Olland, olmadı ki...

Fransa prezidenti 20 il bundan əvvəl baş verən soyqırımdan danışmadı, 100 il əvvəlki siyasəti andı



Hələ iki gün bundan əvvəl Azərbaycanda olarkən özünün obyektiv imicini formalaşdıran Fransa prezidenti Fransua Ollandın sərhədi keçər-keçməz maskası düşdü və əsl üzü ortaya çıxdı. Qeyd edək ki, hazırda İrəvanda rəsmi səfərdə olan Olland 2015-ci ilin aprelin 24-də yenidən Ermənistana səfər edəcək.

Səfərin məqsədi "erməni soyqırımı”nın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etməkdir. Ermənistan mətbuatının verdiyi məlumata görə, bunu Fransa prezidenti İrəvanda ermənistanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib: "Mənim bu tədbirlərdə iştirakım sülh və əminamanlığın bərqərar olmasına bir cəhd olacaq. Eyni zamanda bu, dünyaya bir çağırış olacaq ki, bir daha heç vaxt belə dəhşətli soyqırımlar baş verməsin”. Türkiyə baş nazirinin ermənilərə müraciətinə gəldikdə isə F.Olland ölkəsinin bu müraciətdə müsbət məqamlar axtarmağa çalışdığını qeyd edib: "Əlbəttə ki, əsas məsələ ondadır ki, bu talanlar soyqırım kimi təsnif edilsin. Yeganə həll yolu isə soyqırımın tanınmasıdır”.

Fransa prezidentinin sözügedən bəyanatını riyakarlıq kimi dəyərləndirən politoloq Qabil Hüseynlinin sözlərinə görə, onun bu açıqlaması birmənalı olaraq, aranı qarışdırmaq üçündür: "Əslində onun türklərə qarşı bu münasibəti məni heç təəccübləndirmədi də. İki gün bundan əvvəl Bakıda olarkən Azərbaycanın ərazi bütövlüyünə toxunan həmin Olland müzakirələr zamanı bir dəfə də olsun nə Xocalı soyqırımından danışdı, nə bir milyon azərbaycanlının öz yurd-yuvalarından köçkün düşməsinə toxundu, nə Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal olunduğunu dilə gətirib, bu işğal nəticəsində Azərbaycan iqtisadiyyatına vurulan minimum 350 milyard ziyandan danışdı. Fransa prezidentinin 20 il bundan əvvəl baş verən bu faciələri bir kənara qoyub, 100 il bundan əvvəl baş vermiş köçürmə siyasəti haqqında fikir yürütməsi qəbuledilməzdir. Hesab edirəm ki, Ollandın həmin hadisələr haqqında dərin bilgiyə sahib olmadan, o dövrdə yaşanan ictimai-siyasi şərtlərdən xəbərsizcəsinə sadəcə olaraq, erməni lobbisi tərəfindən qulağına pıçıldanan məlumatlar əsasında fikir yürütməsi Fransa kimi bir ölkənin prezidentinə yaraşmayan və hətta onun imicinə xələl gətirən bir addımdır”. Q.Hüseynlinin sözlərinə görə, guya ki, bölgəyə sülh missiyası üçün səfər edən Ollandın saxta erməni soyqırımı ilə bağlı bəyanatından və qondarma soyqırımın 100 illiyi ilə bağlı tədbirdə iştirak vədəsindən sonra onsuz da ki, bölgədə işğalçılıq siyasəti yeridən və bu siyasətindən bir anlıq belə olsa, əl çəkmək istəməyən Ermənistandan hansısa bir konstruktiv mövqe gözləmək yersizdir: "Faktiki olaraq, Olland bu sərsəmləməsi ilə ermənilərin ayağının altına daş qoyaraq onları daha da barışmaz mövqeyə çəkir. Zənnimcə, Ollandın bu səfəri bölgədə sülhün bərqərar olmasına yox, nifrətin artmasına, qarşıdurmanın dərinləşməsinə səbəb olacaq. Azərbaycanda azdan-çoxdan diplomatik məntiqlə danışan insan o tərəfə keçən kimi bütün məntiqi, tarixi, insanlararası münasibətlərin bütün formalarını ayaqlar altına ataraq, kiçik bir millətin az qala Yer kürəsinə sığmayan ambisiyalarını müdafiə etməyə başladı. Hansı ki, bu bir dövlət xadiminə, xüsusən də Fransa kimi ölkənin prezidentinə yaraşmayan bir hərəkətdir. Başa düşmürəm ki, beynəlxalq güclər nə vaxta qədər işğalçı Ermənistanın tərəfini tutub, onların maraqlarını müdafiə edəcək? Nə vaxta qədər xristian təəssübkeşliyinə söykənərək bütün demokratik dəyərləri ayaqlar altına atacaqlar? Başqa vaxtı dünyəvi dəyərlərdən, insan hüquqlarından dəm vuran Fransa lideri heç olmasa, bircə dəfə Sarkisyandan soruşsun ki, nəyə görə, Azərbaycan torpaqlarını işğal edib, 1 milyon insanı evsiz-eşiksiz qoyub? Nəyə görə, 35 min azərbaycanlının ölümünə bais olub, 5500 uşaq və qadını hələ də əsirlikdə saxlayırsınız? Dünən baş verən hadisələr haqqında danışmayan, özünü bilməzliyə qoyan Olland necə olur ki, bir əsr bundan əvvəl baş verən və obyektiv araşdırılmayan hadisələr haqqında ətraflı fikir yürüdür. Hələ bu azmış kimi Türkiyəni də qondarma, erməni tarixçilərinin uydurduğu soyqırımı tanımağa səsləyir”.

Şəymən