Din xadimləri vahid geyimdə görünəcəklər

Bu, təbliğat işinin qurulmasında vacib amillərdən biridir




Din xadimləri artıq efirlərə vahid geyimlər ilə çıxacaqlar. Yaxın bir ay ərzində din xadimlərinin vahid geyim məsələsi həllini tapacaq. Bu açıqlamanı ötən gün Qafqaz Müsəlmanları İdarəsinin din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev deyib.

O, dövlət rəhbərliyi səviyyəsində din xadimlərinin geyim məsələsinin həlli olunması tapşırığının verildiyini qeyd edib. Trend-in verdiyi məlumata görə, V.Məmmədəliyev həmçinin bildirib ki, dini sahədə maarifləndirmə Qafqaz Müsəlmanları İdarəsinin istədiyi səviyyədə deyil. Məlumat üçün bildirək ki, bir neçə müddət öncə Azərbaycanın millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla da həmin mərasimdə iştirak edib. K.Abdulla Azərbaycanda mövcud dinin vəziyyətindən söz açaraq problemlərin həlli yollarından danışıb.

Qərara münasibət bildirən dini ekspert Atif İsmayılov "Şərq”ə bildirib ki, belə bir məsələnin gündəmə gəlməsi çox yaxşı haldır. "Çünki dindar olan şəxs və yaxud QMİ müəyyən bir dini təbliğatla məşğul olursa, vahid dini geyim olmalıdır. Başqa ölkələrdə olarkən din xadimlərini istər məscid daxilində, istərsə də xaricində müəyyən geyim forması atribut kimi sayılır. Bu geyim formasının daha da təkmilləşdirilməsi çox dəyərli addımdır. Bunu qiymətləndirmək lazımdır”.

A.İsmayılov onu da əlavə edib ki, dinin təbliğində geyim əsas önəm daşımır: "Hər hansı peşə sahibi üçün əsas biliyidir. Misal üçün, həkimə baxanda onun geyimi əhəmiyyət daşımır. Təbibin əsas savadı və peşəkarlığıdır. Lakin tibbi nəzərə alsaq, geyim simvolik olduğu kimi, dindar təbəqənin də belə bir geyimi rəmzi xarakter daşıyır”.

Vüqar Şahinoğlu