“Guya, kişi yas məclislərinin olması doğrudur?”

Bu məsələni gündəmə gətirməklə “Təzəpir”in qadın mərsiyəxanlarına yas məclislərinə dəvət olunması üçün yol açmaq istəyirlər




Qadın yas məclislərini idarə edən şəxslərin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Artıq bu problemlər rəsmiləri də narahat edir. Hətta Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ötən gün din xadimləri ilə bağlı keçirilən konfransda çıxışı zamanı qadın məclislərinin idarə olunmasındakı nöqsanlardan danışıb: "Orada nə qədər nöqsanlar və problemlər var. Hər bir din xadimi öz ərazisində olan qadın mərsiyəxanlarla iş aparmalı, eyni zamanda bu qrup adamlar keçirilən belə seminarlara cəlb edilməlidir”.

İlahiyyatçı Elşad Miri "Şərq”ə danışarkən belə bir məsələnin gündəmə gəlməsinin biabırçılıq olduğunu söyləyib: "Çünki islam dinində yas məclisi deyilən anlayış yoxdur. İlk öncə islam dinində məclis anlayışının olmamasını gündəmə gətirmək lazımdır. Əsas bunu cəmiyyətə düzgün çatdırdıqdan sonra digər məsələlərə də aydınlıq gətirmək mümkündü. İndi isə yas məclislərini qadın mərsiyəxanların necə idarə etməsini gündəmə gətirirlər.

Digər tərəfdən, guya, kişi yas məclislərinin olması doğrudur? Onlar da bu günləri yığışıb o məclislərdə mollalıq edirlər. Ölən adamın yaxınlarının hisslərindən və dini savadsızlığından istifadə edirlər, ciblərinə girərək pullarını alırlar. Orada oturub "Qurani-Kərim”dən ərəb dilində bir neçə ayəni oxumaqla Quranı satmış olurlar. Burada başqa bir şey axtarmaq mümkün deyil. Deyilənlər tamamilə absurd məsələlərdir”.

E.Mirinin fikrincə, bu məsələni gündəmə gətirməklə "Təzəpir”in qadın mərsiyəxanlarına yas məclislərinə dəvət olunması üçün yol açmaq istəyirlər: "Gedib adıçəkilən məclisləri jurnalist kimi araşdırsanız, gələnlərin sayı ilə namaz zamanı məscidə toplaşanların sayında böyük fərq, əks qütbləşmə olduğunu görərsiniz: "Nisbətini belə müqayisə etmək mümkün deyil. Bir yaxınım vəfatı ilə bağlı yas məclislərinin birində hər kəs kimi mən də iştirak edirdim. Namaz vaxtı gedib məsciddə olan insanların sayı ilə burada iştirak edənlərin sayı arasında xeyli fərq olduğunun şahidi oldum. Məclisdə danışan mollalara belə insanlar qulaq asmırlar. Hətta onların arasından ayağa qalxıb "yalvarıram sizə, qulaq asın” deyən olub. Belə hallar çox olub. Bu, islam deyil”.

O, fikirlərinin sonunda cəmiyyətə müraciət edərək insanlara sağlığında qiymət vermək lazım olduğunu bildirib: "Çoxlu yemək-içmək verib, insanları maddi olaraq çətin vəziyyətə salmayın. Qəbir yerlərini satmayın və üzərinə başdaşı qoymayın. Bu qədər pulları israf etməyin”.

Vüqar Şahinoğlu