Niyə qadın generallarımız olmasın?

Amerika, Türkiyə, İsrail ordusuna diqqət yetirmək kifayətdir



Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qadınların qəbulunun bərpası gündəmə gəlib. Milli Məclis sözügedən məktəbə qadınların qəbulu ilə bağlı məhdudiyyətin aradan qaldırılması ilə bağlı hərbi qanunvericiliyə yeniliklər etmək niyyətindədir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən 2009-cu ildən Müdafiə Nazirliyi tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına qadınların Azərbaycan Ali Hərbi Məktəbinə qəbulu üzrə sifarişin dayandırıldığı bildirilib.

Lakin sifarişin dayandırılmasının səbəbləri açıqlanmayıb. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə bildirib ki, son vaxtlar bununla bağlı xanım abituriyentlər tərəfindən üzv olduğu komitəyə edilən çoxsaylı müraciətlərdən sonra Müdafiə Nazirliyinə məsələ ilə bağlı rəsmi sorğu göndərilib. Sorğuya konkret cavab ala bilmədiklərini vurğulayan millət vəkili qeyd edib ki, nazirlikdən bu qərara səbəb kimi hərbi məktəbdə təhsil zamanı sosial uyğunsuzluq, müxtəlif ictimai problemlər, psixoloji konfrontasiyalar və digər bu kimi problemlər göstərilib. Bütün bunları nəzərə alan nazirlik qızların hərbi məktəbə qəbulu sifarişini dayandırıb. Bu halın ali təhsil alma hüququ ilə bağlı ziddiyyətli məqamlara yol açdığı üçün hərbi qanunvericilikdə bununla bağlı yeniliklərin edilməsinin gözlənildiyini vurğulayan Zahid Oruc deyib ki, komitə Müdafiə Nazirliyi ilə birgə hərbi qanunvericiliyə aid digər məsələ ilə bağlı müzakirələr aparacaq. Onun sözlərinə görə, indiyədək hərbi ali məktəblərə qəbul ali təhsil alma ilə bağlı qanunvericiliyin tərkib hissəsi idisə, artıq bunu hərbi qanunvericilikdə də ayrıca nəzərdə tutmaq lazımdır ki, gələcəkdə bu hal təkrar baş verməsin. Millət vəkili əminliklə vurğulayıb ki, yeni müdafiə nazirimiz də buna humanist yanaşaraq, bu halın aradan qaldırılmasında Milli Məclislə həmrəy olacaq.

Qadınların Ali Hərbi Məktəbində təhsil almasının tərəfdarı olduğunu deyən ehtiyatda olan polkovnik- leytenant, hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bu qadağa mütləq aradan qaldırılmalıdır: "Dünyanın əksər ölkələrndə qadınlar Silahlı Qüvvələrdə xidmət keçir. Son illərə qədər bizdə də vardı bu proses. Amma sonradan Müdafiə Nazirliyinin müvafiq qərarı ilə bu məsələ dayandırıldı. İndi məsələnin yenidən gündəmə gətirilməsi çox yaxşı haldır. Əslində əvvəldən bilirdim ki, qızların Ali hərbi məktəbə qəbul məsələsi nə vaxtsa yenidən zərurətə çevriləcək. Hesab edirəm ki, istənilən halda qadınların hərbi sahədə çalışması müsbət hadisədir. Çünki qadın olan hərbi təşkilatda həmişə yüksək nizam-intizam olur. Bəzi adamlar var ki, qadınların hərbi sahədə olmasını birmənalı qarşılamır və bunu cəmiyyətə əsassız olaraq, fərqli formada təqdim edir. Mən onların heç biri ilə razı deyiləm. Yaxşı olar ki, həmin insanlar Amerika, Türkiyə, İsrail ordusuna diqqət yetirsinlər. Yeri gəlmişkən deyim ki, İsrail ordusunda qadınların həqiqi hərbi xidmət keçməsi qanunla tənzimlənir. Qadınların hərbidə iştirakı mənfi situasiyalarla nəticələnsə, dünyanın aparıcı ölkələri də bu praktikadan imtina edərdilər. Ta əvvəldən tərəfdarıyam ki, qadınlar hərbi xidmətə nə qədər çox cəlb olunsalar, bir o qədər yaxşı olar. Bu günləri Azərbaycanın güc strukturlarında iki nəfər qadın generalımız var. Səhv etmirəmsə, onlardan biri MTN-in general-mayoru Natəvan Qurbanovadır. Digəri isə FHN-nin Kadrlar İdarəsinin rəisidir. Adını xatırlamasam da, həmin xanımın da general-mayor olduğu mənə bəllidir. Bundan başqa, Azərbaycan ordusunda polkovnik, polkovnik- leytenant rütbəli qadınlarımızın sayı onlarladır və onların sayının daha çox olmasını arzu edərdim. Hətta bunu son dərəcə vacib hesab edirəm. Qadınlar kişilərə nisbətən daha soyuqqanlı olur. Həm də qadın olan yerdə məsuliyyət və təlim-tərbiyə, nizam-intizam var”.

Ali Hərbi Məktəblərə qızların qəbulunun hansı səbəbdən dayandırıldığına gəldikdə isə ekspert bildirib ki, bu məsələ tamamilə şəxsi maraqlara söykənir: "Bəzi iddialı şəxslərin qızların hərbi təhsil almasından xoşu gəlmədiyi üçün Ali Hərbi Məktəbə qızların qəbul prosesi dayandırıldı. Belə şeylərdə əslində dövlətçilik prinsipi əsas götürülməlidir, amma bizim bəzi insanlarımız öz maraqlarını daha üstün hesab edir. Açığını deyim ki, Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərdən birinin adı həmin vaxtlar heç də xoşa gəlməyən hadisədə hallandırılmışdı. Məhz bu hadisədən sonra da qadınların ordu sıralarına qəbulu prosesi dayandırıldı. Artıq məsələ gündəmə daşındığına görə, tezliklə öz həllini tapacağına ümid edirəm”.

Şəymən