Daxili və xarici uğurlar...

Prezident nüfuzlu jurnala Azərbaycanın hədəflərini açıqladı





Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə dünyanın nüfuzlu nəşrlərindən olan "The Business Year” nəşrinə müsahibə verib. Ölkə başçısı müsahibəsində Azərbaycan xalqının hədəfləri, dövlətin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, ölkədə aparılan çoxşaxəli islahatlar və digər əhəmiyyətli məsələlər barədə ətraflı məlumatlar verib. İlham Əliyev bildirib ki, 2013-cü il prezident seçkilərində Azərbaycan xalqı öz seçimi ilə həm bugünədək həyata keçirilən siyasətə, həm də gələcək fəaliyyətə öz dəstəyini ifadə edib. Təbii ki, ötən ilin seçkiləri, ölkə başçısının dediyi kimi, onun göstəricisidir ki, Azərbaycan xalqı öz prezidentinin siyasətini dəstəkləyir, Azərbaycanın inkişafını bu hakimiyyətin siyasətində görür.

İlham Əliyev bilir ki, Azərbaycanda prezidentlə xalq yekdildir və xalq birmənalı olaraq dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir. Eyni zamanda, öz gələcəyini və dünya xalqları arasında günü-gündən artan nüfuzunu dövlət başçısına etibar edir. Prezident İlham Əliyev ölkədə müşahidə olunan iqtisadi artımı müsahibəsində belə dəyərləndirib: "Son 10 ildə Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artdı, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dolları keçdi. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 170 milyard dolları ötüb. Əhalinin gəlirləri 6,5, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Yoxsulluğun səviyyəsinin 49 faizdən 5,3 faizə düşməsi, habelə işsizliyin iki dəfə azalaraq cəmi 5 faiz təşkil etməsi bizim ölkənin mühüm uğuru hesab oluna bilər. 10 ildə respublikada genişmiqyaslı quruculuq işləri həyata keçirilmiş, şəhər, qəsəbə və kəndlərimiz müasirləşmiş, bütün sahələrdə ən müasir standartlar və qabaqcıl texnologiyalar tətbiq olunmuşdur”.

Xatırladaq ki, Azərbaycanın iqtisadi sahədəki uğurlarını beynəlxalq maliyyə qurumları qəbul edib, bunu yüksək qiymətləndiriblər.

Aydındır ki, Azərbaycan iqtisadiyyatının bir çox sahələrində baş verən inkişaf xalqın rifah halının yüksəlməsinə səbəb olub. Dövlət başçısının ölkə iqtisadiyyatında baş verən inkişaf dinamikasını məhz konkret rəqəmlərlə ifadə etməsi də real vəziyyəti əks etdirir. Quruculuq-abadlıq işlərinin təkcə mərkəzi şəhərlərdə deyil, eləcə də regionlarda aparılması barədə məlumat isə Azərbaycanda şəhərlə

kənd arasında fərqin aradan qaldırılması istiqamətində ciddi işlərin görülməsinin ifadəsi kimi qəbul edilə bilər. Müsahibədə dövlət başçısı həmçinin ölkənin mövcud potensialı və gələcək planlar barədə də fikirlərini açıqlayıb: "Gələcək planlarımız Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr üzrə tədbirlərin bundan sonra da ardıcıl şəkildə davam etdirilməsindən ibarətdir”. Görünən odur ki, Prezident gələcək hədəfləri diqqətə çatdırmaqla sanki ölkənin on ildən sonrakı siyasi və iqtisadi mənzərəsini təsvir edib. Bu isə o deməkdir ki, yaxın illər ərzində Azərbaycan demokratik təsisatların inkişaf etdiyi ölkəyə çevrilməklə yanaşı, beynəlxalq aləmdə mövqeyini daha möhkəmlətmiş olacaq.

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsindəki inkişafından söz açan dövlət başçısı ölkəmizin bu sahədəki hədəflərini də müsahibəsində ortaya qoydu: "Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edən və böyük perspektivi olan sahədir. Son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin əsasının qoyulması ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən hadisə olmuşdur. Bu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. İnnovasiyalara, yüksək texnologiyalara əsaslanan güclü iqtisadiyyatın formalaşdırılması bizim əsas hədəflərimizdən biridir və bu məqsədə doğru ardıcıl şəkildə irəliləyirik”. Dövlət başçısının fikirlərindən aydın olur ki, hazırda dünyada qlobal məsələlərdən hesab edilən informasiya-kommunikasiya texnologiyaları sahəsinə Azərbaycanda ciddi yanaşılır və bunun nəticəsidir ki, ölkəmiz kosmik sənayesi sahəsində bir sıra uğurlara imza atıb. Azərbaycan telekommunikasiya peykini orbitə çıxarmaqla nəinki özünü, hətta bir sıra xarici ölkələr üçün internetdən istifadə imkanı yaradıb. Azərbaycanın brend modelindən danışan İlham Əliyev qeyd edib ki, "ASAN xidmət” dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın mütərəqqi modelidir və hazırda 25 növ hüquqi xidmət həyata keçirir: "Cəmi bir il ərzində xidmətə bir milyondan çox müraciət olmuşdur. Qarşıdakı dövrdə "ASAN xidmət” funksiyalarını daha da genişləndirməyi nəzərdə tuturuq”. Azərbaycanın iqtisadi inkişafının təkcə neft sektoru üzərində qurulmadığını önə çəkən prezident qeyd edib ki, hazırda qarşıda duran əsas məsələ ölkəni sənaye dövlətinə çevirməkdir: "Son 10 ildə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunmuşdur. Milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənaye istehsalının həcmini 2,7 dəfə artırmışdır. Hazırda qarşımızda duran əsas vəzifələrdən biri mövcud potensiala əsaslanaraq Azərbaycanı güclü sənaye dövlətinə çevirməkdir”. Dövlət başçısı müsahibəsində Azərbaycanın regionlarının mənzərəsini dəqiq statistik rəqəmlərlə ifadə edib. Bildirib ki, regional inkişaf dövlət proqramlarının həyata keçirilməsi nəticəsində bölgələrdə böyük dönüş yaranıb, regionların sosial-iqtisadi mənzərəsini tamamilə dəyişib. Minlərlə yeni müəssisə fəaliyyətə başlayıb, 900 mini daimi olmaqla 1,2 milyondan çox iş yeri yaradılıb. Son 10 il ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye istehsalı 3,1 dəfə artıb. Azərbaycanın bölgələri, bütün yaşayış məntəqələri abadlaşıb və müasirləşib. Bu faktlar isə region əhalisinin həyat səviyyəsinin, vətəndaşların rifah halının yüksəlişinin göstəricisi kimi dəyərləndirilə bilər.

Ən nəhayət isə İlham Əliyev müsahibəsində Azərbaycan dövlətinin qarşısında duran strateji hədəfləri açıqlayıb: "Bizim qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Buna görə, müasir dövrün çağırışları da nəzərə alınmaqla, regionlarımızın dinamik inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcək”. Prezident qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə, xüsusilə quruma sədrliyi müddətində Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərqərar olmasına, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafına öz layiqli töhfəsini verərək, xüsusi fəallığı ilə seçilib.

Ölkə başçısı Azərbaycanın enerji təhlükəsizliyi məsələsindəki roluna toxunarkən, ölkəmizlə beynəlxalq təşkilatlar arasındakı əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib. Qeyd edib ki, "Şahdəniz-2” layihəsi dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə "XXI əsrin kontraktı” kimi düşəcək: "Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində imzalanmış saziş bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin göstəricisidir. Əminəm ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı strateji tərəfdaşlığın ən səmərəli formatını yaratmağa nail olacağıq”. Xarici siyasətdəki uğurlardan söz açan ölkə başçısı vurğulayıb ki, dünyanın 10 ölkəsi 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən Xocalıda törədilmiş qətliamı soyqırım aktı kimi tanımış, həmin dövlətlərin parlamentləri müvafiq qərarlar qəbul etmişlər: "Biz region ölkələri, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərimizi inkişaf etdirməklə yanaşı, xarici siyasətimizin yeni vektorlarına uyğun olaraq, həm də qeyri-ənənəvi istiqamətlər üzrə fəal diplomatiya nümayiş etdirdik. Xarici siyasətimizin təməlində Azərbaycanın milli maraqlarının qorunması dayanır ki, bu istiqamətdə bütün lazımi addımlar atılacaqdır”.

Cənab prezidentin söylədikləri onu göstərir ki, o, dövlət rəhbəri olaraq Azərbaycanın dövlət və milli maraqlarını hər şeydən üstün tutur və bu maraqların təmin olunması məqsədilə konkret addımların atılmasını davam etdirəcək.

İlham Əliyev Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi istiqamətində bütün imkanların səfərbər ediləcəyini konkret olaraq diqqətə çatdırıb: "Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Münaqişə davam etdikcə, Ermənistan dövləti bölgənin bütün transmilli və regional inkişaf layihələrindən kənarda qalacaq, erməni xalqının vəziyyəti pisləşməkdə davam edəcək və ölkənin olub-qalan sosial-iqtisadi potensialı tükənəcəkdir”.

Ölkə başçısının gələcək addımlarla bağlı konkret şəkildə danışması, ölkə vətəndaşları tərəfindən yüksək qarşılanır. Vətəndaşlar anlayırlar ki, İlham Əliyev bütün addımlarında xalqın mənafelərini düşünür, xalqın rifah halının yaxşılaşması yolunda işlər görür. Eyni zamanda İlham Əliyev hakimiyyəti Azərbaycanın inkişafı, dünya dövlətləri arasında sayılıb-seçilən ölkələrdən birinə çevrilmək naminə fəaliyyət həyata keçirir. Həmçinin Qarabağ münaqişəsi ilə bağlı prezidentin mövqeyi açıq şəkildə ortadadır. Bu mövqe də Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Xalq problemlərin həllinə və rifahının yaxşılaşmasına inanır, bunun əyani sübutunu yaşayışında görür.

Anar Bayramoğlu