Kəlbəcərdə azərbaycanlı əsirlərə işgəncə verirlər

Qırmızı Xaç Komitəsi məsələni araşdırmaq üçün fakt istəyir



Ermənilər Kəlbəcərdəki qızıl yataqlarında və mədən işlərində azərbaycanlı əsirləri işlətməklə yanaşı, həm də ağır işgəncə verirlər. Bu yaxınlarda işğal altında olan torpaqlarımıza səfər etmiş qonşu ölkələrdən birinin vətəndaşları əsir azərbaycanlıların dözülməz vəziyyətinin şahidi olublar. Həmin şəxslər təsadüfən Kəlbəcərdə olublar və Zod kəndi yaxınlığındakı əraziləri gəziblər. Onlar oradakı mədənlərdə işləyən, çəlimsiz, yarıac, səfil gündə olan xeyli sayda adam görüblər.

"Onların bir dəri, bir sümüyü qalmışdı. Erməni əsgərlər onlarla vəhşi kimi davranırdılar. İnsanın gücü çatmayan işlərə vadar edirdilər. Döyürdülər, təhqir edirdilər və sair. Həmin mənzərəni görəndə dəhşətə gəlmişdik. Erməni bələdçi bizə dedi ki, onlar azərbaycanlılardır. Qarabağ müharibəsi zamanı əsir düşüblər. İndi isə ən ağır fiziki işlərdə işlədilirlər”.

Həmin şəxslər daha sonra qeyd ediblər ki, əsir azərbaycanlılara gün ərzində bir dəfə yemək verirlər. Onların arasında qadınlar və uşaqların olduğunu da bildirən mənbə vurğulayıb ki, əsirlərin ölməməsinə təəccüb ediblər. "Biz 15-20 dəqiqə onların necə işlədildiyini, hansı işgəncələrə məruz qaldığını uzaqdan da olsa müşahidə elədik. Bu şərtlər daxilində onların həyatda qalmaları bizim üçün inanılmaz idi. O işgəncələr ki, onlara verilirdi, buna insan dözməzdi. Amma görünür, fiziki imkanları bu vəziyyətə dözməyə imkan verib ki, bu illər ərzində sağ qala biliblər”.

Erməni bələdçi isə Qarabağda olan həmin şəxslərə digər mətləblərdən də bəhs edib. O bildirib ki, əsir azərbaycanlıların bir qismi Kəlbəcərdə saxlanılır.

Kəlbəcərdən olan keçmiş millət vəkili Əlövsət Ağalarov "Şərq”ə bunun təbii hal olduğunu bildirib: "İkinci Dünya müharibəsi dövründə bizimkilər alman əsir əsgərini işlətdiyi kimi ermənilər də bizimkilərin əməyini istismar edir. İnandırıcıdır, ola bilər. Sovet dövründə ən ağır iş orada yeraltı qızıl mədənlərində idi. Əsirləri geri almaq üçün beynəlxalq humanitar təşkilatları ayağa qaldırmaq lazımdır. Orada işləyən bizim bacı-qardaşlarımızdır. Fərqi yoxdur. Bu millət bir övladına və ya dövlət qaçqınına, yetim-yesirinə sahib çıxmırsa, müharibə edib torpaqları işğaldan azad etmək lazımdır. Şükür Allaha, milli ordumuz formalaşıb, hərbi texnikamız var”.

Ə.Ağalarovun fikrincə, regionun hegemon dövlətinin başının Ukrayna məsələsinə başının qarışmasından Azərbaycan istifadə etməlidir: "Təcili müharibə yolu ilə torpaqları işğaldan azad etmək mümkündür. Buna ordumuzun gücü çatar. Bu torpaqlar qan tökülmək yolu ilə alınıbsa, eləcə də qan vermək yolu ilə geri alınmalıdır. Ermənilər Kəlbəcər kimi cənnəti bizə xoşluqla geri qaytarmayacaq”.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə "Şərq”ə söyləyib ki, bu məlumatda konkret fakt yoxdur: "Deyilən məlumatda informasiyanı verən şəxsin anonim adı və vaxtı belə qeyd olunmayıb. Çünki BQXK-nin məsələyə reaksiya verməsi üçün fakt olmalıdır. BQXK əgər konkret sübut olduğu halda müvafiq tədbirlər həyata keçirə bilər”.

Vüqar Şahinoğlu