Türkiyə ağlayır

Kömür mədənindəki qəzada ölənlərin sayı 245 catıb



Türkiyənin Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində baş verən qəzada ölənlərin sayı 245-ə çatıb. Bu rəqəmi dünən hadisə baş verən əraziyə gələn Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Ərdoğan bildirib ki, kömür mədənində baş vermiş partlayış təkcə hadisə nəticəsində ölənlərin, onların yaxınlarının deyil, 77 milyonluq Türkiyə xalqının faciəsidir”. Baş nazirin sözlərinə görə, xilasetmə işləri zamanı hər cür imkandan, müasir üsullardan istifadə olunub: "Hazırda 120 nəfər dağıntılar altındadır”. Baş nazir qeyd edib ki, hazırkı məlumata görə, faciə nəticəsində 245 nəfər ölüb, 80 nəfər yaralanıb: "Baş vermiş hadisə xırda detallarına qədər araşdırılacaq və ictimaiyyətə açıqlanacaq”. Ərdoğan xalqı bu həssas dövrdə şayiələrə uymamağa çağırıb: "Türkiyədə bu həssas dövrdən istifadə edərək qalmaqal yaratmaq istəyən radikal qruplar var və əhalini bu məsələdə diqqətli olmağa çağırıram.

Ölənlərin sayı rəsmi məlumatlardakından çoxdur?

Türkiyənin Energetika və təbii sərvətlər naziri Taner Yıldız isə qeyd edib ki, partlayışın baş verdiyi anda mədəndə olan işçilərin sayı barədə dəqiq məlumatı yoxdur. Onun sözlərinə görə, işçilərin sayı haqqında açıqlanan rəqəmlər mədən rəhbərliyi tərəfindən təqdim olunub. Nazir həmçinin məlumat verib ki, hazırda 150-dən artıq şaxtaçının xilas edilməsi üçün işlər aparılır. Yıldız bildirib ki, görülən işlər çərçivəsində mədəndən 370 nəfər çıxarılıb: "Digər şaxtaçıların xilas olmalarına ümid getdikcə azalır. Çünki yerin altında yanğın hələ də davam edir. Amma şaxtaçıların xilas edilməsi üçün sona qədər mübarizə aparacağıq”.

Amma müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkilləri partiyanın lideri Kamal Kılıçdaroğluna partlayışda həyatını itirən işçi sayının artıq 350-yə çatdığını bildiriblər.

Məlumatda qeyd edilir ki, CHP-li vəkillər mədən ocağında bu ana qədər ən azı 350 işçinin öldüyünü və qaçaq işçilərin sayının təyin oluna bilməməsi səbəbindən ölü sayının daha da arta biləcəyini iddia ediblər.

Hadisə baş verən zaman mədəndə 787 nəfərin olduğu bildirilir. Bu səbəbdən də yer altından çıxarılan ölü sayının CHP-li vəkillərin dediyindən də çox olacağı gözlənilir.

Hökumətə qarşı etiraz aksiyaları başladı

Bu arada Türkiyənin məşhur aktyoru Ləvənt Üzümcü "Tvitter” sosial şəbəkəsində son 11 ildə Türkiyədə şaxtada həlak olanların statistikasını Almaniya ilə müqayisə edən şəkil paylaşıb. Müqayisə olduqca maraqlı faktı ortaya çıxarıb. Belə ki, son 11 ildə Türkiyədə şaxtalarda baş verən qəza nəticəsində 879 nəfər həyatını itirib, Almaniyada isə bu rəqəm cəmi 3-dür. Hadisədən sonra qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqlarının liderlərinin mitinq çağırışları ölkəni bürüyüb. Türkiyənin dörd bir yanında mitinq keçirməyə hazırlaşan vətəndaşlar əsasən nazirliklərin önünə tabut qoymağı və yürüş etməyi düşünürlər. Planlaşdırılan mitinqin axşama qədər baş tutacağı bildirilir.

Onu da qeyd edək ki, kömür şaxtasında baş verən faciəyə görə ölkənin dörd bir yanından reaksiyalar artmağa başlayıb. Artıq bir çox şəhərlərdə etiraz aksiyalarına start verilib. Günün ən təəccüblü aksiyalarından biri isə İstanbul metrosunda reallaşdırılıb. İctimai media vasitəsilə təşkilatlanan etirazçılar metro stansiyasında ölümlərə və laqeydliyə etirazlarını bildiriblər.

Xatırladaq ki, Türkiyəni yasa boğan faciəyə görə, ölkədə 3 günlük matəm elan edilib. Türkiyə Baş nazirliyi bu barədə yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, yas əlaməti olaraq 3 gün boyunca Türkiyədə və xaricdəki səfirliklərdə türk bayraqları yarıya qədər endiriləcək.

"Fəhlələrin maskası olsa da, xilas olmaları çətindir”

Axtarış-xilasetmə işlərinə qatılan mədən işçisi Sami Qılınc isə deyib ki, faciədə hələ də çıxarılmağı gözləyən 350-400 işçi var: "İçəridə yanğın hələ davam edir. Girilməyən pannolar var. O pannolarda 350-400 adamın olduğu təxmin edilir”. 9 ildir mədəndə çalışdığını qeyd edən Qılınc daha əvvəl belə bir vəziyyətlə qarşılaşmadığını söyləyib. Bu cür qəzalara qarşı təlimatlandırıldıqlarını bildirən Sami Qılıncın sözlərinə görə, işçilərin maskası olsa da, xilas olmaları çətindir: "Panno partlayanda elektrik olmur, elektrik olmayanda ventilyatorlar çalışmadığı təqdirdə hava axını kəsilir. Hava axını kəsilincə, yaşamaq ehtimalı da kəsilir. Maska ilə 45 dəqiqədə təmiz havaya çıxmaq üçün təlimatlar almışıq. Kilometr yarım yolu 45 dəqiqəyə çıxa bilməzsən”. Qılınc xilasetmə işlərinə qatıldığı mədəndən 80 cəsəd çıxardığını söyləyib: "Cəsədlər ayrı-ayrı yerdə idi, 4-5 adam bir yerdə, 10 adam bir yerdə. Girilməyən partlama olan yerdə çoxlu mədənçi ola bilər”.

"Bu, Ərdoğana xəbərdarlıqdı”

"Kömür şaxtasında baş verən partlayış Ərdoğana xəbərdarlıqdır”. Bu iddia ilə isə Türkiyə mətbuatı çıxış edib. Mətbuat bu partlayışla ABŞ-ın Ərdoğana mesaj göndərdiyini bildirib: "Hamı bilir ki, Gülən Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrə malikdir. O, bir zamanlar Pensilvaniyaya düşdüyü çətin vəziyyətdən qurtarmaq üçün qaçmışdı. Lakin maraqlı digər məqam var. Ərdoğan bələdiyyə seçkiləri zamanı Gülən hərəkatına qarşı əməliyyatlara başladı. ABŞ isə onun bütün çıxışlarını sükutla qarşıladı. Hazırda ABŞ, özəlliklə isə milyarder Rokfeller, Ərdoğanın prezident seçilməsinin qəti əleyhdarıdır. Ona görə də bu partlayış Ərdoğana, daha dəqiq desək, Türkiyəyə xəbərdarlıqdır. Bundan sonra isə ölkəyə qarşı atılacaq addımlar Türkiyənin yürüdəcəyi siyasətlə bağlı olacaq. Çox güman ki, bu, ölkədə ilk partlayış olmayacaq”.

"Şaxtaçıların dəfninə getməkdən bezdik”

Dünən məlum olub ki, Somadakı mədənləri yoxlamaq üçün bir neçə ay öncə edilən təklif parlamentdə qəbul edilməyib. Müxalifətdə olan CHP Manisa millət vəkili Özgür Özəl açıqlama verərək deyib ki, ötən ilin oktyabrında Somada yerləşən mədənləri yoxlamaq üçün parlamentdə təkliflə çıxış edib. O bildirib ki, Somada baş verən davamlı qəzalar onları bu addımı atmağa vadar edib. Lakin 60 vəkilin imzasıyla təqdim edilən təklif 20 gün öncə parlamentdə qəbul edilməyib. Millət vəkili hadisələrin bu məcraya gələcəyinin çoxdan bəlli olduğunu bildirib: "Hər gün həyatını itirən işçilərlə bağlı xəbərlər alırıq. Bu qədər ağır əvəz ödədikdən sonra bunlar olmamalıydı. Məclis və "Dövlət Nəzarət Qurumu” artıq buna bir çarə tapsın. Biz Manisa millət vəkilləri olaraq şaxtaçıların dəfninə getməkdən bezdik. Bu ağrıya nə biz, nə də ölənlərin ailələri dözə bilirlər”.

"Ölənlər, ölərlər, Ərdoğana qalanlar bəs edir”

Ötən gün həmçinin Ö.Özəlin Somadakı mədənlərdə təhlükəli vəziyyətin olması haqqında parlamentdəki çıxışı yayımlanıb. 20 gün əvvəl çıxışında deputat bildirib ki, mədənçilikdə təhlükəli vəziyyət var: "Bu mədənçilik işində o qədər böyük çətinliklər var, amma bunun həlli yolunda heç bir iş görülmür. Hörmətli Baş nazir meydana çıxar, "Somalı fəhlə qardaşlarım burdadırmı?” deyər.

Hərbi intizamla düzülmüş 3 min Somalı mədən işçisi kepkalarını qaldırar, bədbəxt, emosiyasız, məyus üzlə dayanarlar. Çünki onların yemək çekləri daha əvvəl mədəndə əllərindən alınıb, səhərisi gün mitinqdən çıxanda geri qaytarılacaq. Günəmuzd işləyirlər. Salamlamağa gəldin-gəldin, gəlmədinsə, işdən qovularsan. İşdən qovulmayanlar mədənə enərlər. Mədən partlayar, fəhlələr ölər. Ölənlər, ölərlər, Ərdoğana qalanlar bəs edir”. Millət vəkili həmçinin mədənlərlə bağlı ötən il məclisə göndərdiyi layihənin də rədd edildiyini xatırladıb və bildirib ki, bu mədənlərdə hətta ehtiyacı olan azyaşlılar da çalışırlar”.

Anar Bayramoğlu