Bakıda faşistlər var

Şəhərdə yaxasında “quru kafa”, çantasında “metal element” gəzdirən faşist geyimli gənclər peyda olub


Əyninə üzərində alman faşistlərinin gerbi olan mayka geyinib nasist salamı verən gəncin görüntüləri sosial şəbəkələrdə yayılıb. Videokadrlardan görünür ki, gənc tək deyil, yanında onu kameraya çəkən birisi də var və faşist geyimli gənc də nasistsayağı salam verdikdən sonra hərəkətinin yaxşı alınıb-alınmadığını yanındakından soruşur. Bu videokadrlar sosial şəbəkə istifadəçiləri tərəfindən çox izlənib və müxtəlif reaksiyalar doğurub. Videokadrlar "Bakının mərkəzində nasistlər peyda oldu” başlığı ilə verilib.

Gəncin küçə ilə rahatca addımladığı, ətrafdakıların ona əhəmiyyət vermədiyi də hiss edilir. Ola bilsin, bu gənclərin hərəkəti planlı xarakter daşımır və konkret nəyəsə hesablanmayıb. Amma hər bir halda olduğu kimi, burada da dərinə gedib, "niyə məhz faşist gerbi və niyə məhz nasist salamı” deyib hadisənin təhlükəli məqamlarından da danışmaq olar. Önümüzdə irqçi Rusiya nümunəsi var. Orada da skidhedlər - dazbaşlar faşizm rəmzləri ilə bəzənmiş geyimlərdən istifadə edir, daz başlarına faşizm rəmzi həkk edirlər. Və biz bu adamların təkcə soydaşlarımıza deyil, ümumiyyətlə, qeyri-rus millətinin mənsublarına hücumlarından xəbərdarıq. Bu mənada, bu gün bizə zarafat kimi görünən bir halın sabah daha ciddi problemlər yaratmayacağına əmin ola bilmərik. Onu da deyək ki, son illər gənclərimizin geyimlərində zorakılıq elementləri özünü açıq göstərir. Əyninə "quru kafa” (skelet kəlləsi) rəmzli köynək geyinən, başına eyni formada ləçək bağlayan, çantalarının üzərində "metal element”ləri gəzdirən, boynundan "quru kafa” asan gənclərimiz az deyil. Onlara hər yerdə rast gəlmək olur. Fitrəti etibarilə gözəlliyə can atan insanın nədən zor, işgəncə anlamı daşıyan rəmz və elementlərə meyl etməsinin bir izahı olmalıdır. Yoxsa, bunlara fikir verməyib, üzərindən keçməliyikmi?

İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay "Şərq”ə açıqlamasında belə məsələlərə yanaşmada ehtiyatlı olmağı tövsiyə etdi:

- Bu, elə bir məsələdir ki, üzərinə çox getmək də olmur, eyni zamanda əhəmiyyət verməmək də olmaz. Üzərinə çox gedilsə, deyə bilərlər ki, sadə bir zarafatdır, iki dost arasında olan münasibətdir, biri elə-belə maykadı geyinib, küçədə gəzir, dostu ilə zarafat edir. O zaman narahatlığa əsas olar ki, belə təzahürlər tez-tez təkrarlansın, geniş xarakter almağa başlasın. Digər tərəfdən Azərbaycanda nasizm meyillərinin yaranması, inkişaf etməsi mümkün olan iş deyil. Bu meyillər ümumilikdə bizim cəmiyyətə yaddır. Çünki xalq, millət olaraq bizə yad ideologiyadır. Azərbaycan xalqında irqçilik yoxdur. Radikal dini təmayüllərin genişlənməsinə daha artıq ehtimal var, nəinki faşizmin, nasizmin. Amma təbii ki, biz bunun da üzərindən heç nə olmamış kimi, əhəmiyyətsiz bir hal kimi keçməməliyik. Ən azından ona görə ki, burada problem gənclərin məşğuliyyəti, gənclərin əxlaqıdır. Gənclərin çoxu işsizdir, bilmirlər nə etsinlər, hansı işlə məşğul olsunlar, bir məşğuliyyət tapa bilmirlər, başlayırlar belə mənasız işlərlə məşğul olmağa. Faşizm rəmzli köynək geyinib küçədə gəzmək, nasist salamı vermək və bunu da videoya alıb sosial şəbəkəyə yerləşdirmək, başqalarının da buna reaksiya verməsi, yazışmalara başlanması, bunların hamısı işsizliyin, avaraçılığın əlamətidir. Xaricdə oxuyan tələbələr hətta ailələri ilə telefon əlaqəsi saxlamağa da vaxt tapmırlar. Ancaq dərsləri ilə məşğul olurlar. İstər təhsil, istərsə də iş sahəsində o qədər ciddi sistem var ki, insanların belə mənasız şeylərlə maraqlanmasına vaxtları qalmır. Amma baxın bizim tələbələrə. Çoxunun o qədər boş vaxtı olur ki, ondan necə istifadə etməyi bilmirlər. Varlılar, imkanlı ailələr uşaqlarına bahalı maşınlar alır, "ralli”, sürət yarışları təşkil edirlər, kasıbların da pulu belə cəlbedici köynəklərə, rəmzlərə çatır. Onlar da özlərini bu cür nümayiş etdirirlər. Belə mənasız işlər boşluqdan yaranır. Cavanlar yeyir, içir, bədən enerji ilə zənginləşir, bu enerjini harasa sərf etməlidir. O da ya internet-kluba gedir, ya da bütün günü əyləşir kompyuter qabağında, sosial şəbəkələrə daxil olur, yazışır və s. Bizim gənclərin bu dəqiqə əsas məşğuliyyəti budur; internet-klub, "youtub”, yazışmalar, "facebook”. Bunlar hamısı təhsildən, işdən kənar qalan gənclərdir. Birinci növbədə gənclərin işsizlik problemini həll etməliyik, gənclərin səmərəli məşğuliyyəti barədə düşünməliyik.

"Quru qafa” şəkilli köynəklərin, müxtəlif metallik rəmzli əşyaların satılmasına gəlincə, İ.Altay bu məsələlərlə hüquq-mühafizə orqanlarının məşğul olmalı olduğunu dedi:

- Azərbaycan hüquq-mühafizə orqanları nəzarət etmək baxımından çox güclüdür. İstər Daxili İşlər Nazirliyi, istər Milli Təhlükəsizlik Nazirliyi, Gömrük Komitəsi və s. Çox yaxşı, güclü kadrlar var. Xüsusi xidmət orqanlarında siyahı var ki, ölkəyə hansı simvolların gətirilməsinə icazə var, hansılar qadağandır. Elə rəmzlər, simvollar var ki, həqiqətən də insanların psixikasına, əhval-ruhiyyəsinə təsir edir. Təhlükə törədə biləcək rəmzlər, simvolların cəmiyyətdə geniş yayılmasının qarşısı alınmalıdır. Cəmiyyəti zorakılığa təhrik edən rəmzlərin açıq satışına icazə verilməməlidir. Bu cür əşyaların ölkəyə hansı yollarla, hansı istiqamətlərdən gətirilməsi də aydınlaşdırılmalıdır. Əgər bu köynəklər, çantalar ölkə daxilində istehsal olunursa, istehsalçı ilə də maraqlanmaq lazımdır. Sosial şəbəkələrə də nəzarət edilməlidir. Son vaxtlar hər kəs nə istəyir, sosial şəbəkələrə yerləşdirir. Biri pişiyin dərisini soyur, biri küçüyün başını kəsir... Və bunları da paylaşırlar, yayırlar. Bu cür hallar tək-tük olsa da, cəmiyyətdə mənfi effekt yarada bilər. İnsanlarda belə fikir formalaşar ki, zorakılıq, işgəncə dəbdədir və bunun da qarşısını alan yoxdur. Məsələn, Rusiya hökuməti sosial şəbəkələrlə bağlı qaydaları sərtləşdirib. Hesab edirəm ki, Azərbaycanda da bəzi qaydaların dəyişməsinə, sərtləşməsinə ehtiyac var. Zorakılığı, cinayətkarlığı, irqçiliyi təbliğ edən videokadrların sərbəst şəkildə sosial şəbəkələrə yerləşdirilməsinə icazə verilməməlidir.

Məlahət Rzayeva