Azərbaycançılığın təməli ozan sənəti ilə başlanır

“Azərbaycan sevgisini göylərə qaldıran Səməd Vurğun, Hüseyn Arif, Osman Sarıvəlli və başqaları bu mənəvi ruhun əbədi daşıyıcıları kimi tarixə düşüb”



Azərbaycançılıq elə bir məfhumdur ki, onun yaşını, yaranma tarixini dəqiq demək, bu barədə konkret fikir bildirmək çətindir. Bir neçə il əvvələ qədər Azərbaycanşünaslar deyib ki, bu ideologiyanın yaranması orta əsrlərə, Səfəvilər dövrünə təsadüf edir. Yəni Şah İsmayıl Xətai hakimiyyətə gəldikdən sonra bu ideologiyanın ilkin pillələri işlənib hazırlanıb. Saray sənətkarları öz sənət əsərlərilə və öz fikirlərilə bu ideologiyanın qurulmasına cəlb edilib. Xətainin sarayında yaşayan sənətkarlar-təsviri incəsənət ustaları, xəttatlar, şairlər, aşıqlar, xanəndələr bu ideologiyanı inkişaf etdirib. Bu deyilənlərdə böyük həqiqət olsa da, araşdırmalar göstərir ki, azərbaycançılıq ideologiyasının yaranma və formalaşma dövrü bizim eradan əvvələ gedib çıxır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, mərhum professor Azad Nəbiyev öz tədqiqatları zamanı bunu müəyyən edib. Professor özünün "Azərbaycanda aşıq sənəti” kitabında yazıb ki, azərbaycançılıq ideologiyasının ilk rüşeymləri indiki müstəqil Azərbaycanın sələfi Atropatena dövlətində yaranıb.

A.Nəbiyevin qeydinə görə, qədim atropatenalılar yalnız öz yurdlarını qorumurdu, onlar həm də öz dövlətçilik ideologiyalarını şüurlarında yaşadır, mədəniyyətlərini, əxlaqi dəyərlərini formalaşdırırdı. Professor Nəbiyevin tədqiqatlarına görə, azərbaycançılıq b.e.əvvəl IV əsrdə yaranıb. Bu dövlətin ərazisi Cənubi Azərbaycanın Şimali Azərbaycanı və başqa torpaqları əhatə edib və zəngin mədəniyyətə, iqtisadiyyata malik bir məmləkət olub: "Azərbaycanda ana dili, estetik düşüncə zaman-zaman inkişaf edib, yüksəlib, zəngin şifahi və yazılı mədəniyyət yaranıb. Bu mədəniyyətin kökündə bünövrə daşı b.e. əvvəl qoyulan ozan sənəti dayanıb. B.e.-nın sonuncu yüzilliyindən başlayaraq ozan institutu yaratmaqla III-VIII əsrlərdən "Kitabi-Dədə Qorqud” özünün yüksək inkişaf mərhələsinə qədəm qoyub”. A.Nəbiyevin yazdığına görə, b.e.əvvəl Azərbaycan ərazisində yaranıb formalaşma mərhələləri keçən azərbaycançılıq ideologiyası sonrakı dövrlər üçün bir örnək rolunu oynayıb. Azərbaycan dilinin, mənəviyyatının, folklor ədəbiyyatının, xalqın duyğu və düşüncələrinin həmin dövrlərdə əsas təbliğatçılarından biri ozanlar olub. Ozanlar hər zaman xalq arasında olduğundan, elləri qarış-qarış gəzdiyindən bu ideologiyanın ondan yaxşı təbliğatçısı, tərənnümçüsü ola bilməzdi: "Kitabi-Dədə Qorqud”a nəzər salmaq dediyimizi sübut etməyə kifayət edərdi. Azərbaycan ozanlarının tarixdə ən böyük rolundan biri azərbaycançılığa xidmət olub. Bunu tarixi mənbələr, əsrlər öncə yaşayan ozan və aşıqların yaradıcılığı, şeirləri deyir. Xalqımızın milli-mənəvi dəyərlər sisteminin başında duran azərbaycançılıq bir vacib xətt kimi həmişə ozan sənətinin içindən keçib”.

Azərbaycançılıq ideologiyası və ozan sənəti arasındakı əlaqəni araşdıran fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov isə fikirlərini professor Camal Mustafayevin bu sahələr arasındakı əlaqə ilə bağlı fikirlərilə zənginləşdirib: "Professor Camal Mustafayev göstərib ki, bizim bədii varlığımızın tarixində kollektiv mahiyyətli el yaradıcılığını yaşatmaqda öncə ozanlıq şöhrətlənib, aşağı tarixi prototipi olan yüz illər elin istedadını özündə cəmləşdirib. Qopuz çalıb, dastan bağlayıb, söz qoşub, mahnı oxuyub, dinləyicilərinin qəlbini, zehnini işıqlandırıb. Ozanlıq özünün yetkin mərhələsini Dədə Qorqudun timsalında tapdı. Dədə Qorqud özündən əvvəl yaşamış ozanların bədii nailiyyətlərini, başlıcası isə, dastançılığı sistemləşdirdi. Qopuzçu, dastançı, şair el müdriki kimi tarixə düşdü. Dədə Qorqud ozanlığın yolunu yaxşını yamandan seçməkdə, həyatı təsdiqləməkdə, insanları sevdirməkdə gördü: "Qolça qopuz götürüb, eldən-elə, bəydən-bəyə ozan gəzər, ər comərdin, ər nakəsin ozan bilir elinizdə çalıbaydan ozan olsun, azıb gələn qazayı Tanrı sovsun...”.

V.Ömərov qeyd edib ki, aşıqlar həmişə, hər zaman xalq kütlələrinin ən sıx, ən gur yerlərində yaşayıb, xalqın həyat və mübarizəsi onların yaradıcılığı üçün bir mənbə olub: "Bu el sənətkarları əsrlər boyu xalqın kədəri ilə kədərlənib, sevinci ilə sevinib. Azərbaycan kəndlərində heç bir məclis toy, şadlıq məclisi aşıqsız keçməyib. Folklorşünas-alimlər İ.Babayev və P.Əfəndiyev göstərir ki, aşıqlar xalq arasında yalnız qoşma, gəraylı deyən, dastan söyləyən el sənətkarları kimi deyil, həm də humanist, müdrik və zəki ustad, dar gündə yoxsulların dərdinə yanan, yol göstərən məsləhətçilər kimi də məşhur olub. Həm də aşıqlar ağlı, geniş dünyagörüşü, təcrübəsi, hazırcavablığı ilə də xalqın içərisində hörmət qazanıb. Aşıqlarımızın bir çox şeirləri xalqa ağıl, kamal, yaxşılıq və ədalət təlqin edən gözəl nümunələridir”.

Ömərovun yazdığına görə, aşıq poeziyasının bu xüsusiyyəti ilə əlaqədar böyük ədibimiz C.Cabbarlının hələ nəşr olunmamış məqalə-tezislərində verilən aşağıdakı maddələr xüsusilə diqqətəlayiqdir: "Ədib göstərir ki, aşıq kənddə toydadır, el onu alqışlayır, sonra o, teatra gəlib çıxır. Burada konsert zamanı "Əsli və Kərəm” operasından bir ariyaya qulaq asır, bütün tamaşaçılar beynəlxalq nömrəni alqışladığı halda, aşıq hirslənir və musiqinin düz çalınmadığını söyləyir, dava edir ki, o, havanı mən yaratmışam, düz çalmırlar, özü də başqasının adına çıxarırlar. Aşıqdan soruşanda ki, sən kimsən, o belə cavab verir: mən aşığam, mən xalqam! C.Cabbarlı aşığın dili ilə "mən aşığam, mən xalqam” deyir. Bu, çox diqqətəlayiqdir. Aşıq elin sənətkarıdır. Xalq içərisinə keçən hər bir aşıq şeiri, bayatı, dastan və melodiyası dildən-dilə düşüb, işlənib, təmizlənib, xalqın arzu və ideyalarının gözəl ifadəsinə çevrilib, beləliklə də, xalqın malı, xalqın yaradıcılığı kimi yaranıb və yaşayıb. "Koroğlu” dastanında aşıq sənətinə aşağıda daha böyük hörmət bəslənir. Koroğlunun başçılığı altında xalqın müdafiəçiləri - qəhrəman dəlilər öz cəmiyyətini yaradıb. Burada onlar mərdlik, kişilik qanunları şəraitində yaşayır, bu cəmiyyətdə düzlük, həqiqət hökm sürür, yalana, ikiüzlülüyə, qorxaqlığa yer yoxdur. Burada yalnız fiziki deyil, mənəvi qüdrətin artırılmasına da qayğı göstərilir. Onların qəhrəmanlığı təbii istedadlarından ayrılmazdır. Onlar hər biri sinədən şeir deməyi, yaxşı mahnı oxumağı, sazda çalmağı bacarır. Xalq qəhrəmanı Koroğlunun özü, eyni zamanda, görkəmli şair və aşıqdır (o, bunlarla həmişə çox öyünür). Təsadüfi deyil ki, məşhur türk tədqiqatçısı M.Fuad Köprülü özünün "Türk saz şairləri” əsərində yazır: "XVI əsrin sonlarında Koroğlu adlı bir saz şairi böyük şöhrət qazanıb. Şeirlərini dolduran səmimi əda, coşğun lirizm Cəlali dövrünün ümumi təmayüllərinə uyğun xüsusi bir qəhrəmanlıq ruhu onun əsərlərini əsrlərcə yaşadıb və tarixi şəxsiyyəti unudularaq dastani bir mahiyyət alıb”.

Alim bildirib ki, Koroğlunun aşıqlığının və şairliyinin məzənnəsinin onun qəhrəmanlığından heç də "yüngül” gəlmədiyinə görədir ki, bəzi tədqiqatçılar səhv olaraq şair Koroğlunu qəhrəman Koroğludan ayırmağa cəhd edir.

Sözsüz ki, aşıq bu məclislərdə minillərin o tayında qalan həqiqətləri danışır, tariximizin şanlı səhifələrini vərəqləyir, xalqı keçmişdən hali edirdi. Vətənpərvərlik, comərdlik yayan, Azərbaycan düşüncə və məfkurəsinə bağlılıq yaradan xalq dastanlarımızın yaranmasında aşıqların müstəsna xidmətləri olub. Onlar xalqımızın qəhrəman övladlarının həyat tərzini, mənəvi dünyasını, sevib-sevilmək istəyini dastanlaşdıraraq indiki nəslə böyük bir xəzinə qoyub gedib. Vahid Ömərovun fikrincə, aşıq sənətinin azərbaycançılığın inkişafında rolunu xalq şairi Səməd Vurğun daha aydın təsvir edib: "Xalq şairi Səməd Vurğun aşıqlıq sənətini bədii varlığımızda milli ruhu-azərbaycançılığı yaşadan sağlam köklərdən sayırdı. Səməd Vurğun aşıq poeziyasından, el yaradıcılığından müasir tələblər səviyyəsində bəhrələnməyi tövsiyə edirdi. Müasir mədəniyyətin nailiyyətlərini milli-mənəvi zəmində mənimsəməyi bəyənirdi. Gərək sənətkar öz əsərinin hadisələrini xalqın gözü ilə görsün, ürəyi ilə duysun, həyatından, mənəviyyatından, xalqın nəcib ideyalarından ayrı düşməsin. Gərək onun yaradıcılığında doğma torpağın nəfəsi yaşasın. Vurğun bu cür düşünür, bu cür yaşayır, yaradır və yüksək sənətinin müdrik sadəliyi üçün xalq yaradıcılığına, aşıq poeziyasına, aşıqlıq sənətinə borcluydu. Azərbaycançılıq ruhunun aşılanmasında mühüm rol oynayan aşıqlıq sənətinə Azərbaycanda dövlət səviyyəsində qayğı göstərilir. Ulu öndər aşıqlıq sənətinə yüksək qiymət verdiyi kimi, onun layiqli siyasi varisi ölkə prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva da onu yüksək dəyərləndirir. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti YUNESKO səviyyəsində bəşəriyyətin qiymətli mədəni irsini təşkil edir”.

Sözsüz ki, alimin irəli sürdüyü fikirlərdə böyük həqiqət var. Bu öz yerində. Ancaq tarixə nəzər salıb aşıq sənəti və azərbaycançılığın vəhdətini araşdırmağa ehtiyac böyükdür. Azərbaycanda yüzilliklər boyu aşıq xalq və dövlət amilinə sadiq olub, bu müqəddəs adlara munis bilib özünü. Aşıqların yaradıcılığında ictimai məzmun heç də sevgi, lirika, qəhrəmanlıq motivlərindən zəif deyil. Bu özünü daha çox XX əsrdə yaşayıb-yaradan aşıqların timsalında göstərib. Bundan əvvəlki dövrdə yaşayan ozan və aşıqlar da öz poeziyalarında ictimai ruhu, Azərbaycan eşqini ehtiva edib. Azərbaycançılıq Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, aşıq Ələsgərin, Dədə Şəmşirin poetik söz aləmindən keçib. Azərbaycan sevgisini göylərə qaldıran aşıq sənətindən qidalanan Səməd Vurğun, Hüseyn Arif, Osman Sarıvəlli və başqaları bu mənəvi ruhun əbədi daşıyıcıları kimi tarixə düşüb.

Aşıqşünas-alim, professor Məhərrəm Qasımlının bildirdiyinə görə, tarixən aşıq sənəti azərbaycançılıq ideologiyasına xidmət edib. Professorun sözlərinə görə, bəlkə də aşıqların çoxu bu ideologiyaya yaxından bələd olmayıb, amma öz ifaları, daşıdıqları mənəvi yük baxımından ideologiyaya xidmət ediblər: "Sazımız-sözümüz nə qədər var, aşıqlarımız azərbaycançılığa xidmət edəcək, azərbaycançılıq məfkurəsini əbədi etiqad yeri biləcək. Aşıqlar həmişə bu ulu ruhu tərənnüm edib”.

Akademik Feyzulla Qasımzadə isə "XIX əsr Azərbaycan ədəbiyyatı” tarixi əsərində yazıb: "Xalq aşığı əlində sazı kəndləri dolaşır, toylarda, bayram və ayinlərdə, elin qurduğu kef və şadlıq məclislərində iştirak edir, saz çalır, nəğmə və dastan qoşur, oxuduğu lirik şeirlərlə xalqın ruhuna və əxlaqına nəcib duyğular aşılayır. Saz aşığı bütün varlığı ilə xalqa bağlıdır. O öz xalqı ilə bir yerdə qaynayıb-qarışır, onun sevinc və kədərinə şərik olur, onunla birgə nəfəs alır”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb