Bakıda homoseksualı 2 manata görə amansızlıqla öldürdülər

5 gün əvvəl törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı şok faktlar üzə çıxıb

 


Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi 5 gün əvvəl törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, paytaxtın polis, milli təhlükəsizlik və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilib. Belə ki, mayın 13-də Lənkəran rayon sakini, 1964-cü il təvəllüdlü Mehralıyev İltifat Nurməmməd oğlunun Sabunçu rayonunun Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evdə üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib və faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin tamah niyyəti ilə paytaxtın Nərimanov rayonunda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Bədəlov Turqay Qulu oğlu tərəfindən törədilməsi müəyyən edilib. T.Bədəlov şübhəli şəxs qismində tutulub və cinayətin aləti olan bıçaq və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
T.Bədəlov ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
*****
12:01
Lent.az-ın əldə etdiyi məlumata görə, mayın 10-da Bakıxanov qəsəbəsi ərazisində 50 yaşlı İltifat Mehrəliyevi qətlə yetirən Gürcüstan Respublikasının vətəndaşı, 1991-ci il təvəllüdlü Turqay Bədəlovun yaxalanması dəhşətli məqamları ortaya çıxarıb. Bəlli olub ki, 1964-cü il təvəllüdlü İltifat Mehrəliyev Lənkəran rayon sakinidir. Bakıda zibilyığan avtomobillərdə fəhlə işləyən İ.Mehrəliyev 1 oğul, 5 qız atası olub və Bakıxanov qəsəbəsində kirayə yaşayırmış. Bir müddət əvvəl o, 23 yaşlı Turqay Bədəlovla tanış olub və onlar tez-tez metronun "Koroğlu” stansiyası yaxınlığında, İ.Mehrəliyevin kirayədə yaşadığı mənzildə görüşürlərmiş.
Bildirilir ki, qətlə yetirilmiş İ.Mehrəliyev cinsi azlıq nümayəndəsi olub. O, xeyli müddət özündən 27 yaş kiçik olan Turqay ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Mayın 10-da isə hər iki şəxs yuxarıda qeyd edilən evdə yeyib içiblər. Sərxoş vəziyyətdə olan İ.Mehrəliyev yatıb və bundan sonra T.Bədəlov küt alətlə onun başına vuraraq öldürməyə çalışıb. Yuxudan ayılan İ.Mehrəliyev heç nə anlamadan Turqayla əlbəyaxa olub və elə bu zaman gənc oğlan bıçaqla 50 yaşlı kişiyə çoxsaylı zərbələr endirərək onu öldürüb. O, qətl törətdikdən sonra ərazidən uzaqlaşıb.
T.Bədəlov ilkin ifadəsində bildirib ki, qətli tamah məqsədi ilə törədib və hadisədən sonra evdən 2 manat pul və telefon götürərək qaçıb. Lakin istintaq qətlin qısqanclıq, yəni İ.Mehrəliyevin T.Bədəlova "xəyanət” etməsinə görə törədilməsini də istisna etmir.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, T.Bədəlovun ailəsi Gürcüstanda yaşayır və o, Bakıda avaraçılıqla məşğul imiş.
*****
10:14
Bakıda 5 gün öncə qətl hadisəsi törədən şəxs tutulub. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 10-da rayon ərazisində İltifat Mehrəliyevi qətlə yetirən Gürcüstan Respublikasının vətəndaşı, 1991-ci il təvəllüdlü Turqay Bədəlov saxlanıb.
Qeyd edək ki, mayın 13-də metronun "Koroğlu" stansiyası yaxınlığındakı evlərin birində kişi meyiti tapılıb.
Həmin ərazidə yaşayanlar qonşuluqdakı evdən kəskin iy hiss etdiklərindən polisə məlumat veriblər.
Əraziyə gələn Sabunçu polisi İltifat Mehrəliyevi yaşadığı evdə ölü tapıb. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, o, qarın və boğaz nahiyəsindən bıçaq zərbələri ilə qətlə yetirilib.
Mərhumun oğlu Əliyar Mehrəliyev APA-ya bildirib ki, atasının ölüm xəbərini polislərdən öyrənib. O, atasının naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirildiyindən şübhələndiyini bildirib. Ə. Mehrəliyevin sözlərinə görə, fəhlə işləyən atası ilə hadisədən 10 gün öncə görüşüb.
Meyit ekspertiza üçün Sabunçu rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi araşdırır.