90 milyonluq dava açırlar

Qərb daha da aqressivləşir




Bir vaxtlar Avropaya hökm edən Osmanlını daxildəki xain qüvvələrin əlləri ilə çökdürməyə nail olan Qərb dövlətləri günümüzdə də Türkiyə ilə açıq və gizli şəkildə düşmənçiliyini davam etdirirlər. İngiltərə baş naziri Devid Kameronun Türkiyəni Avropa Birliyində görmək istəməməsi də sırf bununla bağlıdır. Türkiyəyə nifrətin ən şiddətli təzahürü isə Avropa İnsan Haqları Məhkəməsinin Yunan Kiprinin Türkiyəyə qarşı təzminat iddiasını təmin etməsidir. Məhkəmənin qərarına əsasən Türkiyə 90 milyon avro məbləğində təzminat ödəməlidir.

Bu iddia Yunan Kipri tərəfindən adanın şimalına 1974-cü ildə Türkiyə ordu birləşmələrinin çıxarılması əsas gətirilərək qaldırılıb. Həmin ildən isə ada iki hissəyə bölünüb. Yunan Kipri dünya birliyi tərəfindən tanınsa da, hətta Avropa Birliyinə üzv edilsə də, Şimali Kipr Türk Cümhuriyyəti indiyədək Türkiyədən savayı heç bir ölkə tərəfindən tanınmayıb. Bu yanaşma türklərə olan məkrli siyasətin təzahürüdür. Türkiyəyə nifrətin isə səbəbləri çoxdur. Müxtəlif hakimiyyətlər dövründə Türkiyə həm iqtisadi, həm də siyasi yöndən inkişaf etməyə, demokratik ölkəyə çevrilməyə cəhd edib. Ancaq qardaş ölkənin inkişafını istəməyən qüvvələr buna mane olmaq üçün ən çirkin mübarizə üsullarına əl atıblar. Türkiyəni terrorla diz çökdürməyə nail olmayanlar daha fərqli formalardan yararlanmağa çalışıblar. Son vaxtlar Türkiyədə terror hadisələrini və dövlət çevrilişini həyata keçirməyə hazırlaşan yeraltı qüvvələrin həbs edilməsi, Taksim və rüşvət olaylarını planlayan dairələrin ifşa edilməsi, nurçular məsələsinin gündəmə gətirilməsi ölkənin başı üzərində oynanılan dəhşətli ssenariləri üzə çıxarıb. Məsələni şərh edən ekspertlər də son dövrlərdə Türkiyəyə qarşı təzyiq və təsirlərin artmasının konkret faktorlarla bağlı olması qənaətindədir. Müşahidəçilərin fikrincə, Qərbin Türkiyəyə qarşı bu cür mövqe sərgiləməsinin əsas səbəblərindən biri Ankaranın xarici siyasi aktivliyini məhdudlaşdırmaq, ölkənin güc və imkanlarını ortaya qoymasının qarşısını almaqdır. Amma Türkiyənin üzləşdiyi problemlərə görə baş nazir Ərdoğanın siyasətini qınayanlar, tənqid edənlər də var. Onların fikrincə isə, Türkiyənin təzyiqlərə məruz qalmasına bir tərəfdən ölkənin inkişafı səbəb olursa, digər tərəfdən baş nazirin düşünülməmiş siyasəti və aqressiv sözləri səbəbiyyət verir.

Millət vəkili, Sabir Rüstəmxanlı deyir ki, Türkiyənin Qərbin təzyiqlərinə məruz qalması yeni hadisə deyil. XIX əsrin sonlarından başlayaraq, Avropa ölkələri və Rusiya Türkiyəni məhv etməyə çalışırlar: "Osmanlının parçalanması, Balkan savaşlarının ortaya çıxması, ölkənin zorla 1-ci Dünya müharibəsinə soxulması və Türkiyə ərazisində bir neçə dövlət yaratmaq cəhdləri Qərbin Türkiyəyə qarşı apardığı qərəzli siyasətin tərkib hissəsidir. Bu gün də həmin siyasət fərqli yollarla davam etdirilir. Türkiyənin uzun illərdir Avropa Birliyinə qəbul edilməməsi və qondarma erməni soyqırımının ortaya atılması açıq şəkildə göstərir ki, Avropa Türkiyə ilə əsrlər boyu davam edən qarşıdurmanı dayandırmayıb. Əksinə, daha da aqressivləşib. Sanki, Qərb ölkələri Osmanlının varisi olan Türkiyə Cümhuriyyətindən keçmişin qisasını alırlar”.

Millət vəkilinin sözlərinə görə, Türkiyə Avropa Məhkəməsinin ədalətsiz qərarını yerinə yetirməyə borclu deyil: "Kıbrıs hadisələrinə görə, Türkiyənin cərimələnməsi nəinki ədalətli deyil, ümumiyyətlə qəbuledilməzdir. Həmin adada türklər yunanları yox, məhz yunanlar türkləri qırıblar, əsl soyqırım törədiblər. Türkləri adanın üçdə birinə sıxışdıran, kəndləri yerlə-yeksan edən, uşaq, qız, qoca demədən günahsız insanları erməni vəhşiliyinə xas şəkildə qətl edən yunanlar qırdıqları adamlardan hansı haqla təzminat tələb edirlər? Bu cür tələbin məhkəmə tərəfindən qəbul edilməsi xristian təəssübkeşliyinin və türk nifrətinin təzahürüdür. Türkiyəni "cəzalandıran” bu qərar Avropa Məhkəməsinin mövqeyini və kimlərə xidmət etdiyini göstərir. Məhkəmələr ayrıseçkilik salmadan, tərəf tutmadan bütün millətlərə qarşı ədalətli qərarlar çıxarmalıdır”.

İngiltərə və Fransanın Türkiyəyə qarşı olan münasibətini dəyərləndirən S.Rüstəmxanlının qənaətincə, Avropa Birliyində təmsil olunan ölkələr sözügedən birliyi xristian klubu şəklində görmək istəyirlər: "Siyasi, iqtisadi və mədəni səviyyəsinə görə Türkiyədən qat-qat zəif olan kiçik və beynəlxalq əhəmiyyəti olmayan xristian dövlətlərini AB-yə rahat şəkildə qəbul edirlər. Amma birliyə daxil olmaq üçün Türkiyədən yerinə yetirilməsi mümkün olmayan və əslində Türkiyənin sonunu gətirən qərarlar qəbul etməyi tələb edirlər. Bunlar qərəzli mövqeyin nümunəsidir. Əlbəttə, Türkiyə heç bir ölkənin, qurumun qarşısından geri çəkilməli deyil. Öz normal dövlətçilik siyasətini yürütməlidir”.

Deputat məhkəmə qərarından sonra Türkiyə müxalifətinin Ərdoğan hökumətini tənqid etməsinə də münasibət bildirib: "AKP hakimiyyətinin irəli sürdüyü zərərli "kürd açılımı” və Ərdoğanın qondarma soyqırımla bağlı ermənilərə verdiyi başsağlığı müəyyən mənada elə təsəvvür yaradır ki, Türkiyəni hər uydurma qərar və təzyiq qarşısında təslim etmək olar. AKP hökumətinin bu tutumu tənqid olunmalıdır”.

İsmayıl