Krım dərsi: ABŞ və Fransanın fəallığı əbəsdir




Rusiyanın Krımı işğal etməsindən sonra ABŞ administrasiyasında postsovet məkanı ilə bağlı narahatlıq artıb. Artıq Vaşinqtonda əminlik yaranıb ki, separatizm ocaqları, Dağlıq Qarabağ kimi münaqişələr Rusiyanın postsovet ölkələrinə müdaxilə imkanlarını dəfələrlə artırır. Ona görə də Moskvanın əlindən bu rıçaqı almağın yolları axtarılır. Təsadüfi deyil ki, Amerikadan sonra artıq Minsk Qrupunun digər həmsədri Fransa da aktivləşib.

Fransa prezidenti Fransua Ollandın bölgəyə səfəri və bu səfər çərçivəsində Dağlıq Qarabağla bağlı müzakirələri də bunun göstəricisidir. Müzakirələr zaman Olland Qarabağ probleminin həllini tapmağın vacibliyini vurğulayıb və həmsədr kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Fransanın əlindən gələni etməyə hazır olduğunu bəyan edib. Həmçinin Olland Fransanın etimad tədbirlərinin gücləndirilməsi yollarının axtarışı üçün Ermənistan və Azərbaycan prezidentlərini qəbul etməyə hazır olduğunu vurğulayıb.

Politoloq Leyla Əliyeva hesab edir ki, Ermənistana qarşı təzyiqlər olmadığı müddətdə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə ümid etmək absurddur: "Reallıq isə ondan ibarətdir ki, tərəflərdən heç biri güzəştə getmək istəmir, heç buna hazır da deyillər. Təbii ki, Azərbaycan danışıqlar prosesində güzəştlərə gedir, amma yalnız ərazi bütövlüyümüzün bərpası müqabilində. Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünün bərpasında maraqlı deyil. Münaqişəni aradan qaldırmağın yeganə yolu təzyiqlər yolu ilə Ermənistanı yola gətirməkdir ki, həmsədrlərdən heç biri buna getmək istəmir. ABŞ öz fəaliyyətini göstərmək üçün münaqişənin həlli ilə bağlı tərəflərə 6 element ünvanlayıb. Əslində həmin paket Azərbaycan üçün qənaətbəxş hesab oluna bilər. Amma ermənilər dərhal etiraz etdilər və həmin 6 elementi qəbul etmədiklərini bildirdilər. Əgər həmsədrlər bu münaqişənin həllinə nail olmaq istəyirsə, yuxarıda da qeyd etdiyim kimi, mütləq işğalçı Ermənistana təzyiq etməlidir. Bu isə qərb üçün elə də asan məsələ deyil. Çünki həmsədrlər bir balaca Ermənistana barmaq silkələyən kimi ermənilər Rusiya faktorunu ortaya atır və yeri gəlsə, Avropadan imtina etməyə hazır olduqlarını üstüörtülü də olsa, bəyan edirlər. Odur ki, Ermənistan bu mövqedə qaldıqca, qərb də onlarla razılaşdıqca, bu münaqişənin həlli uzun çəkəcək”.

Rusiyanın Krımı ilhaqından sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həmsədrlərin fəallaşmasının elə bir müsbət əhəmiyyəti olmadığını vurğulayan politoloqun sözlərinə görə, Vaşinqtonun bütün narahatlıqları bəyanatlar səviyyəsindən yuxarı qalxmır. Bu isə real iş demək deyil: "ABŞ kimi Fransanın aktivləşməsinin də heç bir əhəmiyyəti yoxdur. Fransa Ermənistana "işğal etdiyin əraziləri tərk et” deyə, təzyiq edəcək? Əlbəttə ki , yox. Sözsüz ki, səslənən bütün bəyanatlar Fransanın ölkəmizə olan marağının göstəricisidir. Lakin həmsədr ölkələr Rusiyanın Krımla bağlı bəlli siyasətindən sonra ehtiyatlı davranmağa və daha çox düşünməyə üstünlük verirlər. Qarşı tərəfdə münaqişənin həlli üçün istək var. Ancaq 20 illik təcrübə göstərdi ki, münaqişənin həllində məsuliyyət daşıyan ATƏT-in Minsk Qrupu üzərinə düşən işin öhdəsindən gələ bilmir. Yəni bu mexanizm effektiv deyil. Buna görə də münaqişənin həllini sürətləndirmək üçün alternativ yollar irəli sürülməlidir”.

Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, elmlər namizədi, politoloq Elman Nəsirli isə hesab edir ki, həmsədr ölkələrin vaxtaşırı verdikləri bəyanatlara rəğmən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi xeyli müddətdir ki, dalana dirənib: "Bunun fərqinə varan həmsədrlər də ciddi-cəhdlə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə nail olmağa çalışırlar. Amma ayrı-ayrılıqda prezidentlərlə görüşsələr də, həmsədrlər hər iki ölkə rəhbəri ilə görüşə nail ola bilmirlər. Bunun əsas səbəblərindən biri isə odur ki, Ermənistan prezidenti son zamanlar qondarma Dağlıq Qarabağ Respublikasının da danışıqlar prosesində tərəf kimi iştirakına nail olmaq istəyir. Dəfələrlə Ermənistan rəsmiləri qeyd ediblər ki, "Dağlıq Qarabağ” Respublikasının iştirakı olmasa, danışıqlar prosesi nəticə verməyəcək. Bununla bağlı hətta amerikalı həmsədr Uorlik də Azərbaycanın maraqlarına zidd mövqe sərgiləyib. O, problemə Dağlıq Qarabağ və Azərbaycan arasındakı münaqişə kimi baxmışdı ki, bu da haqlı olaraq, Azərbaycanda narazılığa səbəb olmuşdu”.

Politoloqun sözlərinə görə, rəsmi Vaşinqtonun münaqişənin həllinə yönəlik 6 element açıqlaması, eyni zamanda Minsk Qrupunun digər həmsədr ölkəsindən biri olan Fransa liderinin regiona səfəri, xüsusən də Bakı və İrəvanda olarkən məhz Dağlıq Qarabağ münaqişəsi ətrafında ciddi müzakirələr aparması, həmçinin Bakıda olarkən Azərbaycanın ərazi bütövlüyü prinsipinə önəm verməsi, Azərbaycanın və Ermənistanın Fransa ilə dost olduğunu bəyan edərək seçim etməməsi və problemin həlli istiqamətində Fransanın səylərini artıracağına dair mövqeyi heç şübhəsiz ki, münaqişənin həlli istiqamətində pozitiv imkanlar yaradır: "Bütün bunları müsbət tendensiya kimi qiymətləndirmək olar. Amma son nəticədə problemin həlli ilə bağlı irəliləyiş əldə edilmir. Bunun da konkret səbəblərindən biri odur ki, Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir. Həmçinin hər nə qədər həmsədrlər fəallıq göstərsə də, onlar nəticəyə varmaq üçün Ermənistanın mövqeyini dəyişmək istiqamətində real addımlar atmırlar və ya atmaq istəmirlər. Üçüncü səbəb isə odur ki, beynəlxalq güclərin diqqət və nəzərini cəlb edən hadisələr dünyada baş verməkdə olan digər proseslərdir. Dağlıq Qarabağ problemi onların fonunda bir qədər kölgədə qalıb. Bütün bu reallıqlar da prinsip etibarı ilə ona gətirib çıxarır ki, münaqişənin həlli ilə bağlı çox mürəkkəb bir situasiya yaranıb. Təəssüf ki, həmsədrlərin bəyanatları, regiona səfərləri kəmiyyət müstəvisindən keyfiyyət müstəvisinə keçmir ki, keçmir...”

Şəymən