Akademik Dram Teatrında etiraz səsləri...

Mükafata adları düşməyənlər narazılıq edir



Deyirlər, son illər teatra maraq azalıb, teatra gələn tamaşaçının sayı əvvəlki illərlə müqayisədə çox aşağıdır. Bunun səbəbləri barədə ötən saylarımızda qismən də olsa, məlumat vermişdik. Bu gün isə teatrın başqa bir problemini müzakirə etməyə ehtiyac var. Daha dəqiq desək, bu dəfə konkret olaraq Akademik Milli Dram Teatrı hədəfimiz olacaq. Çünki son zamanlar teatr daxilində yaşanan olaylar mətbuat səhifələrinin əsas müzakirəsinə çevrilib. Ölkənin aparıcı teatrı sayılan Dram Teatrında nə baş verir? Niyə hər dəfə teatrla bağlı narazılıqlar səslənir? Son bir-iki il ərzində teatrdan uzaqlaşanlar da az olmayıb, narazılıq bildirənlər də. Düzdür, bu problemlərlə bağlı teatrın direktoru İsrafil İsrafilov ona ünvanlanan heç bir sualımızı cavabsız qoymayıb. Onun təbirincə desək, teatrdan heç kimin narazı olmağa haqqı yoxdu.

Çünki rəhbərlik etdiyi teatrda aktyorlara qarşı münasibətdə ayrı-seçkilik yoxdur. Əgər belədirsə, onda niyə hər ağızdan bir avaz gəlir? Hər halda istər rəhbərlik, istər Mədəniyyət və Turizm Nazirliyi nə qədər açıqlama versələr də ki, teatrda gərginlik yoxdur, bir-iki nəfərin narazılığı ümumilikdə teatrda problemlərin olması demək deyil, hər halda bu narazılıqlar, teatr truppasının günü-gündən çoxalan ittihamçı kəsləri çoxalır. Sanki hamı məqamını gözləyir ki, o məkanda baş verən xaos vəziyyəti açıb-ağartsın. Bəlli ki, burada bir taktika var. Heç kim digər həmkarını dəstəkləmir. Yalnız o halda haqsızlıqdan danışılır ki, həmin insanın özünün şəxsi problemi teatrda yaşanır. Yəni hərə öz dərdini çəkir. Hamı yalnız ona qarşı haqsızlıq olunanda, danışmağa üstünlük verir. Dəfələrlə bir çox aktyora müraciət edib, teatrda nə baş verdiyini soruşsaq da, sanki hamı tutuquşu kimi teatrın allı-

güllü olduğunu deyir. Amma məhz o insanlar da bir müddət sonra teatrla bağlı narazılıq edirlər. Görünür, hamıya öz mövqeyi maraqlıdır.

Bu günlərdə də Akademik Dram Teatrından növbəti etiraz səsi gəldi. Teatrın aktyoru, Əməkdar artist Əli Nuri teatrla bağlı açıqlama verərkən od püskürdü. O, açıqlamasında mədəniyyət sahəsindəki özbaşınalıqlardan, ədalətsizliklərdən danışarkən bir çox səlahiyyətli mədəniyyət xadimlərini suçladı. Əli müəllim bir neçə həftə öncə ölkə başçısının sərəncamı ilə bir qrup sənət adamının Prezident Mükafatına layiq görüldüyünü vurğulayaraq bu siyahıda onun adının olmadığından gileyləndi. Əslində buna görə konkret Mədəniyyət və turizm naziri Ədalət Vəliyevi ittiham etdi. Bildirdi ki, Ədalət Vəliyevin onunla şəxsi-qərəzliyi olduğundan adı siyahıdan çıxarılıb. "Məni Prezident Mükafatı siyahısından nə üçün çıxardıqlarının səbəbini bilirəm. Bu teatra 1986-cı ildə Siyavuş Aslanla birlikdə, Akademik Milli Dram Teatrının direktorunun məktubu əsasında nazirin əmri ilə gəlmişdik. Bu teatra gəlməyimdə bir məqsəd vardı - truppanı gücləndirmək. O, vaxtı bugünkü kimi arxa qapıdan, qeyri-şəffaf yolla aktyor götürmək olmazdı. Bunu bu gün vəzifədə olan Mədəniyyət və turizm nazirinin müavini, Azərbaycan teatrını əlinin altında oynadan Ədalət Vəliyev əzbər bilir. 20 ildir ki, Ədalət Vəliyev mənə qarşı repressiya aparır. O, mənim bütün yaradıcılığımı əla bilir. Ədalət Vəliyev məni yaxşı tanıyır, biz bir teatrda işləmişik. Mən bu teatra gələndə Məlik Dadaşov, Safurə İbrahimova ranqında aktyor idim. Mərkəzi Komitənin bütün tədbirlərində mən olmuşam. İndi isə biz yada düşmürük...

Azərbaycanda İrəvan Teatrının 120 illik yubileyi keçirildi, 3 aktyora Xalq artisti adı verdilər. Bizim teatrdan bir nəfər olsun belə, o yubileyə dəvət olunmadı. Musiqili Teatrın 90 illik yubileyi oldu, yenə Akademik Milli Dram Teatrı yada düşmədi. Mən Sumqayıt Teatrında canımı qoymuşam, teatrın sütunu, beyni, gözü olmuşam. Sumqayıt Teatrının 40 illik yubileyində səhnəyə yaramayanlara fəxri ad verildi, amma mən yenə də yada düşmədim. Nəhayət, "Azdrama”nın öz yubileyində 30 nəfər aktyora ad, ev, mükafat verildi, Əli yenə də yada düşmədi. "Azdrama” niyə yada düşmədi? Bu, eşşəyin quyruğuna nəri bağlamaqdır. Nəri bağlamısınız, amma fili heç vaxt eşşəyin quyruğuna bağlamaq olmaz, Ədalət Vəliyev! Sən Akademik Teatrı və məni eşşəyin quyruğuna bağlamısan” söyləyərək əslində nazir müavininə açıq müharibə elan etdi.

Bəs, əslində teatr daxilində nə baş verir? Niyə ayda bir, iki ayda bir dəfə aktyorlardan biri dilə gəlib, narazılığını mətbuata açıqlayır. Axı səbəbsiz heç nə baş vermir. Axı teatr daxilində vəziyyət bu qədər acınacaqlı olmasa, hər gün biri teatr rəhbərliyini suçlamaz. Biz deyə bilmərik ki, səslənən ittihamların hamısı əsaslıdır. Bəlli ki, burada şəxsi maraqlar və digər nüansların da olma ehtimalı var. Amma bir danılmaz həqiqət də var ki, teatrın adı demək olar, tez-tez qalmaqallarda səslənir.

Akademik Milli Dram Teatrında baş verənlərlə bağlı Xalq artisti Bəsti Cəfərova ilə də əlaqə yaratdıq. Onun mövqeyini öyrənməyə çalışdıq. Axı teatrda yaşanan olaylar onların gözü qarşısında yaşanır. Bəsti Cəfərova ilə söhbətimiz zamanı maraqlandıq ki, həmkarı Əli Nuri ilə münasibəti necədir və kimi haqlı hesab edir? Bəsti Cəfərova bildirdi ki, sənət dostu Əli Nuri ilə münasibətləri çox normaldır. Xalq artisti "Şərq”ə açıqlamasında məsələyə münasibətini belə bildirdi: "Əli Nuri ilə münasibətimiz çox normaldı. Amma mən teatrın 140 illik yubileyindən sonra bir daha mətbuata açıqlama vermək istəmirəm. Bilirsiz, mən başqalarından danışa bilmərəm. Mənim üçün teatrda vəziyyət çox normaldı. Teatrın bugünkü mənzərəsinin bu qədər müzakirə olunmasının da tərəfdarı deyiləm. Mən başımı salıb işimi görürəm. Məşqlərə gəlirəm, dərs deyirəm. Rollarım var. Ona görə də teatrda o qədər acınacaqlı vəziyyətin olduğunu deyə bilmərəm. İşləmək istəyən üçün normal şərait var. Mən bilmirəm Əli müəllim niyə narazıdır. Bu onun şəxsi problemidir. Ola bilər, adı siyahıda deyil, bu ona təsir edib. Amma mən teatr rəhbərliyindən narazı deyiləm. Prezident təqaüdü yox, prezident mükafatı alıram. Mən nə deyim ki? Heç kimə də teatrda təzyiq oluna bilməz. Biz hər birimiz tanınmış, sənətdə sözünü deyən insanlarıq. Bizə necə təzyiq ola bilər ki? Ola bilər, kimsə nədənsə inciyib. Amma mən bu müzakirələrin içində olmaq istəmirəm”.

Tahirə