Müdafiə nazirinə yeni müavin təyin edildi

Müdafiə nazirinin keçmiş müavini, general-leytenant Çingiz Məmmədov isə Silahlı Qüvvələrdən ehtiyata göndərilib




Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Silahlı Qüvvələrdən ehtiyata göndərilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ç. Məmmədov ordudan ehtiyata bu gün göndərilib. Onun yerinə isə IV ordu birləşməsinin komandanı, general-leytenant Kərim Vəliyev təyin edilib.
General-leytenant K. Vəliyev IV ordu birləşməsindən əvvəl Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi, I və IV ordu birləşmələrinin komandanı vəzifələrində xidmət edib.
Qeyd edək ki, sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışmış Ç. Məmmədov ötən ilin sonlarında Silahlı Qüvvələrdən ehtiyata göndərilməsi barədə müdafiə naziri Zakir Həsənova raport yazıb.