Soma faciəsinin dumanı çəkilməyib

Hadisənin nədən qaynaqlandığını aydınlaşdırmaq hələ mümkün olmayıb



Türkiyənin Manisa vilayətində kömür mədənində baş verən faciə dünyanın diqqətini Soma qəsəbəsinə yönəldib.

Qeyd edək ki, faciə mayın 13-də günorta saatlarında transformator partlayışı nəticəsində baş verib. Partlayış növbə dəyişikliyi zamanı baş verdiyindən mədəndə itkilərin miqyası daha böyük olub. Son məlumatlara görə, faciə zamanı ölənlərin sayı 282-yə çatıb. Dəqiq sayı bilinməyən, amma 200-ə yaxın mədənçinin də hələ xilas edilə bilmədiyi söylənilir. Ölənlərdən isə artıq 217 nəfərin cənazəsi ailələrinə təhvil verilib.

Gül xəstəxanada yaralıları tək-tək ziyarət edib

Dünən Türkiyə prezidenti Abdulla Gül Akhisar Dövlət Xəstəxanasında 20 dəqiqə, faciə zamanı yaralanan mədənçiləri ziyarət edib. Türkiyə mətbuatı xəbər verir ki, Gül xəstəxanadan ayrılarkən avtomobilinin şüşəsini açıb vətəndaşlara əl yelləyərək "Allah səbirlər versin, bir daha belə ağrıları yaşamayaq” - deyə səslənib. Vətəndaşlar da dövlət başçısı Gülü alqışlayaraq əl yellədiblər.

Qeyd edək ki, Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən faciədə yaralanan və Akhisar Dövlət Xəstəxanasına gətirilən 16 yaralıdan biri xəstəxanadan buraxılıb, 5-i başqa xəstəxanalara aparılıb. Gül xəstəxanada yaralıları tək-tək ziyarət edərək tezliklə sağalmalarını diləyib. Abdulla Gül, Akhisardan Soma qəsəbəsinə gedib. Gül gəlməzdən əvvəl, ətraf binaların damlarında və ətrafda kəskin nişançıların xüsusi təhlükəsizlik tədbiri aldığı bildirilir. Vətəndaşlar "Hörmətli dövlət başçımız, yaxşı ki gəldiniz” - söyləyiblər.

Ərdoğan marketə sığındı

Ötən gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Somaya gedib. O, qəsəbə bələdiyyəsinin çıxışında onu gözləyən vətəndaşlara səslənib. Bu zaman təxminən 100 metr aralıda bir gənc etiraz şüarları səsləndirib. Baş nazirin mühafizəçiləri gənci saxladıqda, başqa bir nəfər də etiraza qalxıb və polislərə reaksiya verib. Bunun ardından təxminən 200 metr uzaqlıqdakı qrup etirazlara qatılıb. Polisin sərt reaksiyasına bəzi vətəndaşlar reaksiya verərkən, vəziyyət gərginləşib. Bu arada nitqini

bitirib avtomobilinə əyləşən baş nazir etirazçılar olan yerdə dayanıb və avtomobildən düşüb. Ancaq onu "Baş nazir istefa verməlidir” şüarı ilə qarşılayıblar. Türkiyə Çevik polisi etirazçıları həbs etməyə başlayıb. Etirazçılar isə Daxili işlər naziri Efkan Alaya da sərt təpki veriblər. Bunu görən Ərdoğan yaxınlıqdakı marketə sığınmaq məcburiyyətində qalıb.

"İş təhlükəsizliyi müfəttişlərinin söylədiyinə inanacaqsınız, yoxsa başqa birinin söylədiklərinə?”

Kömür mədəninin bağlı olduğu "Soma Holdinq”in İdarə Heyətinin rəhbəri Alp Gürkan faciənin detalları ilə bağlı danışıb.

Mədən faciəsinin səbəbinin hələ təsbit edilə bilmədiyini söyləyən Gürkan azyaşlı işçi və digər laqeydliklərlə bağlı iddialara cavab verib.

- Mədən faciəsi ilə əlaqədar laqeydliyiniz olduğunu düşünürsünüzmü?

- İndi nazirlərimizlə birlikdə yığıncaqdayıq. Nazirlər də buradadır. Onun üçün yığıncaq bitmədən hər hansı bir məlumat vermək imkanım yoxdur. Çünki mən də çox şey bilmirəm.

- Bəzi işçilər yalnız yoxlama əsnasında lazımlı tədbirlərin alındığını və yoxlamadan keçdikdən sonra isə hər hansı bir tədbir alınmadığını iddia edir....

- Hər il ən azı 2 dəfə nəzarətdən keçiririk. Müfəttişlər verdikləri nəzarətlərin hamısında iş yerimizin 1-ci sinif iş yeri olduğunu və hər cür şeyin yerində olduğunu rəsmi sənədlə bildirirlər. İş təhlükəsizliyi müfəttişlərinin söylədiyinə inanacaqsınız, yoxsa başqa birinin söylədiklərinə?

- Faciənin nədən qaynaqlandığı təyin olundumu?

- Xeyr, bunun təyin olunması üçün zamana ehtiyac var. Yanğın təmizlənəcək ki, bu da xeyli zaman aparacaq. İndi faciənin tam səbəbi bilinmir.

Həmkarlar İttifaqları tətilə çıxdı

Dünya Türkiyənin iri Həmkarlar İttifaqları isə Soma şəhərində mədəndə 282 nəfərin həyatını itirdiyi faciəyə görə bir günlük tətil etdiklərini elan ediblər.

İnqilabçı Əməkçi Hİ Konfederasiyasının rəhbəri Arzu Çərkəzoğlu paytaxt sakinlərini qara geyinməyə və Əmək Nazirliyinin binasına yürüş etməyə çağırıb. Hİ rəhbərləri ölkədə dağ mədəni sənayesinin son özəlləşdirilməsindən sonra (Somadakı mədən 2005-ci ildə özəlləşdirilib) mədənçilərin əmək şəraiti ağırlaşdırılaraq həyatları üçün təhlükəli edilib.

Tətilə qoşulan Dövlət qulluqçularının Həmkarlar İttifaqının bəyanatında deyilir: "Somada kütləvi qətliamda gəlir arxasında xərcləri ixtisar edən özəlləşdirmə siyasətini irəli sürənlər günahkardır. Onlar baş verənlərə görə cavab verməlidirlər”.

Etiraz dalğaları başladı - polis qazdan istifadə etdi

Baş verən faciə Türkiyədə insanları ayağa qaldırıb və onlar etirazlara başlayıblar. Dünən Ankara və İstanbulda polis mədəndə faciə ilə əlaqədar narazılığını ifadə etmək üçün küçəyə çıxan yüzlərlə insanın nümayişini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar Qayrettəpədə TOMA-nın qarşısında oturaraq gözləməyə davam ediblər. Bundan əlavə olaraq İstanbulda etirazçılar Taksim meydanına, Soma mədəninə sahib olan şirkətin baş ofisinin yerləşdiyi binanın qarşısına toplaşıblar.

Həmçinin paytaxt Ankarada 800 nəfər universitetdən Energetika Nazirliyinə gedən yolda yürüş təşkil edib. Aksiyalarda hökumətin istefaya getməsinə çağırışlar paylanılıb.

"Oğlum, haqqını halal et. Biz qürurlu mədən işçiləriyik”

Mədən faciəsinin ürək dağlayan hekayətləri də dünən Türkiyə mediasının əsas gündəmlərindən olub.
Mədəndən çıxarılan cəsədlərdən birinin ovcundan çıxan məktub Türkiyəyi sarsıdıb.
Belə ki, faciə zamanı həyatını itirən işçi məktubu oğluna yazıb. Ehtimal olunur ki, xilas ola bilməyəcəyini başa düşən ata oğluna son sözünü məktub vasitəsilə çatdırmaq istəyib. Məktubda bunlar yazılıb: "Oğlum, haqqını halal et. Biz qürurlu mədən işçiləriyik”.

Faciədən möcüzə nəticəsində sağ qalanlar da olub. Fatih Ocay belə şəxslərdən biridir. İki uşaq atası oksigen borularını dələrək oradan nəfəs alıb. O, karbon qazı ilə dolu olan mədəndə qalmış 4 mədənçiyə bu yolu öyrədərək onların da sağ qalmasına səbəbkar olub. Təqaüdə çıxmağına 5 ay qalmış faciə ilə üzləşən Fatih Ocay yıxıldığı yerə zəhərli dumanın sızmasının qarşısını almaq üçün ətrafı əsgi və parçalarla qapadıb.

"Allahım, doğulmalı olan uşağımın üzünü mənə göstər”

Faciədən saatlar sonra mədəndən sağ çıxarılan Həsən Dəmirçi adlı fəhlə baş verənləri Türkiyənin media nümayəndələri ilə bölüşüb. Mədənçi xilas olmaqla özünü sanki yenidən dünyaya gəlmiş kimi hiss etdiyini deyib. 31 yaşlı mədənçi bildirib ki, işini hadisə olan gün saat 15:00 radələrində bitirib: "Elə çıxacağım vaxt qara bir duman üstümüzə gəldi. Bu vaxt bizə "yuxarı çıxmayın, qaz maskalarınızı taxın, aşağı enin” dedilər. Təkcə mən deyildim, yanımda 100-110 nəfər var idi. Sonra işçilərin hər hansı fövqəladə hal zamanı sığına biləcəyi yerlər var idi, ora getdik. Orada bizə təmiz hava verildi. Təmiz hava alan kimi bir az rahatlaşdıq. Amma yenə də zəhərli hava gəlirdi. Buna görə də huşunu itirən və halı pisləşən yoldaşlarımız oldu”. Dəmirçinin ay yarım sonra ikinci övladı dünyaya gələcək. Mədənçi yerin təkində ona məhz doğulmalı olan körpəsini görmək istəyinin güc verdiyini deyir: "Allahım, doğulmalı olan uşağımın üzünü mənə göstər. Məni övladlarıma bağışla deyə dua etdim. Sadəcə əllərimi açıb dua etdim. 8 yaşında bir övladım var, ay yarım sonra da ikinci övladım dünyaya gələcək. Ancaq onu düşünüb dua etdim”.

Bir daha mədəndə işləyib-işləməyəcəyi barədə sualı isə H.Dəmirçi belə cavablandırıb: "Məcburam, borclarım var. İşləmək məcburiyyətindəyəm. Amma borclarım bitəndən sonra daha ora getmək istəmirəm”.

Xilas olan mədənçinin həyat yoldaşı Zəhra Dəmirçi isə yaşadığı dəhşət dolu anları belə xatırlayır: "Ortada heç nə yoxdur, adının çəkiləcəyini gözləyirsən. O an hiss etdiklərimi izah edə bilmərəm. Çox çətin vəziyyət idi. Allaha yoldaşımı övladlarıma bağışlaması üçün dua etdim. Əlimdən başqa bir şey gəlmirdi. Mən rahatladım, amma burada hər kəsin evinə atəş düşdü. Həmin vəziyyət, meyitlərə baxmaq çox çətin idi. Meyitlərin, xəsarət alanların arasında yoldaşını axtarmaq bilirsiz necə dəhşətlidir? Görəsən, ölülərin arasındadır, yoxsa xəsarət alanların? O an çox pis duyğular hiss edirsiniz”.

Anar Bayramoğlu