Örnək şəxsiyyət...

Əhməd bəy Ağaoğlu mühacir həyatı yaşasa da, azərbaycançılıq ideologiyasının ən məşhur carçılarından olub



Azərbaycançılıq və millətçilik şüarlarının ən məşhur carçılarından biri də görkəmli ictimai-siyasi xadim, publisist, mütəfəkkir, milli ideoloq, yazıçı, Azərbaycan türklərinin ilk millətçi partiyasının ("Difai”) qurucusu Əhməd bəy Ağaoğlu olub. Əhməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib.

1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olub. Ə.Ağaoğlu Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alıb. Beş dilə mükəmməl şəkildə yiyələnən Ə.Ağaoğlu o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış edib. 1894-cü ildə fransız dilini tədris etmək məqsədilə Qafqaza qayıdan ədib Bakıda məskunlaşıb. Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Ə.Ağaoğlu tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayıb. Ə.Ağaoğlu əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsilin inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadilsənin əsas faktoru kimi göstərən Ə.Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. O, 1901-ci ildə çapdan çıxan kitabında "azad qadınsız milli inkişaf ola bilməz” fikrini sübuta yetirib. Transqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilən Ə.Ağaoğlu öz fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında da böyük rol oynayıb. 1906-cı ilin payızında Ə.Ağaoğlunun başçılığı ilə Bakıda "Difai” partiyası yaradılıb. Partiyanın proqram layihəsi Ağaoğlunun redaktoru olduğu "İrşad” qəzetində çap edilib. Bu proqrama görə, "Difai”nin əsas məqsədi Azərbaycan xalqını fəlakətlərdən xilas etmək və onu geriliyin pəncəsindən qurtarmaq idi. Bunun üçün maarif və silahlı güc əsas vasitələr hesab edilirdi.

"Difai” az bir zamanda xalqın içinə girib, onun təşkilatlanması istiqamətində diqqətədəyər işlər görə bildi. Partiya üzvləri bir qayda olaraq xeyriyyə cəmiyyətlərinin çətiri altında fəaliyyət göstərirdilər. Partiyanın "təhlükəli” olduğundan yazan Gəncə qubernatoru qeyd edirdi ki, Qarabağın çox yerində hakimiyyətin verdiyi qanunlara deyil, bu partiyanın qərarlarına meyl edirlər. Mən inanıram ki, "Difai” çox sürətlə böyüyəcək və tezliklə Qafqazın bütün əhalisini əhatə edəcək. Bir neçə ay bundan əvvəl "Difai” adı haqqında heç kəs heç nə eşitməmişdi. İndi onu hamı tanıyır, hamı onun fəaliyyətini bəyənir, hamı ona inanır. Çünki partiya ağıllı, ehtiyatlı, dürüst və səmimi adamların əlindədir”.

Partiyanın əsas fəaliyyət istiqamətlərindən biri də erməni terrorçularının imperiyanın dəstəyi ilə türk-müsəlman əhalisinə qarşı silahlı hücumlarının qırğınlarının qarşısını almaq olub. Ümumiyyətlə, partiyanın fəaliyyəti geniş idi. Qurumun qəbul etdiyi 52 maddədən ibarət proqrama görə, bütün ictimai-iqtisadi, mədəni-maarif və dini-əxlaqi işlər, yerli və ali orqanlara nümayəndələrin təyini partiyanın göstərişi ilə hərəkət edən idarələrin və məclislərin ixtiyarına verilirdi. "Difai”nin bəyanatlarında milli azadlıq ideyaları açıq təbliğ olunurdu. Bu baxımdan milli hərəkat tariximizdə çox mühüm yer tutan "Difai”ni Azərbaycan türklərinin sırf millətçi təmələ söykənən ilk siyasi təşkilatı hesab etmək olar. 1909-cu ildə çar hökumətinin təqib və təzyiqləri nəticəsində "Difai” partiyasının fəaliyyətinə son qoyulsa da, "Difai”nin üzvləri 1911-ci ildə yaradılmış "Müsavat” partiyasının tərkibində yer alıblar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli ordunun tərkibi də əsasən keçmiş "Difai” üzvlərindən təşkil olunub. Osmanlıda geniş vüsət almış "Gənc Türklər” hərəkatından təşvişə düşmüş çar qüvvələri Ə.Ağaoğlunu təqib etməyə başlayırlar. Təqiblərdən yaxa qurtara bilməyən görkəmli ədib 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Qardaş ölkədə gedən sosial-ictimai olaylara biganə qalmayan Əhməd bəy bu proseslərdə də aktiv iştirak edir. 1909-cu ildə İstanbul Darülfünununda müəllimliyə başlayır. Birinci dünya savaşının gətirdiyi yeni şərtlərdə Ə.Ağaoğlu daha çox siyasi işlərlə məşğul olub. Yusuf Akçura, Əli bəy Hüseynzadə, Əbdürrəşid İbrahimlə birlikdə İstanbulda "Rusiyada Sakin Müsəlman Türk-Tatarların Haqlarını Müdafiə Cəmiyyəti” adlı təşkilat quraraq Avropa ölkələrində görüşlər keçirib. Konfranslar və yazıları ilə Avropanın diqqətini Rusiyadakı millətlərin məzlum vəziyyətinə çəkməyə çalışıb. ABŞ prezidenti Vilsona xüsusi müraciət göndərib. 1918-ci il Azərbaycanda ilk müstəqil, demokratik cümhuriyyətin qurulması xəbərini sonsuz sevinclə qarşılayan Əhməd bəy elə həmin il vətənə qayıdır və yenicə qurulmuş ilk müsəlman demokratik dövlətin möhkəmlənməsi naminə geniş fəaliyyətə başlayıb. İstiqlalını elan etmiş, amma fiziki varlığı təhlükə altında qalan AXC-ni qurtarmaq üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri olan Ə.Ağaoğlu müstəqil dövlətimizin həyatında mühüm rol oynayıb və dövlət quruculuğu işində fəal iştirak edib. Azərbaycan Parlamentinə üzv seçilən Ağaoğlu eyni vaxtda iki ölkənin, Azərbaycan və Türkiyə Parlamentlərində təmsil olunan yeganə şəxs olub.

Milli Məclisə üzv seçilən Ə.Ağaoğlu 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib. Şura hökuməti qurulduqdan sonra Əhməd bəy yenidən Türkiyəyə, Ankaraya köçməli olub.

İslamı dərindən mənimsəyən Ə.Ağaoğlu Azərbaycan türkləri arasında ilk dəfə "türk-islam millətçiliyi” elmi-rassional nəzəriyyəsini irəli sürüb. Azərbaycanın mühacir ziyalılarından Mirzə Bala Məmmədzadə və Hüseyn Baykaranın mülahizələrinə görə, Ə.Ağaoğlu nəzəri şəkildə "türk-islam millətçiliyi”ni təbliğ edib. Onların fikrincə, Ağaoğlu bir ziyalı kimi islamda islahatlar aparmaqla müsəlman millətlərinin tənəzzüldən qurtarıb, tərəqqi etməsinə çalışıb.

Ziyalılar hesab edirlər ki, Ağaoğlunun islamçılığı siyasiləşdirməsi milli məsələnin gündəmə gəlməsi üçün təkanverici rol oynayıb. Həmin ideyanın əsasında siyasi türkçülük və daha sonra etnik-milli türkçülük (azərbaycançılıq) təşəkkül tapıb. Şübhəsiz, islamçılıqdan türkçülüyə, türkçülükdən azərbaycançılığa gedən yol təkamül nəticəsində baş verib. Bu baxımdan, Ə.Ağaoğlu həmin dövrdə "türk-islam millətçiliyi” uğrunda mübarizə apararaq, Azərbaycan milli-türk ideyasının meydana gəlməsinə zəmin hazırlayıb. O, bütövlükdə 1900-1910-cu illərdə tərəqqipərvər islamçılığa əsaslanan türk-islam millətçiliyi nəzəriyyəsi ilə bağlı iki məsələyə diqqət yetirilməsini zəruri sayırdı: 1) islam dünyasının fəlakətlərinin səbəbləri obyektiv təhlil edilməlidir. 2) dini kimliklə milli kimlik (türklük) nəinki bir-birinə ziddir, hətta bir-birini tamamlayır. Ağaoğlu hesab edirdi ki, hər bir türk milləti ilkin islama əməl etməklə, milli-mənəvi dəyərlərə sahib çıxmaqla yanaşı, qərb mədəniyyətinin müsbət dəyərlərini də mənimsəməli və Avropa millətləri kimi inkişaf etməlidir. Çünki islam bədbinlik deyil, nikbinlik və tərəqqipərvərlik dinidir. Ə.Ağaoğlu millətçiliyi islamçılığın əsas silahlarından biri kimi görüb. Bu baxımdan "Kaspi”, "Həyat” və "İrşad” qəzetlərində dərc olunan məqalələrində ruslaşdırmaya, farslaşdırmaya, o cümlədən erməni millətçiliyinə qarşı çıxaraq milli mənsubiyyət məsələsinə geniş yer verib. Milli adət-ənənələri və mədəniyyətini təbliğ edərək, milli hüquq və azadlıqlardan bəhs edib. Ağaoğlu qeyd edir ki, azərbaycanlılar Rusiyada həyata keçirilən islahatlardan maksimum yararlanmalı, yeni həyat formaları arasında başını itirməməli, ətrafımızdakı xalqların səviyyəsinə çataraq özümüzə layiqli yer tutmalıdır. Onun bu tezislərində açıq-aşkar siyasi ünsürlər də öz əksini tapıb. Çünki o, Rusiyadakı türkləri eyni ideyanı, dini və etnik mənsubiyyəti nəzərə almaqla, birləşməyə çağırır və əsas yükü ziyalıların çiyninə qoyurdu: "Birinci növbədə ziyalılar bütün qüvvələrini cəmləşdirməli, gecə-gündüz yorulmaq bilmədən işləməli və ölkə yeni həyata qədəm qoyduğu andan etibarən buna hazır olmalıdırlar. Əgər bu baş verərsə, onda türklər (azərbaycanlılar) Qafqazın ən sanballı ünsürü kimi mövqeyinə uyğun yer tuta biləcək və kənarda qalmayacaq”. Hər fürsətdə millətçiliyin gərəkliliyi mövzusuna üz tutan Ə.Ağaoğlu "Millət və millətçilik” başlıqlı dörd hissədən ibarət məqalə yazıb. Bu məqalə Bakı mətbuatını sosializm fikrinə aludə olmaqda ittiham edən "Tərcüman” qəzetinin bir məqaləsinə cavab olaraq yazılıb. Əhməd bəy bu iddianın doğru olmadığını bildirərək millətçilik haqqında özünün baxışlarını izah edib. O qeyd edib ki, "hər fərdin ömründə olduğu kimi, bir millətin ömründə də dövrələri var. Bu dövrələri keçmək məcburi bir əməldir”. Qərb ölkələrindən öyrənməyin vacib olduğunu vurğulayan görkəmli ideoloq Avropa tarixində millətçiliyin oynadığı müsbət quruculuq rolundan bəhs edib: "Bütün millətlərin ən parlaq mərhələləri "millətçilik” deyilən dövrələridir”. Əhməd bəy başqa məsələlərlə yanaşı, hər millətçiliyin müsbət olmadığı fikrində də israr edirdi. Rusiyada Pruşkeviçin millətçiliyi ilə Turgenevin millətçiliyi arasında böyük fərq olduğunu deyirdi. O öz millətinin eyiblərini, başqa millətlərin müsbət keyfiyyətlərini gizlətməyi xəyanət sayırdı: "Həqiqi millətçi millətini tənqid etməkdən, millətinin eyiblərini qeyd etməkdən çəkinməməlidir. Eyni zamanda qeyri millətlərin arasında olan gözəl sifətləri, adətləri öz milləti üçün örnək bilib, millətini buna təşviq etməlidir”. Ə.Ağaoğlunun "həqiqi millətçilik” anlayışında keçmişi ideallaşdırmaq yoxdur. Əksinə, o, tarixin öyrənilməsinin ondan dərs almaq üçün lazım olduğunu bildirir. Ağaoğlunun "Bizim millətçilər” adlı məqaləsi Paris dövrünün yanlış fikirlərindən onun tamamilə uzaqlaşdığını göstərir. Onun adıçəkilən məqaləsi həm dövrün, həm də müəllifin özünün ideoloji-siyasi əhval-ruhiyyəsini əks etdirmək baxımından önəmlidir. Müəllifə görə, "millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir”.

Ə.Ağaoğlu 70 illik mənalı və məhsuldar həyatı boyu mənsub olduğu milləti üçün çalışaraq, özündən sonra böyük miras qoyub. Özünün ifadəsi ilə desək, "həyatı boyu yazdığı məqalələrin hamısı bir araya toplansa, Bakıdan İstanbula qədər geniş yol ortaya gələr”. Azərbaycan və Türkiyə siyasi həyatında görkəmli türkçü və demokrat olaraq qəbul edilən Ə.Ağaoğlu örnək şəxsiyyət olub. İqtidarlar onu əyə, mübarizə yolundan sapdıra bilməyib. Bu mirasın sahibləri ona hələ də borcludurlar. Bu borcu isə onun külliyyatını toplayaraq nəşr etdirmək və xidmətləri qarşılığında adını əbədiləşdirməklə ödəmək olar.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb