“Narazılığı başa düşmürəm”

Rəşad Məcid: “Hamını qurultay nümayəndəsi seçmək olmaz axı!”




Məlum olduğu kimi Azərbaycan Yazıçılar Birliyində qurultayı keçiriləcək. Hətta artıq Yazıçılar Birliyinin bölgələrdəki şöbələrində qurultay nümayəndələrinin seçiminə başlanıb. Bu seçim turu isə ciddi narazılıqlara səbəb olub. 2003-cü ildən AYB üzvü olduğunu iddia edən Mingəçevir sakini şair Elşən Əzimov bildirib ki, onu AYB-nin Mingəçevir şöbəsində keçirilən konfransa çağırmayıblar.

Konfransın çox ciddi nizamnamə pozuntuları ilə keçirildiyini vurğulayan şair qeyd edib ki, Mingəçevirdə olan 9 AYB üzvündən yalnız 4-ü konfransa dəvət olunub. Aralarından isə yalnız bir nəfər püşkatma yolu ilə qurultaya nümayəndə seçilib. Beləliklə də, yerdə qalan 5 nəfər AYB üzvü həm seçmək, həm də seçilmək haqqından məhrum edilib.

Həm qurultay nümayəndəsini seçim prosesində bölgələrdəki etirazlara, həm də ümumilikdə AYB-nin qurultayından gözləntiləri ilə bağlı fikirlərini öyrənmək üçün AYB-nin katibi "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə əlaqə saxladıq. 
İlk növbədə qurultay öncəsi AYB-də aparılan dəyişikliklərə toxunan katibin sözlərinə görə, Yazıçılar Birliyində struktur dəyişikliklərinin qurultaydan sonra da davam etdirilməsi istisna deyil: "Bildiyiniz kimi, Yazıçılar Birliyinin mətbu orqanlarının rəhbərliyində müəyyən dəyişikliklər oldu və kifayət qədər də uğurlu alındı. AYB-nin gələn ay üçün nəzərdə tutulan qurultayı isə növbəti hesabat məclisi olacaq. Çox güman ki, sədr də, katiblər də əvvəlki kimi qalmaqla AYB öz fəaliyyətini davam etdirəcək”.

Bu gün Yazıçılar Birliyinin kifayət qədər diqqət mərkəzində olan bir qurum olduğunu vurğulayan katibin sözlərinə görə, keçmiş sovetlər dövrünə nisbətən bu gün ədəbiyyata maraq azalsa da, Yazıçılar Birliyinə maraq var. Xüsusən də, AYB-nin sədri Anar mətbuatın da, ictimaiyyətin də daim diqqət mərkəzindədir. Şübhəsiz ki, Anar müəllim ədəbiyyat, Yazıçılar Birliyi qarşısında böyük xidmətləri olan bir sədrdir. Azərbaycanda yazıçı nüfuzunun, Yazıçılar Birliyinin qorunub saxlanmasında bir simvol kimi onun rolu danılmazdır. Bu mənada, AYB üzvlərinin əksəriyyəti növbəti dönəmlərdə də Anar müəllimin Yazıçılar Birliyinin sədri kimi öz fəaliyyətini davam etdirməsinin tərəfdarıdır.

Rəşad Məcidin sözlərinə görə, AYB-də gəncləşmə siyasəti də davam edir. Ümid edirəm ki, AYB-də aparılan struktur dəyişikliyi ölkəmizdə ədəbiyyata olan marağın daha da artırılmasına xidmət edəcək.

Qurultay nümayəndələrinin seçilməsi ilə bağlı bölgələrdəki narazılığa toxunan katib bildirib ki, etirazçılar sadəcə gündəmə gəlmək üçün bu cür üsullardan istifadə edirlər: "Yazıçılar Birliyinin 1500-ə yaxın üzvü var. Hamını qurultay nümayəndəsi seçmək olmaz axı! Sözün açığı, bölgələrdəki narazılığı başa düşmürəm. Sumqayıtda da seçim zamanı müəyyən narazılıqlar yaşanmışdı. Mincəçevirdəki etirazdan da xəbərdaram. Qurultay nümayəndəsinin seçimi zamanı nizamnamə pozuntuları qeydə alındığını iddia edən Elşən Əzimin də nəzərinə çatdırdım ki, prosedurlara uyğun artıq həmin ərazidən 1 nəfər qurultay nümayəndəsi seçilib, onu da poeziya seksiyasından seçərik. Zənnimcə, Elşən Əzimin hay- küyü yersizdir. Əslində onun bu etirazlarını özünə diqqət cəlb etmək kimi dəyərləndirirəm”.

R.Məcidin sözlərinə görə, AYB-nin qurultay nümayəndəliyinə iddialı olan yazarları poeziya seksiyalarından seçəcəyik və hər biri qurultayda nümayəndə kimi iştirak edəcək. Ona görə də, yersiz və mənasız etirazlarla vaxtlarını itirməsələr, daha yaxşı olar.

Şəymən