Türkiyədən müharibə anonsu verildi

Xəbərdarlıq məhz Suriyadan gözlənilən təhlükə ilə bağlıdır




Türkiyə prezidenti Abdulla Gül müharibə mesajı verib. "Biz istənilən an müharibəyə hazır olmalıyıq. Sülhü bərqərar etmək üçün müharibəyə hazır olduğumuzu göstərmək məcburiyyətindəyik” deyən Gül bəyan edib ki, Türkiyə müharibə istəməsə də, ölkə hər an müharibəyə hazır olmalıdır.

Prezidentə paralel olaraq, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da "Əl-Qaidə”nin fəaliyyətinin Türkiyənin təhlükəsizliyini təhdid etdiyini deyib. O qeyd edib ki, Türkiyənin terror qruplaşmalarını dəstəkləməsi barədə bəyanatlar həqiqətəuyğun deyil.

"Keçmişdə Türkiyə "Əl-Qaidə”nin fəaliyyəti nəticəsində zərər çəkib. Hazırda müxtəlif qabaqlayıcı tədbirlər terrorçularla mübarizəyə yönəldilib”,- deyə ölkənin XİN rəhbəri bildirib. Onun sözlərinə görə, Suriyadakı terrorçu qruplaşmalar xarici həmkarları ilə ünsiyyət zamanı daim müzakirə mövzusu olub və əlavə edib ki, bir çox ölkələr ekstremizmlə mübarizəyə ruh yüksəkliyi ilə gəliblər. Qeyd edək ki, Türkiyə prezidenti və xarici işlər nazirinin eyni vaxtda belə bir bəyanatla çıxış etməsi müəyyən narahatlıqlar doğurub. Güllə Davudoğlunun müharibə anonsuna bənzər bəyanatlarının üst-üstə düşməsi təsadüfdür, yoxsa qardaş ölkə doğrudan da müharibəyə hazırlaşır? Qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi təcavüz Türkiyənin də üzvü olduğu NATO-nun fəallaşmasına səbəb olub. Belə olan halda Türkiyə rəhbərliyinin bu cür bəyanatlarla çıxış etməsinin əsas səbəbi nədir?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə "Şərq”ə Türkiyə rəhbərliyinin müharibə hazırlığı xəbərdarlığının Rusiya-Ukrayna münaqişəsi ilə bağlı olmadığını deyib: "Düşünmürəm ki, Türkiyənin müharibə anonsunun Rusiyanın Krımı ilhaq etməsi və ya Ukraynadakı separatçılığı ilə bağlı olsun. Doğrudur, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyanın Krımı işğalını pisləyir. Bunu hətta Rusiya rəhbərliyinin də diqqətinə çatdırıb. Həmçinin Krım tatarlarının sıxışdırılması ilə bağlı rəsmi Ankara öz sərt təpkisini verib. Amma unutmayaq ki, Rusiya ilə Türkiyə arasında münasibətlər normaldır və onlar arasında iqtisadi enerji əməkdaşlığı mövcuddur. Nə Ankara, nə də Moskva bu münasibətlərin təhlükə altına girməsində maraqlıdır”.

Politoloqun sözlərinə görə, Türkiyə prezidenti və XİN başçısının bəyan etdiyi xəbərdarlıq, məhz Suriyadan gələn təhlükə ilə bağlıdır. Əgər Abdulla Gül və Əhməd Davudoğlu eyni zamanda belə açıqlama veriblərsə, deməli, onların əlində bu dəqiqə kəşfiyyat məlumatları var: "Çox güman ki, onlar əldə etdikləri ilkin kəşfiyyat məlumatlarını oxuduqdan sonra bu qənaətə gəliblər. Görünür, Suriyada bəzi terrorçu qruplar, o cümlədən "Əl-Qaidə” Türkiyə əleyhinə nəsə planlaşdırıblar. Bir dəfə Türkiyə belə bir hadisə ilə üzləşmişdi. Bir gündə İstanbulun müxtəlif yerlərində partlayışlar törədilmişdi. Aralarında həm xarici, həm də yerli vətəndaşların da olduğu xeyli insan qətlə yetirilmişdi. Görünür, Türkiyə rəsmilərinin əlində bu növ kəşfiyyat məlumatları var. İndidən əhalini xəbərdar edirlər ki, hazırlıqlı olsunlar”.

Şəymən