Üzümlü günlərimizə qayıdaq...

1984-cü ildə ümumi məhsula görə Azərbaycan İttifaqda 1-ci yerə çıxıb




Gürcülərin məşhur "Əsgər atası” filmində oğlunun ardınca "düşən” atanın üzümlüyü əzən tankın qarşısını qışqıra-qışqıra kəsməsi, qırılmış tənək budaqlarını necə nəvazişlə qaldırması təsirli epizodlardandı. Bizim bir filmimizdə də üzümdən yox, ondan alınan şərabdan danışılır. Xatırlayarsanız bəlkə. "Ad günü” filmində Əli (maraqlıdır ki, filmdə baş obraz əsasən "Alik” adıyla çağırılır - red.) oğlunun ad günü bazarlığına çıxır və satıcıya "ən yaxşısı, erməni konyakı olsun” deyir. Satıcı da şəstlə konyak şüşələrini ona uzadır. Bilmirəm, rəhmətlik Rasim Ocaqov öz filmində niyə brend kimi məhz erməni konyakını qabardıb, əməlli-başlı erməni reklamına işləyib? O vaxtlar erməni konyakı dəbdə idi, ona görə? Məgər Azərbaycan şərabı ermənilərinkindən pisdi?! Nə isə...

Bəzi vaxtlar etdiyimiz hərəkətlərin sonra qüsur, səhv kimi bizi təqib edəcəyini ağlımıza gətirə bilmirik. Qısa düşünürük, gələcəyə hesablanmış yox.

Sözümüzün canı başqadır.

Fransa prezidenti Fransua Ollandın Bakı səfəri zamanı siyasi məsələlərlə yanaşı, iqtisadi məsələlər də müzakirə predmeti oldu. Və Prezident İlham Əliyev üzümçülük sahəsində Fransa təcrübəsindən yararlanmağın vacibliyini vurğuladı. Çünki fransız şərabçılığı dünyada öncüllüyünü saxlamaqdadır.

Azərbaycan üzümçülüyünü isə təəssüf ki, son illərdə inkişaf edən sahələrə aid etmək mümkün deyil. Halbuki ötən əsrin 70-80-ci illərində Azərbaycan üzümçülük üzrə SSRİ-də birinci yeri tuturdu. Nə baş verdi ki, üzümlüklərimiz, üzüm salxımlarımız seyrəldi?

Tayı-bərabəri olmayan "Şirvanşahi”

Cavab axtarışlarına keçməzdən öncə üzümün faydasına qısaca da olsa toxunmalıyıq. Çünki necə faydalı bir giləmeyvədən bol-bol istifadə etmək imkanımız olduğu halda, bu şansdan yararlanmadığımızın mahiyyətinə varmalıyıq.

Üzüm tarix boyu insanların sevimli qida məhsulu olub. Üzümü təbiətin ecazkar hədiyyəsi hesab edirlər. Təbiətdə az giləmeyvə tapılar ki, öz qidalılığı və dad keyfiyyəti ilə üzümlə müqayisə edilə bilsin. Üzümün dad və ətrini müəyyən edən 150 komponent qeydə alınıb. Keyfiyyət zənginliyinə

görə bitki məhsulları içərisində yetişmiş üzüm giləsi birinci yerdə durur. İnsan orqanizmi tərəfindən asan mənimsənilən şəkərlərə görə üzüm digər meyvələrdən üstündür. 1 kq təzə üzüm bir gündə insana lazım olan enerjinin 30 faizini verə bilir. Rusiya Tibb Elmləri Akademiyası İnstitutunun məlumatına görə, bir adamın təzə üzümə orta illik fizioloji norması 8 kq qəbul edilib.

Hər gün təzə üzüm yeyən insanlar bir sıra xəstəliklərə - xüsusilə yoluxucu xəstəliklərə tutulmur. Üzüm bitkisi görünüşcə də gözəldir, gözə, qəlbə rahatlıq verir. Həyətlərdə çardağı vurulan üzümlüklər xüsusilə gözəl görünüş yaradır. İqtisadi baxımdan üzümçülük çox gəlirli sahə hesab edilir. Sahə vahidindən alınan gəlirə görə üzümçülük yalnız örtülü tərəvəzçilikdən (parnik üsulu ilə becərmə) geri qalır. Lazımi qaydada qulluq göstərildikdə bir hektar üzümlükdən 100 ton və daha çox məhsul əldə etmək mümkündür.

Azərbaycanda yetişdirilən üzüm sortlarının adlarını sayıb qurtarmaq olmaz. Elə maraqlı, qəribə adları var; gilabi, şəkəri, təmbəi, kərimqəndi, şirvanşahi, ordubadi, təbrizi, ağadayı, xəlili... Hələ xarici üzüm sortları da var - muskat, rkatsiteli, tavkeri, aliqat... Formasına görə, keçiəmcəyi, xanımbarmağı... Üzümçülüklə bağlı məlumatlarda o da qeyd olunur ki, Şirvanda yetişdirilən şirvanşahi üzüm sortu ilə dünyada rəqabətə girə biləcək sort yoxdur.

İndi keçək, məsələnin o biri tərəfinə ki, ölkəmizdə üzümçülüyün inkişafına hər cür münbit şərait olduğu halda, bu sahə niyə inkişafdan geri qalır?

Cavabın tapılmasında bizə professor Famil Şərifov kömək etdi. F.Şərifov üzümçülük üzrə tanınmış mütəxəssis və elmi əsərlər müəllifidir.

F.Şərifovdan öyrəndik ki, Azərbaycanda üzümçülüyün və şərabçılığın tarixi uzaq keçmişə gedib çıxır:

- Arxeoloqlar Göygöl rayonu ərazisində eramızdan əvvəl II əsrə aid şərabçılıq inventarları aşkar etmişdilər. Amma Göygöldə şərabçılığın müasir tarixi XIX əsrin birinci yarısında başlayıb, XIX əsrin ortalarından etibarən inkişaf etmişdi. Bu dövr çar Rusiyasının əcnəbilərin məskunlaşdırılması barədə verdiyi manifestlərdən xəbər tutan yüzlərlə İsveçrə mənşəli alman ailəsinin Azərbaycan torpaqlarına köçürülməsi dövrü idi.

Alman kolonistlərini sahibkara çevirən üzümlüklər

1819-cu ildə, Gəncədən 7 mil məsafədə qədim yaşayış məskəni Xanlıqlar kəndinin ərazisində Vürtemberq almanlarına ayrılmış torpaqlarda Azərbaycanda ilk alman koloniyası olan Yelenendorf yarandı. Yelizavetpol (Gəncə) quberniyasında məskən salan, işgüzarlığı ilə seçilən alman ailələri tezliklə bu torpaqların əsas sirrini öyrənirlər. Onlar burada iri üzümlüklər salırlar. Səsi-sorağı Moskva, Xarkov, Paris, Hamburq, Münhen, Maqdeburq və London sərgi-yarmarkalarından gələn, yüksək medallara layiq görülən şərablar istehsal edən zavodlar qururlar. Xristofor Forerin və Xristian Hummelin səhmdar şirkətləri bu işdə xüsusi ad-san qazanır. Onların istehsal etdikləri şərablar, konyaklar imperiyanın hər tərəfində satılır. Alman kolonistlərinin qazandıqları nailiyyətlər bir çox məşhur rus şərabçılarının da Azərbaycana marağını artırır və onlar da əsasən Gəncə torpaqlarına axışırlar.

1860-cı ildə Azərbaycan torpaqlarında özlərinə məskən salmış alman sahibkarları rayonun ərazisində Göygöl Şərab Zavodunun əsasını qoyublar. Həmin vaxtdan etibarən Göygöl rayonunda şərabçılıq və üzümçülük sürətlə inkişaf etməyə başlayıb. Sovet hakimiyyəti illərində rayon təkcə respublikamızda deyil, ümumiyyətlə, keçmiş İttifaq miqyasında özünün yüksək keyfiyyətli şərab məhsulları ilə tanınırdı. Bu illər ərzində respublikada üzümçülük və şərabçılıq sürətlə inkişaf edirdi. Azərbaycan keçmiş müttəfiq respublikaları içərisində üzüm istehsalına görə rekord göstərici ilə ön yerdə olub. 1984-cü ildə ümumi məhsula görə Azərbaycan İttifaqda 1-ci yerə çıxdı. Həmin il Azərbaycanda 2 milyon 126 min ton üzüm istehsal olunmuşdu. O zaman respublikada 181 üzüm emalı müəssisəsi var idi. Təsadüfi deyil ki, 1985-ci ildə ölkənin ümumi əkin sahəsinin 218.8 min hektarını üzüm plantasiyaları tuturmuş. Üzümçülük, aparıcı sahə olaraq, dövlət büdcəsinə milyonlarla manat gəlir gətirirdi. Şamaxı, Cəlilabad kimi ənənəvi üzümçülük rayonlarında ildə 200-220 min ton üzüm istehsal olunurdu. Lakin 1980-ci illərin ikinci yarısından başlayaraq üzümçülük təsərrüfatlarının dağıdılması nəticəsində bu göstəricilərdən əsər-əlamət qalmadı...

Üzümçülükdə fransız təcrübəsi

F.Şərifovun sözlərinə görə, əkildikdən təxminən 3-4 il sonra məhsul verən üzüm çoxillik bitki olmaqla yanaşı, həm də istehsalçılarına milyonlarla manat gəlir gətirən olduqca perspektivli fəaliyyət sahəsidir:

- Üzüm istehsalı ilə, xüsusən şərabçılıqla məşğul olan ölkələrin təcrübəsi göstərir ki, sözügedən sahə həm də dövlət büdcəsinin formalaşmasında önəmli rol oynayır. Qonşu Gürcüstan, Türkiyə üzümçülükdən külli miqdarda gəlir əldə edir. Çünki üzümlüklərə yaxşı baxırlar, vaxtlı-vaxtında budayırlar, dərmanlayırlar. Qulluq edirlər. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar... Son illər bizdə də tərpəniş hiss edilir. Xanlar, Samux, Tovuz, Qəbələ, Yevlax və başqa rayonlarda geniş sahələrdə üzüm plantasiyaları salınıb. Xarici ölkələrdən mütəxəssislər dəvət olunub. Respublikanın müxtəlif bölgələrində Fransa, İtaliya, İspaniya, İran, Gürcüstan, Moldova, Ukrayna, Özbəkistan və s. ölkələrdən gətirilmiş 70-dən artıq yüksək üzüm sortu əkilir. Üzüm əkini və yetişdirilməsi prosesində ən müasir texnologiyalardan və elmi təcrübələrdən istifadə olunur. Amma üzümçülük və şərabçılığın daha səmərəli inkişafını təmin etmək üçün dövlət tərəfindən bir sıra tədbirlərin görülməsinə zərurət var. Hazır məhsulun dünya bazarına çıxarılması vacib şərtdir. Eyni zamanda, ixrac proseslərinin daha da sadələşdirilməsi və stimullaşdırılmasına da ehtiyac duyulur. Azərbaycan şərabının və konyakının daxili və xarici bazarda öz yerini tutması üçün mütləq yüksək keyfiyyətə diqqət yetirilməlidir. Məhsulun keyfiyyətinə nəzarət etməli olan qurumlar bazara çıxarılan malların istehsalına xüsusi diqqət göstərməli və yalnız keyfiyyətli məhsula şərait yaradılmalıdır. Artıq standartlar və tələbat dəyişib, dünya bazarı yüksək keyfiyyətli məhsul tələb edir. Azərbaycan şərabçıları da dünya standartlarına cavab verən məhsul təqdim etməlidirlər.

Üzümçülyün zəifləməsinin səbəbləri təsərrüfatların əvvəlki qaydada təşkili, idarə edilməsi və təchizatı mexanizminin pozulması oldu. Təsərrüfatlar yeni struktur dəyişkənliyinə uğradı. İri səhmdar cəmiyyətləri, sahibkar və fermer təsərrüfatları yarandı. Bu təsərrüfatlarda üzümlüklərin təşkilində, sortların seçilməsində, alınan məhsulun istifadə istiqamətində aqrotexniki tədbirlərin seçilməsində və təchizat məsələlərində çox müxtəliflik oldu. Amma təsərrüfatların hamısı eyni maliyyə imkanına və eyni miqdarda üzümlüyə malikolma istəyinə malik deyil. Yeni salınan üzümlüklərin sahəsi 800-1000 hektara qədərdir. Amma məsələn, Fransa kimi üzümçülük, şərabçılıq ölkəsində sahibkar və fermerlərin üzümlükləri 5-10 ha olur. 5 ha üzümlüyü olan fermer ailə büdcəsini tam təmin etmiş olur.

Yeni üzümlüklərin salınması müəyyən problemlərlə üzləşir. Respublikanın hər yerində üzüm bitkisinin çox qorxulu zərərvericisi olan filloksera mövcuddur. Bu mövcudluqda üzümlüklər calaq və öz kökü üstündə olan əkin materialı ilə salına bilər. Calaq tingi isə yalnız xarici ölkələrdən əldə etmək mümkündür. Buna da imkanı olan sahibkarların sayı çox azdır. Deməli, yeni üzümlük salınmasında əsas əkin materialı öz kökü üstündə olan bitkidir (ting və yaxud çubuq ). Sahibkar bundan da düzgün istifadə etməyi bacarmalıdır.

2012-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Fransanın Burqundiya regionunun Yon vilayəti arasında üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılmışdı və üzümçülük və şərabçılıq sahəsində beynəlxalq standartların və Fransa təcrübəsinin Azərbaycanda elmi-tədqiqat sahəsində tətbiq edilməsi məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu ilə Fransanın (yaxud da Burqundiya regionunun) müvafiq elmi-tədqiqat müəssisələri ilə təmasların yaradılması və birgə tədqiqat işlərinin aparılması və Fransada yetişdirilən yüksək məhsuldar üzüm tinglərinin Azərbaycana gətirilməsi də məqbul sayılmışdı. 2013-cü ildə isə Gəncədə Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişafı məqsədilə üzümçülük sahəsində anlaşma imzalandı. Görünür, beynəlxalq əməkdaşlıqları daha da genişləndirməyin, bağlanmış sazişlərdən irəli gələn işlərin tempini sürətləndirmək zərurəti yaranıb.

Məlahət Rzayeva