Ana və uşaq ölümlərinin qarşısı alınmalıdır

Real islahatlar naminə cəza tədbirlərini sərtləşdirmək olar




Son vaxtlar bəzi həkimlər insanların ölüm fərmanına imza atırlar. Çünki artıq mətbuatda əməliyyat zamanı və ya səhv müalicə metodlarının nəticə olaraq ölüm halları adi xəbərlərdən birinə çevrilib. İnsanlar artıq canları ağrıyan zaman həkimlərə müraciət etmək istəmirlər. "Belə həkimlərin əlində tez ölməkdənsə, nə qədər yaşayaram-yaşayaram” düşüncəsilə ömür sürürlər.

Təkcə Azərbaycanda ana və uşaq ölümü halları narahatedici səviyyədədir. BMT-nin Uşaq Fondunun (UNİCEF) son hesabatında qeyd olunur ki, Azərbaycanda doğulan hər 1000 uşaqdan 36-sı 5 yaşınadək yaşamır. Bu, MDB ölkələri arasında o qədər də yaxşı göstərici deyil. Çünki UNİCEF-in hesabatlarına görə, ölkəmiz uşaq ölümlərinin sayında Rusiya, Belarus, Ukrayna, Moldova, Ermənistan, Qazaxıstan və Gürcüstanı üstələyir. Gürcüstanda bu göstərici 30, Ermənistanda isə 23-dür. Statistik məlumatlara görə, təkcə 2011-ci ildə Elmi-Tədqiqat Pediatriya İnstitutunda 615 körpə dünyasını dəyişib. Ümumilikdə ölkə üzrə ölən uşaqların sayı 1903 nəfər olub.

Sanki xəstəxanalar analar və körpələr üçün üçün məzarlığa çevrilir. Hər hansı bir həkimin ana, yaxud uşaq ölümünə görə məsuliyyətə cəlb olunmasının isə şahidi deyilik. Ən yaxşı halda, həmin həkimə ya töhmət verilir, ya da işdən kənarlaşdırılır. Bəzi hallarda isə həmin həkimlər qısa müddətdən sonra özəl klinikalarda çalışmağa başlayırlar.

Tibbi ekspert Azad İsazadə isə "Şərq”ə danışarkən bununla bağlı mütləq tədbirlər görülməli olduğunu söyləyib: "Xəstə dünyasını dəyişəndən sonra bir neçə saat palatadan çıxarılmır. Çünki klinki ölüm olmadığı təsdiqlənməlidir. Pasientin ölməsi təsdiqləndikdən sonrakı proses cəsədin yarılmasıdır. Meyitin yarılmasında onu müalicə edən həkim dəvət edilməlidir. Ona görə ki, həmin həkimin iştirakı ilə xəstənin təbii və ya hər hansı səhv müalicə nəticəsində ölməsi müəyyənləşdirilsin. Ancaq bizim ənənəvi adətə görə ölənin yaxınları cəsədi yarmağa razılıq vermir. Buna görə də əsl səbəbi açıqlamaq mümkün olmur. Nəticədə sadəcə sənəd üzərində daxili araşdırma aparılır. Formal olaraq üzərində tibbi müayinə və dərmanlar yazılmış sənədlər və arayışlar hazırlanır. Biokimyəvi və cəsədin yarılaraq müayinəsi həyata keçirilmir.

A.İsazadə Azərbaycanda səhiyyənin səviyyəsindən də razı deyil: "Tibbi yardımın xidmət keyfiyyəti aşağı səviyyədədir. Bir sıra həkimlər işini dəyişərək xaricə gedib orada çalışırlar. Əsasən Avropa, Türkiyə və İran kimi ölkələrdə savadlı həkimlərimiz çalışır. Onların yerinə gələn bəzi yeni həkimlərin savadlarını isə qənaətbəxş hesab etmək olmaz. Belə məsələlərdə maaş, keyfiyyətli tibbi təhsil və digər amillər mühüm rol oynayır. Həmçinin səhiyyə nazirinin müavini çıxışında qeyd etdiyi kimi korrupsiya faktlarının olması da istisna deyil. Bundan əlavə həkim səhlənkarlığı hallarının olması da mümkündür. Ancaq əlimizdə dəlil yoxdur. Lakin hər bir ölüm hadisəsi böyük və ciddi araşdırma tələb edir. Ölümlərin qarşısı alınaraq müvafiq tədbirlər həyata keçirilməlidir”.

A.İsazadə fikirlərinin sonunda peşəkar həkimlər arasında tibbi savadın yüksəldilməsini təklif etdi: "Real islahatlar həyata keçirmək üçün daha sərt cəzalar tətbiq olunmalıdır. Lakin cəzalandırmaq xatirinə yox, həqiqətən müsbət yöndə dəyişikliklər etmək lazımdır”.

Vüqar Şahinoğlu