“Facebook”un rəngi qaralır: Bundan sonra öz profilində bədbin status paylaşan insanlara qarşı daha həssas olun!






Son zamanlar intihar gənclər arasında yenə "dəb” halını alıb. Hər kəs öz həyatı ilə müxtəlif cür hesablaşır və ona istədiyi şəkildə son verir. Adətən ölüm insanın qapısını gözlənilmədən döyür. Amma bəzən öz ölümünə "fətva” verənlər də tapılır. Ən maraqlısı isə odur ki, öz ipini özü çəkən gənclər əvvəlcədən bu dünya ilə haqqı hesab çəkir. Ürəyində qalan sözləri, heç kəslə paylaşa bilmədiyi duyğularını "facebook” vasitəsilə hər kəslə paylaşır. Odur ki, bundan sonra öz profilində bədbin status paylaşan insanlara qarşı daha həssas olun!

Kimsə deməsin ki, məsələn, əşşi, feysbukdu də, niyə ictimailəşdirirsiniz, yaxud, feysbukda yazılan statusları niyə ciddi hesab edirsiz ki? Göründüyü kimi, sosial şəbəkələr böyük əhəmiyyətli ictimai yerlərdir. Sosial şəbəkələr küçədi, bazardı, şadlıq sarayıdı, iş yeridi, kafedi, universitetdi, hündürmərtəbəli binadı, intihar kəndiridi, dar ağacıdı... Adamlar evdə ailəsinə demədiyi sirri sosial şəbəkələrdə ictimai müzakirəyə çıxarır. Kim kimin həyatını izləmək istəyirsə, onu virtual aləmdə tapır. İş o yerə çatıb ki, özünü öldürmək istəyən də "facebook” sosial şəbəkəsində intihar edəcəyi ilə bağlı status yazır və gedir... Sonrasını bilmir, düşünmür. Düşünmür ki, 3-5 gün ağlaşma quranlar sonra yenə öz həyatına davam edəcək. Profilində statuslar, fotolar yenilənəcək. Viran qalan, xarabazara çevrilənsə, onun virtual dünyası, real həyatı olacaq.

Macəra axtaran, boş-bekar, qara xəbərin dalınca qaçan, yaxud tam əksinə, üzülənlər də başlayır intihar edən adamın həmin statusunun altına "Niyə belə etdin”, "Bu, doğrudurmu”, "Hara getdin”, "Qayıt, gəl”, "Sən ölməli deyilsən” kimi şərhlər yazıb kədəri ifadə edən "smaylik”lər düzməyə...

İndi isə nəticə çıxarmağın vaxtıdır. Nəticəsi mütləq olacaq. İnsanların son sözünü "facebook”da yazıb intihar etməsi yerdə qalanlara nəsə demirmi?

Qeyd edək ki, İsmayıllı rayonunun Aşağıbaş kənd sakini Tofiq Adıgözəlov özünü yaşadığı evin həyətində asaraq intihar edib. Gənc ölümündən 30 dəqiqə öncə "facebook”da status paylaşıb: "Bu həyat çox haqsızdır, çünki pulu, varı olana üstünlük verirlər”.

"Təmiz Dünya” İctimai Birliyinin psixoloqu Samir Əhmədov gənclər arasında intihar hallarının artmasının müxtəlif səbəbləri olduğunu deyib: "İlk növbədə intihar hallarına zəmin yaradan televiziyalarda cinayət işi ilə bağlı xəbərlərin yayımlanmasıdır. Gənclər qəzet oxumağa az meyillidir. Görüb-götürdükləri telekanallarda yayımlanan mənasız proqramlardır. Televiziyalar səhərdən axşama qədər serial nümayiş etdirirlər. Seriallarda göstərilən intihar səhnələri bu prosesdə bir növ nümunə rolunu oynayır. Təbliğat düzgün qurulsa, bu kimi halların sayı azalar. Sosial vəziyyət də intihar halları ilə əlaqədardır. Əsas səbəblərdən biri də valideynlə uşaq arasında qarşılıqlı anlaşmanın olmamasıdır”.

Gənclərin intihara meyilliyinin səbəblərinə toxunan həkim-psixoloq Cabbar Qurbanov isə deyib ki, intihar hadisələri cəmiyyətdə baş verənlərlə birbaşa əlaqəlidir. Son zamanlarda intihar hallarının artmasına səbəb gənclərdə gələcəklə bağlı ümidsizliyin, onların çıxış yolu tapa bilməməsi ilə əlaqədardır. Bəzi gənclərin yaşayış səviyyəsinin həddən artıq yüksək olması, bəzilərinin adi çörəkpulu belə tapa bilməməsi, bəzən də ailə münaqişələri intihar hallarına birbaşa səbəb olur. Ailə münaqişələrinin kökünü araşdırdıqda yenə maddi təminatla bağlı problemlərin olduğunun şahidi oluruq. Yəni bəzi gənclərin bahalı restoranlarda böyük pullar xərcləməsi, ətrafındakıların, hətta polis məmurlarının onların qarşısında baş əyməsi, iş tapa bilməyən və ya aylıq məvacibi az olan gənclərin daxilində müəyyən hisslər oyadır və onlar bu problemi həll edə bilməyəndə, intihar yoluna əl atırlar”. O, yeniyetmə və gənclər arasında intiharın artmasını bu qrupa daxil olan insanlar arasında nələrinsə düz getmədiyi ilə əlaqəli olduğunu bildirib. "Adətən bu səbəblər gəncin depressiyaya düşməsinə səbəb olur ki, məhz bu halda onun intihar etmək riski daha çox olur. Bizim toplumda ən çox danlağa və təzyiqə məruz qalan qrup, məhz yeniyetmə və gənclərdir”. Emossional bağlılıqdan uzaq qalan və sosial təcrid görən gənc həyatın gözəl bir anında həyatına son qoymaq fikrinə düşdüyünü qeyd edən ekspert bunları da əlavə edib: "Təəssüflər olsun ki, bu riskin qarşısını ala biləcək insanlar tapılmır və nəticədə intihar reallaşır. Biz gənclərimizə düzgün istiqamət verməliyik ki, onlar öz həyat yollarını qurarkən uğursuzluğa düçar olub məyusluq keçirməsinlər. Məyusluq hissi insanı özü barədə "mən bədbəxtəm”, "mən biçarəyəm” kimi bədbin fikirlərə gətirib çıxarır. Bu isə təklik hissi yaradır. Tək qalan hər bir fərd isə təkliyə son qoymaq üçün intihar seçimi etməsi ilə üzbəüz qalır. Adətən belə gənclər bilir ki, ürəyini kiməsə açsa belə, onu anlayan olmayacaq. O da ən "optimal” variant kimi sosial şəbəkədə status paylaşır və beləliklə də ölümü ilə bağlı müəmmaya son qoymağa çalışır”.

Digər psixoloq Azad İsazadə isə bildirdi ki, intiharları araşdıran bir qurum yaradılmalıdır: "Statistikaya görə, intihar edənlərin onundan ikisi ölümlə nəticələnib. Bu ay ərzində iki yüzdən artıq intihar cəhdi olub. Problem ondadır ki, bu gün intiharlarla məşğul olan hansısa qurum yoxdur. Əgər belə bir qurum yaradılmasa, vəziyyət çox çətin olacaq. İnsanlar arasında bildiyimiz kimi, ən böyük risk qrupu yeniyetmələrdir. Ən dəhşətlisi də odur ki, son illər yeniyetmə qrupu arasında intihar hallarına görə, cavanlaşma prosesi gedir. Bir müddətdən sonra artıq təkcə yeniyetmə yox, uşaqlar arasında olan intihar hallarından da danışmalı olacağıq. Burada söhbət 11-12 yaşlı uşaqlardan gedir. İkinci böyük qrup isə 45-60 yaş arasında intihara yol verənlərlə bağlıdır. Onlar isə intihara daha çox sosial, maddi vəziyyətin ağırlaşması, iş yerinin itirilməsi fonunda gedir. Yeniyetməlik dövrü isə maksimalist dövrüdür. Onlar üçün orta rəng yoxdur. Ya qara, ya da ağ olur. Hansısa uğursuzluq da insanda aldadıcı fikir formalaşdıra bilər ki, bununla həyat bitdi və bundan sonra yaşamağın mənası yoxdur. Bəzən ali məktəbə qəbul olunmayanlar, sevgilisi ilə ayrılanlar belə düşünürlər. Bu, xaotik və bir qədər də şişirdilmiş problemdir. Bizim yaşdan baxanda belə hallar bir qədər şişirdilmiş gəlir. Amma gənclər üçün belə hallar çətin problem kimi görünür və bundan sonra bir çoxları yaşamaq istəmir”.

Şəymən