Putinin niyyəti başqadır

Rusiya Krımdan sonra digər bölgələri özünə birləşdirməkdə maraqlı deyil




Ukrayna tarixi torpaqlarını itirməkdə davam edir. Ölkədəki rusmeyilli qüvvələr Putinin təxirə salmaq çağırışına məhəl qoymadan müstəqillik referendumu keçiriblər. Referendumdan sonra "Donetsk və Luqansk Xalq Respublikaları”nın rəsmiləri Rusiyaya birləşmək haqqında müraciət qəbul ediblər.

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevin qənaətincə, Ukraynanı parçalamağa çalışan Rusiyanın bir məqsədi var. Kreml çalışır ki, Ukraynada prezident seçkilərindən əvvəl mərkəzi hakimiyyətə tabe olmayan çoxlu "respublikalar”, yəni avtonom bölgələr yaratsın: "Rusiya Krımdan sonra digər bölgələri özünə birləşdirməkdə maraqlı deyil. Putin daha çox Ukraynanın konstitusion quruluşunu dəyişdirməyə və ölkəni etnik əsaslarla federativ dövlətə çevirməyə çalışır. Yəni müxtəlif ərazilər öz "müstəqilliklərini” elan edirlər, amma nə Ukrayna, nə də Rusiya onları tanımır. Bölgələr özlərini de-fakto idarə edirlər. Ukrayna Rusiyanın qorxusundan həmin bölgələrə hərbi müdaxilə edə bilmir. Rusiya və Avropa isə "müstəqilliyini” elan etmiş əraziləri Ukrayna dövləti ilə danışıqlara çağırır. Nəticədə həmin bölgələr Ukrayna federativ dövlətinin muxtar respublikalarına çevrilirlər. Ən yaxşı nəticə budur”.

Politoloqun sözlərinə görə, Rusiya bu faktorla istədiyi vaxt Ukrayna hakimiyyətinə təsir edə biləcək: "Məsələn, Ukrayna nə vaxt NATO-ya qəbul olmaq qərarına gəlsə, həmin vilayətlər dərhal buna etiraz edəcəklər və mərkəzi hökuməti ondan ayrılmaqla təhdid edəcəklər. Yəni bir növ Ukrayna hökumətinin əl-qolunu bağlayacaqlar. Əlbəttə ki, bütün bunlar Rusiyanın təzyiqi ilə baş verəcək. Ona görə də, referendumların təxirə salınmasını istəyən Putin əslində Ukraynada gərginliyin böyüməsində maraqlıdır”. E.Mehdiyev qeyd edir ki, Ukrayna NATO-nun üzvü deyil. Buna görə də, hərbi birliyin ordusu birbaşa Ukrayna ərazisinə girə bilməz: "Amma ABŞ və Avropa ölkələri Ukraynanı dəstəkləyirlər. Bu dəstək Ukrayna ilə birlikdə hərbi əməliyyatlara girmək deyil. Yardım Ukrayna ordusuna silah-sursat vermək və qoşuna təlim keçmək səviyyəsindədir”.

İsmayıl