Ətin qiymətində bahalaşma müşahidə olunur

Eyyub Hüseynov bununla bağlı vətəndaşlardan zənglər olduğunu bildirib



Dünya bazarında ətin qiyməti bahalaşmağa başlayıb. Səudiyyə Ərəbistanda da ətin qiymətlərində artımlar müşahidə olunub. Nəticədə bu qiymət artımı Həcc ziyarəti zamanı kəsmək üçün alınan qurbanlıqların qiymətinə təsir edib.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, azərbaycanlı zəvvarlara 120-140 ABŞ dollarına təqdim olunan qurbanlıq qoyunların qiymətində müvafiq olaraq 10-15 dollar artımlar gözlənilir. Ötən il isə qurbanlıq qoyunların qiymətləri azərbaycanlı zəvvarlar üçün 150 dollar olub. İndi Həcc ziyarətinə gedənlər qurbanlıq almaq üçün əlavə 10-15 dollar pul ödəyəcəklər.

Dünya bazarındakı ət məhsullarının qiymətlərinin artması, şübhəsiz, ölkəmizdə satılan qiymətlərə də öz təsirini göstərəcək. Ancaq yay fəslində olduğumuzu nəzərə alsaq, sakinlərin mövsümə uyğun meyvə-tərəvəzlərdən istifadə etdiklərinin şahidi olarıq. Buna görə də yayda ətdən az istifadə olunur. Lakin buna baxmayaraq Azərbaycanda növbəti dəfə ətin qiyməti qalxa bilər. Bu həm də idxal olunan ət məhsullarının qiymətlərində özünü göstərəcək. Ölkəyə ət məhsulları əsasən Hindistan, Gürcüstan, Dağıstan və İrandan gətirilir. AİB-nin sədri Eyyub Hüseynov da "Şərq”ə danışarkən dünya bazarındakı ətin qiymətinin dəyişməsinin Azərbaycana təsir edə biləcəyini istisna etməyib: "Yalnız Azərbaycanda qiymət artımı gözlənilir. Bizdə hər şey yüksələn xətt üzrə hərəkət edir”.

E.Hüseynovun sözlərinə görə, ətin qiyməti ilə bağlı AİB-yə müraciətlər daxil olur: "Bununla bağlı hər həftə 3-4 telefon zəngi edilir. Əhali ətin qiymətindən narazıdır.

Onun fikrincə, dövlət gömrük rüsumu ilə əlində olan vasitələrdən istifadə etməklə qiyməti tənzimləyə bilər: "Lakin bazar qiymətlərinə müdaxilə edə bilməz. Azad iqtisadiyyatdır. Məhsul bolluğu yaratmaqla qiymətləri endirmək olar. Bundan əlavə, dövlət tərəfindən subsidiyalar verməklə, kreditlər ayırmaqla qiymətlərin aşağı düşməsinə nail olmaq olar. E.Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini də tənqid edib: "Bazar günləri KTN-in əməkdaşları bahalı kostyumları geyinib yarmarkalara gələrək, guya qiymət tənzimləyirlər. Bu, səhv yanaşmadır. Belə yollarla qiymət endirmək mümkün deyil. İnzibati yollarla qiymət aşağı düşməz”.

Vüqar Şahinoğlu