QHT-lər hökumətlə dialoq aparmaq istəyir

Qubad İbadoğlu: “Hər iki tərəf bir masa ətrafında vəziyyəti müzakirə etməlidir”
Rauf Zeyni: “Dövlətlə QHT-lər arasında dialoq mühiti var”


Ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının durumu haqqında danışan İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlunun iddiasına görə, vətəndaş cəmiyyəti qurumlarına təzyiq xətti tutan hökumət müstəqil düşüncə mərkəzlərini, alternativ fikirləri sıradan çıxarır.

Azərbaycanda QHT-lərin çətin bir şəraitdə fəaliyyət göstərdiyini vurğulayan QHT rəhbərinin sözlərinə görə, əvvəllər yalnız rayonlarda vətəndaş cəmiyyətlərinin fəaliyyəti sıxılsa da, indi paytaxtda da analoji hal yaranıb. Artıq QHT-lərə tədbirlərin keçirilməsi yasaqlanır. Hətta özəl şirkətlər də hökumətdən icazə almamış QHT tədbirlərinə yer ayırmır: Bank əməliyyatlarında çətinlik yaranıb. Qeydiyyatdan keçməyən layihələr üzrə bank köçürmələri mümkünsüzdür. Qeydiyyat isə indiki qaydalarla əlavə xərc, resurs tələb edir. Bu prosedurların sadələşdirilməsinə, elektronlaşdırılmasına ehtiyac var”.

Bəzi QHT-lərin hüquq-mühafizə orqanlarının yoxlamalarına, axtarışlarına məruz qaldığını qeyd edən Q.İbadoğlu bildirib ki, nüfuzlu QHT-lərin hədəfə alınması digərləri üçün mesajdır. Belə şəraitdə bəzi QHT-lər işdən çəkilir, bəziləri ölkəni tərk edir: "QHT-lərin fəaliyyətində şəffaflığın tərəfdarıyam. Amma bu adla QHT-ləri yersiz tənqidlərə məruz qoymaq, parlamentdə xüsusi

müzakirələr təşkil etmək, ictimai sektorun fəaliyyətinə kölgə salmaq yanlış yoldur. Bu gün ölkədə müstəqil düşüncəyə, alternativ fikrə ehtiyac var. Azərbaycan hökumətinə məsləhətimiz odur ki, QHT-ləri təmkin və səbrlə dinləsin və onun rassional təkliflərindən bəhrələnsin”. Yaranmış problemi aradan qaldırmaq üçün QHT-lərin hakimiyyətlə dialoqunu vacib sayan ekspert hesab edir ki, hər iki tərəf bir masa ətrafında vəziyyəti müzakirə etməlidir: "Bu iş üçün səfərbər olmağımız, birgə fəaliyyət strategiyası seçməyimiz çox vacibdir. Biz ilk növbədə təşkilatlanmalı və öz potensialımızı nümayiş etdirməli, eyni zamanda hökumətlə dialoq təklifini irəli sürməliyik. Vətəndaş cəmiyyəti olaraq hökumətlə dialoqa hazırıq. Bu məsələlərin bir masa ətrafında müzakirəsini arzulayırıq”.

Qubad İbadoğlu dialoqun reallaşması üçün beynəlxalq təşkilatların, QHT-lərə Dövlət Dəstəyi Şurasının vasitəçilik etməsini vacib bilib. Onun sözlərinə görə, təhlükələr davam edərsə, ölkədə azad, müstəqil QHT-lərin sayı sürətlə azala bilər: "Son təzyiqlərin QHT-lərə həm də dolayı təsiri var. Beynəlxalq donorlar müstəqil QHT-lərlə işləməkdən çəkinir. Qurucusu olduğum İqtisadi Tədqiqatlar Mərkəzi əvvəlki illərlə müqayisədə bu il layihələrin azalması, donorlara çıxış imkanlarının məhdudlaşması problemi ilə üzləşib. Cari xərcləri belə ödəmək imkanlarımız məhduddur”.

İctimai Təşəbbüslər Mərkəzinin rəhbərinin QHT-lərlə hökumət arasında dialoq zərurətini dəyərləndirən Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə QHT-lərlə dövlət arasında müntəzəm olaraq dialoq keçirildiyini vurğulayıb: "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün münbit şərait yaradılıb. Qanunvericilik bazamız yüksək səviyyədədir və beynəlxalq standartlara cavab verir. Dövlət tərəfindən QHT-lərə Dövlət Dəstəyi konsepsiyasının qəbulu, 2008-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması, eyni zamanda KİVDF-nin yaradılması, dövlət büdcəsindən onlara müvafiq vəsaitin ayrılması birmənalı olaraq vətəndaş cəmiyyətinin inkişafının təmin olunmasına xidmət edir”.

Forumun prezidenti həmçinin vurğulayıb ki, zəruri hallar olduqda Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu və digər əlaqədar dövlət orqanları ilə QHT-lər arasında dialoqlar aparılır: "Bu da onu göstərir ki, dövlətlə QHT-lər arasında lazımi səviyyədə dialoq var. Hətta bir neçə dəfə bütün vətəndaş cəmiyyətlərinin iştirakı ilə yüksək səviyyəli görüşlər keçirilib və ehtiyac yaranan zaman da keçirilir. Dövlətlə QHT-lər arasında dialoq mühiti var. Sadəcə onu gücləndirmək lazımdır. Milli Qeyri-Hökumət Təşkilatları Forumu olaraq biz də hər zaman dövlətlə vətəndaş cəmiyyəti arasındakı münasibətlərin inkişafında maraqlıyıq”.

Azərbaycanda şəffaf fəaliyyət göstərən heç bir vətəndaş cəmiyyətinə hökumət tərəfindən təzyiq və təsir müşahidə olunmadığını deyən R.Zeyninin sözlərinə görə, dövlət tərəfindən vətəndaş cəmiyyətinə qarşı heç bir təzyiq yoxdur: "Hər bir vətəndaş, hər bir vətəndaş cəmiyyəti institutunun nümayəndəsi də dövlət məmuru kimi qanun qarşısında məsuliyyət daşıyır. Əlbəttə ki, fəaliyyəti dövründə müəyyən nöqsanlara yol verən QHT nümayəndələrinin məsuliyyətə cəlb olunması normal haldır. Belələri öz qanunsuz əməllərinə görə qanun qarşısında cavab verməlidir. Bunu bütövlükdə vətəndaş cəmiyyətlərinə təzyiq kimi qiymətləndirmək kökündən yanlışdır. Hətta deyərdim ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti o səviyyədə inkişaf edib ki, ona təzyiq göstərməsi heç mümkün də deyil”.

Şəymən