Əməkçilərin əmək müqaviləsindən xəbəri yoxdur

Paytaxt sakinlərinin əksəriyyəti əmək müqaviləsini “trudovoy”la səhv salır




"Mən əmək müqaviləsini bağladım. Bəs, sən?” reklam lövhələrini şəhərimizin bir çox yerlərində görürük. Telekanallarda da əmək müqaviləsi ilə bağlı reklam çarxları efirə verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən hər bir işçi ilə əmək müqaviləsinin bağlanması şərtdir. Son zamanlar əlaqədar qurumların əmək müqaviləsi ilə bağlı geniş təbliğat, maarifləndirmə kampaniyası apardığı da məlumdur. Əmək müqaviləsi ilə bağlı məqalə hazırlamaq qərarına gələndə, bu sahə üzrə mütəxəssis rəylərini öyrənməkdənsə, paytaxt sakinləri arasında sorğu keçirməyi daha üstün bildim. Əhalinin bu barədə nə dərəcədə məlumatlı olması və real durumu vətəndaşlarımızın özü daha aydın göstərəcəkdi.

Bəri başdan deyim ki, paytaxt sakinlərinin əmək müqaviləsi barədə hədsiz zəif bilgiyə malik olmaları, doğrusu, məni təəccübləndirdi. Paytaxtda yaşayasan, reklam lövhələrini görəsən, telekanalları izləyəsən, üstəlik, savadlı, təhsilli də olasan və əmək müqaviləsinin nəmənə olduğunu bilməyəsən, müasir insan üçün keçilməyəcək qüsurdur. Bu baxımdan, reportaj hazırlamaq bir az çətin oldu; insanlarımıza əmək müqaviləsi ilə əmək kitabçasının fərqini izah etməli olurdum.

"20 ildir işləyirəm, əmək müqaviləsi görməmişəm”

Əmək müqavilələrinin axtarışına bir iş günümün səhəri, demək olar ki, evdən çıxandan etibarən başladım. Vaxtım niyə hədər getsin ki? Yolumun üstündə, qarşılaşacağım işçilərlə danışmağı qət etdim. İşə metro ilə getdiyimdən birinci ünvan da təbii ki, metropoliten oldu. "Xalqlar Dostluğu” stansiyasında bələdçinin qatarı yola salmasını gözlədim və ona yaxınlaşdım. Düzü, səmimi qarşılanacağıma o qədər də əmin deyildim. Məlumdur ki, istər dövlət, istərsə də özəl müəssisə olsun, əməkdaşlar adətən nəyləsə bağlı münasibət bildirməkdən çəkinir və etiraf edirlər ki, müdiriyyət acıqlana bilər, onlar da iş yerini itirmək istəmirlər. Ona görə, bir az ehtiyatlı davranmaq, danışmaq istəməyənə anlayışla yanaşacağımı özümə təlqin etmişdim. Gözlədiyimin əksinə, bələdçi xanım həvəslə müsahibə verdi. Təbii, şəklinin çəkilməməsi xahişi ilə:

- Əmək müqaviləsi, bəli, bağlamışıq.

- Əminsiz? İmzalamısınız belə bir sənəd?

Bələdçi xanım, tutuldu:

- Əmək kitabçası demirsiniz, bəli, varımdı.

- Xanım, əmək kitabçası yox, əmək müqaviləsini soruşuram.

Xanım bir az düşünməli oldu:

- ... Əmək müqaviləsi... Yox, bilmirəm...

Xanıma əmək müqaviləsi barədə bir qədər məlumat verdikdən sonra ehtimalı yəqinləşdi:

- Yox, mənimlə bağlanmayıb. Amma "trudovoy”um var, yazılır. Sığorta kartımız da var. Əmək müqaviləsini, deyəsən, təqaüd yaşı çatanlarla bağlayırlar. Bir illik. Elə işçilərimiz var ki, təqaüd yaşına çatıblar, müqavilə əsasında işləyirlər.

Bələdçi xanıma hər bir işçi ilə əmək müqaviləsi imzalanmasının qanunla təsbit olunduğunu söyləyirəm. O da "məlul-məlul” baxdı...

- Yox, bizimlə imzalanmayıb.

Metro bələdçilərini bir də çıxışda - "Elmlər Akademiyası” metrostansiyasında "yaxaladım”. Burada da, bələdçilər danışmaqdan imtina etmədilər. Amma onlara da əmək müqaviləsi ilə əmək kitabçasının fərqini anlatmalı oldum. Gənc xanım bələdçi əvvəlcə əmək müqaviləsi bağladığını desə də, izahımdan sonra əmək kitabçası ilə əmək müqaviləsini səhv saldığını anladı.

Bundan sonra yaşlı xanım əməkdaşla söhbətləşdim.

- 18 ildir işləyirəm. Müqavilə-zad bağlamamışam. Amma işdən çıxarılan olursa, yeni iş tapanadək ona əməkhaqqı miqdarında müavinət ödənir. İşimizin belə yaxşı tərəfi də var da. Sığortamız var, pensiya fonduna ödəmələr edilir. Hər şey yerli-yerindədir.

Bu zaman bayaqkı cavan bələdçi xanım da bizə yaxınlaşdı:

- Siz kontraktı soruşursunuz?

- Bəli...

- Yox, elə şey olmayıb.

Sonra da işinin gələcək taleyi ilə maraqlandı:

- Siz bilərsiz, daha çox məlumatlı olursunuz, bizim işimizdə bir yenilik olacaq?

- Nə barədə xanım?

- Əmək haqları artacaq, yox? İxtisarlar aparılacaq?

Yadıma düşdü ki, metropolitendəki gözlənilən dəyişikliklərlə bağlı mətbuata heç bir informasiya verilmir. Yeni rəhbərlik "metroda struktur dəyişiklikləri gedir” cavabı ilə kifayətlənir. Odur ki, "çoxbilmiş” hesab edilsək də, bu dəfə bilgisiz olduğumuzu xanım bələdçinin də nəzərinə çatdırdım.

"Adımı yazmayın, işdən çıxararlar...”

Metrodan çıxıb parka tərəf üz tutdum. Yolda gedən zövqlə geyinmiş bir xanıma yaxınlaşdım. İşləyib-işləmədiyini dəqiqləşdirəndən sonra əmək müqaviləsinin olub-olmadığını soruşdum. Deməyinə görə, poliklinikada lor həkimi işləyən xanım da əmək kitabçası ilə əmək müqaviləsinin fərqini bilmirmiş:

- Tibb Universitetini bitirəndən poliklinikada həkim işləyirəm. 15 ilə yaxındır. Əmək müqaviləmiz yoxdur.

Elmlər Akademiyasının qarşısındakı parkda bir xanım otluğu "darayırdı”. Güman ki, təsərrüfat işçisi idi. Ona yaxınlaşdım. Söhbət etməkdən çəkinmədi. Dedi ki, neçə ildir burada yaşıllıqlara qulluq edir. Amma di gəl, adına nə əmək kitabçası açılıb, nə də əmək müqaviləsi imzalanıb:

- Əmək kitabçam yoxdu. Heç əvvəldən də olmayıb. Hara işə getmişəm, sənədsiz-zadsız işə götürüblər, ancaq maaş veriblər. Eşidirəm deyirlər, əmək müqaviləsi, filan... Mənimlə heç bir müqavilə imzalanmayıb. Düzü, müdiriyyətin mənə münasibəti yaxşı deyil. Lap yuxarıda oturanı demirəm aa! O, yaxşı adamdı, işçiləri yola verir. Elə bil bütün Bakı üzrə Yaşıllaşdırma İdarəsinin ayrı-ayrı sahələr üzrə hərəsinin öz rəisi var. Yasamal rayonu üzrə sahənin də öz rəisi var. Onun nəsə mənimlə arası yoxdu. Adımı desəm, xəbər tutarlar, siz Allah, pensiyaya çıxmağıma bir-iki il qalıb, qoyun birtəhər bu illəri başa vurum, görüm, hələ nə qədər pensiya alacam.

Xanımla söhbətdən məlum oldu ki, onun heç sosial sığorta kartı da yoxdu. Əmək kitabçası, sığorta kartı olmayan adam necə, hansı əsaslarla əmək pensiyası alacaq, doğrusu, anlamıram. "Bəxtsiz” xanımın özü də suallar qarşısında aciz qalmışdı. Amma nəyəsə ümid edirdi:

- Adım gedir də. Qol çəkib maaş alıram. Yəqin, pensiya verərlər.

Qadına dedim ki, əmək müqaviləsi olsaydı, indi belə qorxu-hürkü keçirməzdi. Təminatı olardı:

- Düz deyirsən, gərək gedim maraqlanım.

Amma bax bu institutda (Elmlər Akademiyasının Kimya İnstitutunu nişan verir - red.) kimi işə götürürlərsə, hamısıyla əmək müqaviləsi bağlayırlar. Adamlarla danışıram da, deyirlər, əmək müqaviləmiz var. Mən də istəyirdim, ora işə düzəlim. Alınmadı. Elə burda qalmışam, neçə ildi...

Təmizlikçi qadının məsləhəti ilə yaxınlıqdakı Kimya İnstitutunun yaşıllıq ərazisini sulayan bir işçisini "gözaltı” eləyirəm. Özünü təqdim edir:

- Yaşar Cəfərov. Zəngilandanam. 86-cı ildən burda çalışıram. Əmək kitabçam da var, əmək müqaviləsi də imzalamışam.

- Dəqiq bilirsiniz ki, əmək müqaviləsi imzalamısınız?

- Hə, dəqiqdi. Burda hamı ilə müqavilə imzalayırlar.

- Əmək müqaviləsinin sizə köməyi dəyər...

- Hə də. Bilirəm. Əmək müqaviləsi varsa, bizi işdən çıxara bilməzlər. İşdən çıxarsalar, müqavilə şərtlərini pozacaqlar, onda biz də onları məhkəməyə verə bilərik. Kompensasiya tələb edərik. Nə bilim... Hərə biz söz deyir. Allah eləsin, işləyim, pensiya vaxtınacan. Pensiyaya da burdan çıxım.

Şirniyyat satan müqaviləsiz qızlar

Yolüstü "Başkənd” şirniyyat evinə də baş çəkdim. Ayrı-ayrı şöbələrdə işləyənlərin cavabdan yayınmaq üçün hərəsi bir bəhanə tapdı. Biri dedi, azyaşlı övladım var, sosial müavinət alıram, əmək kitabçası yazılsa, müavinətdən məhrum olaram. "Peraşki” satan qız dedi, "təzə gəlmişəm, xəbərim yoxdu”. Kassa aparatında əyləşən gənc oğlansa cəmi 3 günün işçisiymiş. Onun da müəssisədə işçilərlə əmək müqaviləsi bağlanıb-bağlanmamasından xəbəri yox idi. Gözləyirdi: "Təzə işə başlamışam. Bəlkə çağırıb bağlayacaqlar. Bilmirəm. Bir söz deməyiblər”. Müştərilərə xidmət göstərən gənc də əmək müqaviləsi olmadığını dedi və o da işə yeni qəbul olunduğunu bildirdi. "Deyəsən, burada hamı təzə işə götürülüb” sözlərimə də təsdiq cavabı aldım.

Onu da deyim ki, "Başkənd” şirniyyat evinə ertəsi gün bir də yolumu saldım. Bu dəfə kassa aparatı qarşısında gənc bir xanım dayanmışdı.

Ondan əmək müqaviləsinin olub-olmadığını soruşdum. Dedi ki, bəli, müqavilə imzalanıb. Amma bundan artıq heç nə demədi. Və ya demək istəmədi. Xanıma müdiriyyətlə görüşmək istədiyimi dedim. Yaxınlıqdakı cavan oğlanı nişan verdi. Bu cavan da lap "cavansayağı” danışdı:

- Ay xanım, jurnalistsiniz, bilirik, biz də öz işimizi bilirik. Əmək Məcəlləsindən də xəbərimiz var, əmək müqaviləsindən də. Siz öz işinizi görün, biz də öz işimizi... Narahat olmayın, işçilərin hamısıyla da əmək müqaviləsi bağlanır. Sağ olun...

(Sözə bax!.. Mən niyə narahat oluram, narahat olmalı adamlar başqadı...)

Həkimə dərs keçən dönərçi

Texniki Universitetin qarşısındakı yeraltı keçidə endim. Xadimə təmizliklə məşğul idi. Əmək müqaviləsi barədə soruşdum. O da əmək kitabçası ilə əmək müqaviləsini eyni bilirmiş. Fərqi biləndə məlum oldu ki, əmək müqaviləsiz çalışır:

- Əmək müqaviləsi bağlanmayıb, yox. Bura Avtovağzalın ərazisidir. Nəqliyyat Nazirliyinə tabedir. 8 ildir çalışıram. 400 manat maaş alıram.

Jurnalist olduğumu biləndə xanım çox sevindi:

- Yoldaşım da jurnalist idi. Rəhmətə getdi. Məcbur oldum, başladım işləməyə. Jurnalistləri çox istəyirəm. Yenə gəlin...

Yaxınlıqdakı dönərxana diqqətimi çəkdi, dönər hazırlamaqda olan işçini sorğu-sual edim. Dönərçi həkim xanımdan daha məlumatlıymış məgər. Bütün sənədlərinin qaydasında olduğunu dedi:

- Əmək kitabçamız da var, əmək müqaviləsi də. Sosial sığorta kartımız da.

Onu yoxlamaq üçün sual verdim:

- Əmək müqaviləsini kiminlə imzalamısınız?

- Fiziki şəxsdir. İşəgötürən odur, işçi də mən. Dönər istəmirsiniz?..

- Çox sağ ol. Dönər ziyanlıdır...

Üzü "Nəşriyyat”a tərəf gedəndə yolda iki xanımın dayanıb söhbətləşdiyini gördüm. Ziyalı insanlara oxşayırdılar. Yəqin ki, hansısa ali məktəbin müəllimləri idi. Özü-özümə dedim ki, gəl, ərinmə, bu xanımları da bir dindir. Açığı, xanımlardan biri ehtimalımı çox da doğrultmadı. Nisbətən gənc rəfiqəsi az-çox məlumat verməyə meyilli görünsə də, "təcrübəli” xanım məni tez-bazar yola salmağa çalışırdı.

- Heç nə bilmirik. Get işlədiyin yerdən soruş (?!)

Xanımın səbəbsiz qorxu-hürküsü, məni bir az inadlaşdırdı. Gənc xanıma müraciət etdim. Cavabsız qoymadı:

- Bir sənəd imzalatdırdılar, deyəsən, əmək müqaviləsi idi. Doğrusu, çox da ətraflı tanış olmadım. Deyəsən, müqavilə bağlayırlar.

Yanındakı xanımsa yenə də dilini dinc qoymayıb, "bizi niyə sorğu-suala tutursan, bilmirik” - deyib, "mədəni” şəkildə məni rədd etdi.

Bu da paytaxt sakinləri ilə sorğumun sonu. Demək ki, əmək müqaviləsi ilə bağlı durum ürəkaçan deyil. Təbliğatı gücləndirmək lazımdı, məncə.

Məlahət Rzayeva

Yazı, Vergilər Nazirliyinin "Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim edilir