Analarımız ölür axı!..

Ramin Hacılı: “10-15 hamilə qadın Səhiyyə Nazirliyinin önündə “Biz ölmək istəmirik. Dünyaya uşaq gətirmək istəyirik” şüarı ilə aksiya keçirsinlər”
Zülfiyyə Mustafayeva: “Qadın tanıyıram ki, həkimə yalnız bir dəfə - doğuş zamanı gedir”

Fəridə Abdıyeva: "Bu məsələdə QHT-lər də çox zəifdir. Onlar ancaq konkret layihələrə üstünlük verirlər”

Ana və uşaq ölümləri ilə bağlı Səhiyyə Nazirliyindən yalnız "fakt ciddi araşdırılacaq”, "ölümün səbəbləri ekspertizanın rəyindən sonra açıqlanacaq”, "günahkarlar cəzalandırılacaq” kimi ifadələr eşidirik. Torpağın üzü soyuqdu. Ölüm faktının üzərindən bir müddət keçdikdən sonra hadisə barədə unudulur. Ölüm faktı baş vermiş tibb müəssisəsinin həkimlərinin hansı cəzanı aldığı da heç bilinmir. Nə cəza alacaqlar ki?! Uzaqbaşı töhmət və ya şiddətli töhmət. Lap olsun, işdən kənarlaşdırma. Bu, gənc bir ananın və ya dünyaya gətirdiyi və ya gətirə bilmədiyi körpəsinin həyatına qarşılıq ola bilərmi? Təbiidir, hüquq var, hər əmələ görə konkret məsuliyyət dərəcəsi var. Bunlar hamısı bəlli. Amma, analarımız ölür axı!.. Doğulmaq, dünyaya göz açmaq üçün çırpınan körpələrimiz ölür axı!.. Dünyaya bir can gətirməli olan və əslində bu bəşəri hadisənin baş verməsinə hazırlaşan bir qadın iki can itirir. Həm öz canını, həm də körpəsinin canını. Ana və körpə ölümləri ilə bağlı son illərin mənzərəsi dəhşətlidir. Gənc qadınların doğuş zamanı həyatlarını itirməsi xəbərləri hədsiz intensivləşib. Son bir həftə ərzində 2 ölüm faktı qeydə alınıb. Ağdaş və Sabirabadda.

Analığın xoşbəxtliyini dadmayanlar - Vüsalə Məmmədova (Qazax), Təranə Əhmədova (Ağstafa), Alidə Rzayeva, Billurə Abbasova (Sabirabad), Pərvanə Ricai (Gəncə), Pərvanə Hüseynova (Bakı), Sayad Abdulrəhmanova (Ucar), Pərvanə Qurbanova (Yevlax), Rəşidə Sadıyeva, Rəhimə Şıxəliyeva... Bakıda 7 saylı doğum evində 1 körpə, Cəlilabadda əkiz körpələr vəfat edib. Bunlar hamısı ayrı-ayrı vaxtlarda baş vermiş ana və körpə ölümləridir. Və bu ölümlərə görə kimlərin günahkar olduğu bilinmir. 2014-cü ilin 5 ayı ərzində artıq 10 ana ölümü qeydə alınıb. 2013-cü ildə isə 24 ana ölümü.

Ana ölümü faktları ilə bağlı KİV-ə açıqlama verən Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva isə deyib:

- Bu il (2013-cü il) baş verən ana ölümü halının 2/3-si ilə bağlı inzibati tədbirlər görülüb: "Ana ölümləri ilə bağlı bu il 11 ay ərzində 10 həkim işdən çıxarılıb, 77 tibb işçisi barəsində isə müxtəlif inzibati tədbirlər görülüb. Bəzilərinə şiddətli töhmət verilib, bəziləri barəsində digər inzibati tədbirlər görülüb”. Vəssalam. Ana ölümləri ilə bağlı cəzalandırmalar bundan o yana keçmir.

Ana və körpə ölümləri ilə bağlı indiyədək çox məqalələr yazılıb, telekanallar bu problemi dəfələrlə qabardıb. Hər dəfə də həkimlər demək olar ki, sudan quru çıxıblar. Günahın çoxu qadınların üzərinə yüklənib. Yəni, həkimə vaxtında müraciət etmirlər, vaxtlı-vaxtında müayinədən keçmirlər və s. Həkimlərin savadsızlığı, səriştəsizliyi, rüşvət halları, müayinələr, analizlər üçün külli miqdarda pul tələb olunması, bəzi həkimlərin növbəsi bitəcək deyə, pasiyentinə xüsusi iynələr vurmaqla doğuşu süni şəkildə tezləşdirmələri, qazanc əldə etmək naminə normal hamiləlik keçirən qadınlara qeysəriyyə üsulu ilə doğuşda nəinki təklif, hətta israrla təkid etmələri kimi hallarsa arxa plana keçir. Sübut, fakt istənilir. Kim indiyədək görüb ki, kimsə pul verdiyi həkimin adını açıqlasın. Təəssüf ki, Azərbaycan mentalitetinə bu yad olduğundan bəzi həkimlərin rüşvətxorluğunu sübut etmək qeyri-mümkündür.

Ana və körpə ölümləri statistikası getdikcə təhlükəli hal aldığından gələcəyimizi təhdid edən problemə bu dəfə başqa prizmadan yanaşmağı qərara aldıq. Doğuş zamanı ana və körpə ölümlərinin səbəblərini, kimlərin daha çox günahkar olduğunu araşdırmayacağıq. Sadəcə, cəmiyyətə, həm də gənclərə "ana ölümlərini gündəmə gətirmək, ictimaiyyətin diqqətini bu problemə cəlb etmək üçün nələr edilməlidir” sualı ilə müraciət edəcəyik. Çünki hazırkı gənc sabahın anası və həsrətlə övlad gözləyəcək atasıdır. Onların da başına belə müsibətlər gəlməsin deyə, vaxt itirilmədən problemin həlli yolları tapılmalıdır.

Azərbaycan Avropa Hərəkatının prezidenti, sabiq "Dalğa” rəhbəri Ramin Hacılı "Şərq”ə açıqlamasında vaxtilə "Dalğa”nın keçirdiyi aksiyaların, məhz bu sıradan olan problemləri qabartmaq məqsədi daşıdığını dedi:

- O vaxtlar biz, "Dalğa”çılar aksiyalar keçirəndə bizə irad tuturdular. Amma biz bu günü düşünüb aksiyalara üstünlük vermişdik. Deyirdik, Azərbaycanda doğru-düzgün təhsil yoxdur. Universitetlər ali məktəb yox, bazardı. Müəllimlər pulla qiymət yazır. Pulla qiymət alan tələbədən sabah yaxşı mütəxəssis olacağını gözləməyinə dəyməz. Bu gün tibb mərkəzlərində çalışanlar arasında bir neçə il əvvəl ali məktəbi bitirmiş tələbələr var. Hansı ki, pulla qiymət alıb indi də guya ki, həkim işləyirlər. Həkim təyin olunmaq üçün də pul vermək tələb olunur. Biz bu problemlərdən danışanda, etiraz edirlər ki, belə hal yoxdur. Halbuki, bunu bütün Azərbaycan bilir. Bir həkim ki, pula işə düzəldi, ondan nə gözləmək olar? Əlbəttə, o həkimin gözü xəstənin əlinə baxacaq. Konkret təklifim budur ki, 10-15 hamilə qadın Səhiyyə Nazirliyinin önündə "Biz ölmək istəmirik. Dünyaya uşaq gətirmək istəyirik” şüarı ilə aksiya keçirsinlər. Tələbləri də bu olsun ki, Səhiyyə Nazirliyi hamilə qadınların körpələrini xarici ölkələrdə dünyaya gətirməsi üçün maliyyə vəsaiti ayırsın. Konkret belə tələb etsinlər ki, "Oqtay müəllim, bizə pul verin, gedək uşağımızı xaricdə doğaq.”

Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva ana və körpə ölümlərinin gündəmə gətirilməsi ilə bağlı xüsusi proqramın işlənməsinə ehtiyac olduğunu düşünür:

- Bilirsiz, bir dəfə hansısa aksiya keçirməklə müsbət nəticəyə nail olmaq mümkün deyil. Bu elə bir problemdir ki, iki istiqamətdən yanaşma tələb edir. Biz yalnız tibb sahəsini günahlandıra bilmərik. Ana ölümlərində peşəkar həkim kollektivinin olmaması, həkimlərin səriştəsizliyi, pullu tibbi yardım və s. amillərin böyük təsiri olduğu kimi, qadınlarımızın məlumatsızlığının, sağlamlığına biganəliyinin də rolu var. Qadın tanıyıram ki, həkimə yalnız bir dəfə - doğuş zamanı gedir. Bütün hamiləliyi dövrü ərzində bircə dəfə olsun həkimə müraciət etmir ki, görsün bəlkə nəsə patalogiyası var. Hamiləliyə hazırlaşmaq lazımdır. Müayinələrdən keçmək, analizlər vermək lazımdır. Perinatal Mərkəzlər də düzgün işləmir. Hamilə qadınlardan analiz verməyi, müayinə olunmalarını tələb etmirlər. Həkimlər vəzifələrinə səhlənkar yanaşır. Təsəvvür etmək belə dəhşətlidir ki, körpələr NİV virusu ilə dünyaya gəlir. Mən bu sahə üzrə çalışdığımdan bilirəm ki, bu il də NİV viruslu körpələr dünyaya gəlib. Dəqiq rəqəmi söyləyə bilməsəm də, bu məlumat var artıq. Nəyin nəticəsidir bu? Deməli, ana hamiləlik dövründə müayinələrdən keçməyib. Ondan analiz alınmayıb. Bu işi sahə həkimləri görməlidir. Onlar bir-bir, qapı-qapı gəzib, hamilə qadınlarla görüşməli və onları müayinələrə cəlb etməlidirlər. Özüm şahidi olmuşam ki, bir ana hamilə qızını həkimə gətirib, həkim deyir, USM aparatından keçsin, qadın istəmir. Deyir, bu şüadı, ziyandı, istəmirik. Bu, nə cahillikdir? Qadın həkimə deyir ki, həkim, qızın qanı aşağıdır, dərman yaz, atsın. Daha fikirləşmir ki, qanda nə müxtəlif infeksiyalar, viruslar ola bilər. Əhalinin maarifləndirmə səviyyəsi də aşağıdır. Bəzi analar, qayınanalar elə fikirləşir ki, əgər onlar rahat, problemsiz hamiləlik keçiriblərsə, evdə uşaq dünyaya gətiriblər və heç bir problemləri də olmayıbsa, qızları, gəlinləri də onlar kimi olmalıdır. Mənim nənəm, atın üstündə nə bilim, neçənci dayımı dünyaya gətirib. O vaxtlar hər şey təmiz idi. Hava, qidalar... İnsanlar sağlam idi. İndi dünyada nə qədər viruslu xəstəliklər var, ekologiya, qidalar hansı səviyyədədir, hamımız bilirik. Bunlar hamısı insanların sağlamlığına mənfi təsir edir. Amma əhalinin şüuru dəyişməyib. Elə bilirlər, hər şey ötən əsrlərdə olduğu kimidir. Fikrimcə, problemin həll yollarından biri də hamilələyin idarə olunması sahəsində təcili tədbirlərin görülməsi, kliniki protokolların tərtib edilməsidir. Hamilə qadın müayinəyə gəlmirsə, qan analizlərindən keçmirsə, bu barədə kliniki protokollarda qeyd edilməlidir. İctimai maarifləndirmənin də səviyyəsi yüksəldilməlidir. Məsələn, mən Rusiyada abort əleyhinə aparılan kampaniyanın şahidi olmuşam. Ananın bətnindəki uşağın anasına mesajlar ötürməsini əks etdirən maraqlı reklam çarxları hazırlanmışdı. Bizdə də belə reklam çarxları, maarfiləndirici süjetlər efirə verilməlidir. Məsələn, belə bir şəkildə ki; "Ana, özündən xəbərin varmı? Məndən xəbərin varmı? Bilirsən, necəyəm?” Bəlkə bununla biz qadınlarımızın özlərinə, gələcək övladlarına qarşı biganələyini bir az azalda bilərik.

"Yeni Müsavat” qəzetinin gənc yazarı Fəridə Abdıyeva isə artıq bu gündən etibarən "facebook”da ana ölümlərinin durdurulması naminə kampaniya başladacağını dedi:

- Yaxşı ideya verdiniz. Elə bu gündən şəxsi "facebook” səhifəmdə "Ana ölümlərini durdurun” başlıqlı kampaniya başladacam. Səhiyyə Nazirliyinin qapalılığı, ictimaiyyətə kifayət qədər açıq olmaması problemə hərtərəfli yanaşmanı əngəlləyir. Bu məsələdə QHT-lər də çox zəifdir. Onlar ancaq konkret layihələrə üstünlük verirlər. Fəallıq lazımdır. Qadınlar arasında sorğular keçirsinlər, həkimlərin treninqlərə cəlb edilməsini təşkil etsinlər. QHT-lər bu sahədə mexanizm işləyib hazırlaya bilərlər. Bukletlər çap etsinlər, müxtəlif aksiyalar keçirsinlər. Eyni iradlar gənclər təşkilatlarına da aiddir. Hamısı susub. Sanki bu ölüm faktlarının onlara aidiyyəti yoxdur. Bu, elə bir problemdir ki, hər bir ailə onunla üzləşəcək. Özü də olmasa, yaxın adamı, qohumu. Həkimlərin məsuliyyətə cəlb edilməsi məsələsi də ciddi qaldırılmalıdır. Vətəndaşı ucuz tutmaq olmaz. Xüsusən də, bu vətəndaş dünyaya övlad gətirmək vəzifəsi daşıyırsa. Məncə, övlad dünyaya gətirən qadının ölümü ən dəhşətli ölümdür. Özüylə bərabər həm də bətnində ikinci bir can daşıyan qadın hər iki candan olur...

Məlahət Rzayeva