Salyanı talayanlar...

“Demokratiyaya yardım” adı altında vətəndaşlardan külli miqdarda pullar mənimsənilib



Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün münbit şərait yaradılıb. Dövlətimizin vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək artıq öz nəticələrini göstərir. Heç şübhəsiz ki, QHT-lərin inkişafında və yüksək nəticələr əldə etməsində dövlətin bu sektora göstərdiyi dəstəyin də mühüm rolu var.

Mükəmməl qeyri-hökumət sektorunun qurulması yolunda əsas problemlər sayılan uzun-uzadı davam edən qeydiyyat proseduru asanlaşıb, hakimiyyətin QHT-lərin işinə müdaxiləsi kimi hallara isə demək olar ki, rast gəlinmir. Amma çox təəssüflər olsun ki, vətəndaş cəmiyyəti sahəsində formalaşan azad mühitdən, onların fəaliyyəti üçün dövlətin yaratdığı şəraitdən istifadə edən qüvvələr də az deyil. Son zamanlar xaricdən qrant alan bəzi QHT-lərin dövlətçiliyimizə zidd fəaliyyətlərinin aşkarlanması fonunda gedən proseslər də buna əyani sübutdur. Sözsüz ki, dövlət hər nə qədər QHT-lər üçün azad fəaliyyət mühiti yaratsa da, onların özbaşınalıqlarına da göz yummalı deyil. Bu mənada, baş verən proseslərdən sonra dövlət tərəfindən vətəndaş cəmiyyətini təmsil edən təşkilatlara qarşı nəzarət artıb. Fəaliyyətində müəyyən qüsurlar aşkarlanan QHT nümayəndələri dərhal məsuliyyətə cəlb olunur. Şübhəsiz ki, bunun üçün dövlətin əlində haqlı səbəblər var. Bəzi QHT-lər xaricilərin puluna şirniklənib, Azərbaycan haqda beynəlxalq ictimaiyyətə həqiqətəuyğun olmayan məlumatlar ötürürlər. Hətta Dağlıq Qarabağ münaqişəsilə bağlı da təhrif olunmuş məlumatları yaymaqdan çəkinmirlər. Xaricə əli çatmayan QHT-lər isə ölkə daxilində "alver” edir, müvafiq qurumların fəaliyyətinə kölgə salaraq, onların imicinə zərbə vurur. Şər-böhtan xarakterli məlumatlar yaymaqda "peşəkar” sayılan və məhz qeyri-şəffaf fəaliyyətinə görə məsuliyyətə cəlb olunan QHT nümayəndələrindən biri də "Demokratiyaya yardım” İctimai Birliyinin sədri Emil Məmmədovdur. O, poçtun, maliyyə idarəsinin və digər qurumların rəhbərlərini internetdə nüfuzdan salan materiallar dərc etməkdə ittiham edilib. Amma müxalifət və onun nəzarətində olan mətbuat Salyan rayonunda fəaliyyət göstərən "Demokratiyaya yardım” adlı QHT-nin rəhbəri Emil Məmmədovun və həmin qurumun üzvü Tofiq Qasımovun həbsini qərəzli, qeyri-obyektiv şəkildə şərh edir, baş verən hadisəni guya hakimiyyətin vətəndaş cəmiyyəti institutlarına təzyiqi kimi qələmə verməyə çalışırlar.

Qeyd edək ki, aprelin 17-də Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib. Məhz bundan sonra Qasımovun əsas ortaqlarından biri olan Məmmədov özünün həbs ediləcəyini anons edir. Lakin Məmmədov məsuliyyətdən yaxa qurtara bilmir. Salyan məhkəməsi E.Məmmədov barəsində Cinayət Məcəlləsinin "şantaj” maddəsi üzrə 3 aylıq həbs-qətimkan tədbiri seçir. Onun məmurlardan zorla pul aldığı bildirilir, hadisə ilə bağlı hal şahidi də var. Həbs edilən şəxs Cinayət Məcəlləsinin 182.2 maddəsi ilə şübhəli bilinir. Qasımovun istintaqa verdiyi ifadə Məmmədovun cinayətini sübut edir. O, istintaqda Emil Məmmədovun sifarişi ilə idarə, müəssisə rəhbərlərini müxtəlif yollarla şantaj etdiklərinə dair izahat verib. Həmin izahata əsasən konkret idarə və müəssisə rəhbərləri və aidiyyəti üzrə şəxslər də dindirilib. Eyni zamanda, Emil Məmmədovla Tofiq Qasımov da üzləşdirilib. Paralel olaraq idarə rəhbərləri istintaq zamanı açıq etiraf ediblər ki, E.Məmmədov onlardan ayrı-ayrı dövrlərdə şantaj yolu ilə pul alıb. Salyan rayon Maliyyə İdarəsinin müdiri Mahir Kərimov da istintaqda üzləşmə zamanı Emil Məmmədovun ondan müxtəlif dövrlərdə şantaj yolu ilə pul tələb etdiyini sübuta yetirib. DİN-in mətbuat xidmətindən bildirilib ki, T.Qasımov barəsində aprelin 16-da eyni maddə üzrə cinayət işi açılıb və o, ifadəsində Məmmədovun tapşırığı ilə hərəkət etdiyini deyib. Rayonun bəzi dövlət qurumlarının məsul nümayəndələri polisə müraciət edərək Tofiq Qasımov adlı şəxsin barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə dəfələrlə onlardan pul aldığını, sonuncu şəxs haqqında müvafiq ölçü götürülməsini xahiş ediblər. Həmin müraciətlər əsasında araşdırma aparılıb və cinayət işi başlanıb. Müxalifətin iddialarına cavab olaraq, DİN mətbuat xidməti məsələnin zorla siyasiləşdirilməsinin heç bir hüquqi əsası olmadığını və söhbət konkret şəxslərin cinayət xarakterli əməllərindən getdiyini bildirib. Müxalifət isə adı cinayətdə hallanan "Demokratiyaya yardım”ın cənub regionunda "ən fəal vətəndaş cəmiyyəti institutlarından biri”, E.Məmmədovu isə "tanınmış hüquq müdafiəçisi” və "yüksək mənəviyyatlı ziyalı” kimi təqdim edir. Lakin iddialarının əksinə olaraq aparılan araşdırmalardan məlum olur ki, E.Məmmədov müxtəlif mətbu orqanlarda Salyanda çalışan rəhbər işçilər haqqında dezinformasiya xarakterli məlumatlar yerləşdirib, sonradan pul tələb edirmiş. E.Məmmədov həmin informasiyalar vasitəsilə Salyan rayonunun icra başçısı Tahir Kərimova aid qanunsuz metlax sexinin olmasını iddia edib. Amma "Yeni Müsavat”ın araşdırmalarından sonra məlum olub ki, adıçəkilən şəxs (T.Kərimov) icra başçısı yox, adi Salyan sakindir. Sex də həmin şəxsə məxsusdur. "Yeni Müsavat”ın araşdırmalarından əsəbiləşən Məmmədov bu dəfə qəzetin baş redaktoru Rauf Arifoğlunu "vurmaq” qərarına gəlir. E.Məmmədov bu məqsədlə müsavatçı dostu Cavanşir İbrahimlini partiyadan çıxmağa məcbur edir. QHT rəhbəri bunu İbrahimlinin R.Arifoğlunun açıqlamalarına etiraz kimi qələmə verir. E.Məmmədovun qanunsuz hərəkətləri bununla bitmir o, Salyan və ətraf rayonda yaşayan şəxslərdən 1200 manat alaraq, onlara saxta sənədlər düzəltmək

yolu ilə Avropaya mühacirətə göndərməklə də məşğul olub. Xaricdə yaşamaq üçün verilən həmin "sənəd”lərdə adları məlum olan şəxslərin guya, təzyiqlərə məruz qaldığı, müxalifətçi olduqları üçün incidildikləri və sairə vurğulanıb. Halbuki həmin adamların nəinki hansısa partiyaya, təşkilata, heç siyasətə belə aidiyyətləri olmayıb.

Təbii ki, bütün bunların fonunda özünü demokratik düşərgə kimi qələmə verən müxalifət tərəfindən şantaj yolu ilə özünə biznes qurmağa çalışan birinin fəaliyyətinə "xalq diplomatiyası” damğasının yapışdırılması da hadisənin maraqlı tərəflərindəndir. Birmənalı olaraq, bu tip insanların əsas məqsədi belə yollarla kənar qüvvələrin diqqətini cəlb edib cinayət məsuliyyətindən yaxa qurtarmaq, ona qanunilik qazandırmaq və qrantlar almaqdır. Bu insanların yalnız bir məramı ola bilər: "xalq diplomatiyası” üzlüyü izolyasiya olunub pul qazanmaq. Yəni ki, şəxsi mənfəətləri üçün gedilən istənilən yol məqbuldur. Amma bu məsələ heç də onların düşündüyü qədər asan olmayacaq. Artıq yalançı "xalq diplomatiyası”, "siyasi məhbus” mövzularını Almaniya və Türkiyədə villalar almağa yetəcək qədər böyük biznesə çevirənlərin ifşa olunması vaxtı çatıb. Vaxtilə jurnalist ictimaiyyəti öz sıralarından "reketləri” təmizləmək üçün təşəbbüs göstərdiyi kimi, analoji addımın QHT sektoru tərəfindən də atılmasına ehtiyac yaranıb.

Şəymən