır. Dövlət xidmətindən verilən məlumata görə, adıçəkilən qurumlar arasında birgə fəaliyyət planı hazırlanır.

Plana əsasən, yaxın gələcəkdə rayon mərkəzləri və iri şəhərlərdə orta məktəblərin şagirdləri silahdan istifadə və atışların həyata keçirilməsi üçün səfərbərlik xidmətinin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-nin bazalarından istifadə edəcəklər. Bundan başqa, orta məktəblərin atış trenajorları və təlim silahları ilə təchiz olunması istiqamətində xüsusi proqramın reallaşdırılması da nəzərdə tutulub. Bu barədə isə müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib. Nazir bildirib ki, rəhbərlik etdiyi qurum ehtiyac duyulan bütün avadanlıqları hazırlamaq imkanına sahibdir. Layihə ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinə zəng etdik. Xidmət rəhbəri Cəsarət Valehoğlu sözügedən məsələdən xəbərsiz olduğunu bildirdi.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aqil Abbas nəzərdə tutulan proqramı yüksək qiymətləndirib. Deputatın sözlərinə görə, müharibə şəraitində olan ölkə üçün bu layihə çox vacibdir: "Orta məktəbi bitirib əsgərliyə gedən oğlanlar artıq avtomat silahdan istifadə qaydasını bilməlidir. Bu məsələni parlamentdə dəfələrlə qaldırmışdım. Axır ki, sözümüzü eşitdilər və belə bir layihəni hazırladılar. Sovet dövründə şagirdlərin hərbi hazırlığına daha çox diqqət yetirilirdi. Mən orta məktəbdə oxuyanda avtomatla davranmağı və atəş açmağı gözəl şəkildə öyrənmişdim. Hətta atışda birinci yerə çıxmışdım. Özü də sovet dövründə biz DOSAAF-a (indiki SHÇDX) pul ödəyirdik”.

A.Abbas orta məktəblərdə hərbi təlimlərin keçirilməsinə etiraz edənləri anlamır: "Niyə buna qarşı çıxırlar, başa düşə bilmirəm. Biz də deyirik ki, orta məktəblərdə təlim patronlarından istifadə olunsun. Xatırlayırsızsa, bir müddət əvvəl şagirdin əlində həqiqi döyüş qumbarası partlamışdı.

Ondan sonra orta məktəblərdə hərbi təlimlər məhdudlaşdırıldı. Ancaq məsələnin həlli bu deyil. Döyüş qumbarasının sinifdə nə işi var idi ki, uşaq da onu partlatsın? Adı üstündə, bu təlimdir. Təlimdə istifadə olunan bütün silah-sursatlar həqiqi deyil, tədris üçün olmalıdır”.

Hərbi ekspert Azad İsazadə də orta məktəblərdə ibtidai hərbi hazırlığın keyfiyyətinin yüksəldilməsinin tərəfdarıdır:
"Sovet vaxtında orta məktəblərdə nəinki oğlan, hətta qızlara da hərbi hazırlıq öyrədilirdi. Şagirdlər orduda hərbi xidmət etməyə hazırlanırdılar. 1990-cı illərdə hərbi komissarlıqlar orta məktəblərdən bütün növ təlim silahları yığışdırdı. Baxmayaraq ki, onlar heç bir təhlükə törətmirdi. Silahların təhlükəsizliyinə təminat verilirdi. Son illərdə məktəblərdə keçirilən ibtidai hərbi hazırlıq dərsləri 21-ci əsrin tələblərinə heç cür uyğun gəlmir. Hərbi dərslər taxtadan düzəldilmiş avtomat maketlərin köməyi ilə aparılır”. Ekspert təəssüflə qeyd edir ki, bu gün çağırışçılar xidmətə hərbi ixtisasına görə yox, sadəcə sıravi kimi çağırılır və qoşun növləri arasında bölüşdürülür. Xidmət dövründə onların kim olacağı isə təlim mərkəzində müəyyənləşir: "20-30 günə nə mexanik, nə snayper, ya da rabitəçi olmaq olmaz. Halbuki hərbi ixtisasların bir qismi mülki peşələrlə, yaxud idman növləri ilə sıx bağlıdır. Bu hərbi ixtisaslar üzrə mütəxəssisləri xidmətə qədər müddətdə həzırlamaq mümkündür. Hərbi çağırışdan sonra konkret texnika üzrə təlimatların keçirilməsini təmin etmək olar. Stend atışına aid atışma meydanlarımız var. Orada snayper hazırlaya bilərik. Bu məsələnin həllini tapması olduqca müsbət haldır. Vaxt itirməyə ixtiyarımız yoxdur”.

Təhsil Şurasının sədri Əjdər Ağayevin fikrincə, orta məktəblərdə çağırışa qədərki hərbi hazırlıq fənninin tədrisinin əsas məqsədi gəncləri əvvəlcədən psixoloji cəhətdən hazırlamaqdır: "Bu fənn vasitəsi ilə yeniyetmələrə hələ məktəbdə ikən vətəni müdafiə etmək üçün hərbi hazırlıq keçilir, məlumatlar verilir və onlar adi hərbi silahlarla tanış olurlar. Şagirdlər bu dərslərdə özünümüdafiəni öyrənməli, sürünmək, maneələri keçmək, yaralını ərazidən uzaqlaşdırmaq kimi hərbi təlimlərə yiyələnməlidir. Təəssüf ki, Azərbaycan məktəblərində bu cür məlumatlar ancaq şəkillər üzərində keçirilir. Məktəblərdə silah yoxdur. Bir neçə dəfə məktəblərdəki silahlar xətalı nəticələr verdi, ondan sonra silahları məktəblərdən tamam yığışdırdılar. Yığışdırılandan sonra da şagirdlər ancaq şəkilə baxmalı olurlar. Nəticədə hərbə çağırış zamanı silahla davranma qaydalarında nabələdliklər üzə çıxır. Yəni onların müəyyən təsəvvürləri olsa da, praktik hazırlıqları olmur”. Ə.Ağayev hərbi-vətənpərvərlik hisslərinin artırılmasında canlı ünsiyyətin rolunu mühüm sayır: "Hərbi dərslər zamanı şagirdlərin hərbi hissələrə aparılması və onların əsgərlərlə söhbətlər etməsi yeniyetmələrin formalaşmasında, onların vətənə bağlılığının artırılmasında və vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərinin inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir”.

İsmayıl