Yusif Vəzir Çəmənzəminli irsi...

Bu böyük mütəfəkkirin fəaliyyəti azərbaycançılıq ideyasının təməl prinsiplərinə söykənir






XX əsrin birinci yarısında yaşamış Azərbaycan mütəfəkkiri Yusif Vəzir Çəmənzəminli milli ideologiyanın aparıcı xətti olan azərbaycançılıq ideyasının təşəkkülündə və inkişafında fəal şəkildə iştirak edib. Əsas diqqətini azərbaycanlıların millət kimi formalaşmasına yönəldən Çəmənzəminli hesab edirdi ki, yad millətlər, xüsusilə farslar Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, dilinə çox mənfi təsir göstərib. Bunun nəticəsində dilimiz və etnik mənşəyimizi unutmuşuq. Onun fikrinə görə, bundan qurtulmaq üçün dilimiz saflaşmalı, türk məktəblərinin sayı artırılmalı, milli dahilər təbliğ edilməli, Azərbaycan tarixi yazılmalıdır. Y.V.Çəmənzəminli hələ tələbəlik illərindən vurğunu olduğu doğma xalqına, millətinə çatdırmaq istədiyi ideyaları özünün hekayələrində, məqalə və risalələrində, romanlarında təsbit edərək ziyalılarımızı tariximizi və dilimizi öyrənməyə çağırıb. Hər şeydən öncə, mütəfəkkirin əsas məqsədi Azərbaycan idealı uğrunda düşündüklərini ümumiləşdirmək və xalqı geniş şəkildə maarifləndirmək idi. Yazıçının diqqət yetirdiyi başlıca məsələlərdən biri "əfkari-ümumiyyə”yə, yəni ictimaiyyətə Azərbaycanı tanıtmaq idi. O yazırdı ki, dünyada ən böyük qüvvələrdən biri ictimai rəydir. Topdan, tüfəngdən və zirehlilərdən də bu amil böyükdür. Odur ki, hər kəs bu amilə yiyələnməyə çalışır.

Y.V.Çəmənzəminli əsərlərində ermənilik əleyhinə çıxaraq, milli ideyaya yiyələnməyə çağırırdı: "Hansı millət yaşamaq istəyirsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini çıxarmağı bilməyən və bağırmağı bacarmayan bir millət həmişə əzilər. Səs vasitəsi də qəzetlər və məcmuələrdir. Qonşularımızdan bağırmaları ilə məşhur ermənilərdir. Bu millət dərdini və tələbini bildirməkdə böyük istedad sahibidir. Dünyada bir qəzetə yoxdur ki, erməni məsələsini yazmasın. Bundan başqa, özlərinə məxsus bir çox qəzetə və məcmuələri var. Müharibə əsnasında Moskvada rus dilində "Armyanski vestnik” məcmuəsi verilirdi. Bu məcmuə başdan-başa erməniliyi təqdir (qiymətləndirmə) və tərvic (hərəkətə gətirmək) etmək ilə məşğul idi”. Göründüyü kimi, bütün

dövrlərdə milçəyi fil edən ermənilər hər sahədə özlərinin üstün olmalarına çalışırlar. Bəzən yalanı elə uydururlar ki, kənardan baxan buna həqiqət kimi baxır. Y.V.Çəmənzəminli "Əfkari-ümumiyyə” məqaləsini yazdığı vaxtda, yəni 1919-cu ildə "ermənilərin milli məsələ ilə bağlı doqquz yüz əsər çap etdirdiklərinə” dair məlumat verib. Bu məqalənin ideyası ilə o, bir daha millətimizə, xalqımıza üz tutub onların qəflətdən ayılmasına təsir göstərən vasitələrlə Azərbaycan idealı üzərində dayanıb. Məmləkətimizin bütün dünyaya tanıdılması işində hər bir vətəndaşın mübariz olması tələblərindən, əzəli torpaqlarımızın haradan başlayıb haraya qədər uzanması, qonşu dövlətlərlə Azərbaycanın sərhəd zolaqları barədə onlardakı bilik və məlumatların daha da zənginləşməsi istəyindən çıxış edib.

Fəlsəfə doktoru Namaz İsayev və professor Əli İbrahimov "Azərbaycan idealı: yaranışı və təfəkkürü” məqaləsində göstərirlər ki, "Azərbaycan”, "azərbaycançılıq” və "türkçülük” kimi problemlər Y.V.Çəmənzəminlini daim düşündürən və məşğul edən məsələlərdən olub. Bu səbəbdən mütəfəkkir "Biz kimik?” məqaləsində Azərbaycan tarixinin yazılması tələbini irəli sürüb. Hələ Kiyev İmperator Universitetində oxuyarkən, o, Azərbaycan dilində kitablar buraxmağa başlayıb. Ana dilini bilməyənlər üçün kurs təşkil etməklə mühazirələr oxuyub.

Y.V.Çəmənzəminli hələ o zamanlar qarşısına qoyduğu məqsədi tam dərk edərək, xalqın ümummilli dəyərlərinin və sərvətlərinin inkişaf etdirilməsini və bütövlükdə, milli maraqları ifadə edən milli siyasətin, milli şüurun yüksək səviyyəyə çatmasını istəyirdi. Y.V.Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı səfiri olub. Bu illərdə Ukraynada milli hərəkat güclənmişdi. İmperiya zülmünə və siyasətinə son qoymaq üçün kiçik millətləri öz ətrafında birləşdirməyə çalışan Ukraynanın milli hərəkat rəhbərləri "millətlər qurultayı” çağırmaq qərarına gəlib. Bu münasibətlə icraiyyə komitəsi yaradılıb. Xüsusi jurnal nəşr edən komitədə Azərbaycanın dörd nəfərdən ibarət nümayəndə heyəti fəaliyyət göstərib. Y.V.Çəmənzəminli yazırdı ki, "biz bu jurnalda fəal iştirak edirdik. O vaxtlar Rusiyada Azərbaycanı tanımazdılar. Bakı bir şəhər, paytaxt kimi tanınsa da, Azərbaycan tanınmırdı. Azərbaycanı yalnız İranın bir hissəsi kimi tanıyırdılar. Bizim vəzifəmiz və qayəmiz bu oldu ki, birinci olaraq Rusiya ictimaiyyətinə Azərbaycanı tanıdaq”. Əminliklə demək olar ki, bu gün üçün də aktuallıq kəsb edən Azərbaycanı tanıtmaq, onun haqqında ümumi rəy formalaşdırmaq ideyası o illərin ziyalıları içərisində ən çox Çəmənzəminlini narahat edib. O, məruzəsində deyirdi ki, "bir Azərbaycan xəritəsi cızdıq. O zamandan Azərbaycan haqqında, onun tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarət və iqtisadiyyatı barəsində bir çox məsələlər yazdıq. Yavaş-yavaş Azərbaycan şöhrət tapmağa başladı”. Məruzədən öyrənirik ki, bundan sonra Ukrayna milli hökuməti Azərbaycana xüsusi əhəmiyyət verib. Onu təmsil edən nümayəndəliyin hər xahişinə xüsusi diqqətlə yanaşıb. Y.V.Çəmənzəminli 1917-1919-cu illərdə Azərbaycanı öyrənib onu tanıtmaq haqqında geniş ictimai rəy yaratmaq sahəsində xeyli əmək sərf edib. Onun Bakıda çap olunan "Azərbaycan muxtariyyəti”, "Biz kimik və istədiyimiz nədir?” kitabları, 1918-ci ildə "Millət” qəzetində çıxan "Azərbaycan və azərbaycanlılar” məqalələri məhz bu məqsədlə yazılıb. Böyük mütəfəkkir "Qüvvətli istiqlal” adlı məqaləsində dövlətin təşkilinin üç amilini göstərib. 1) torpaq. 2) millət, 3) hakimiyyət. "Azərbaycanda bu üç amil mövcud olduğu üçün Azərbaycan müstəqil məmləkətdir” deyən müəllif bütün silsilədə milli istiqlalı qüvvətləndirən cəhətlərdən, xüsusilə də, Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən geniş bəhs edib. Bir müddət sonra Krıma gedən Çəmənzəminli orada "Millət” qəzetində "Azərbaycan və azərbaycanlılar” adlı məqaləsini çap etdirir. Daha sonra Vətənə qayıdan yazıçı "Azərbaycan” qəzetində "Xarici siyasətimiz”, "Milli və mədəni işlərimiz” başlığı ilə silsilə məqalələr çap etdirir. Bir müddət Bakıda qaldıqdan sonra AXC-nin Nazirlər Şurasının sədri Nəsib bəy Usubbəylinin təklifi ilə səfir kimi İstanbula göndərilir. O, İstanbulda diplomatik işlə məşğul olmaqla yanaşı, ədəbi fəaliyyət də göstərir. Azərbaycanı və Azərbaycan ədəbiyyatını türk aləminə tanıtmaq üçün elmi müşahidələrlə zəngin olan "Azərbaycan ədəbiyyatına bir nəzər”, "Tarixi-coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını yazıb 1921-ci ildə İstanbulda çap etdirir.

Y.V.Çəmənzəminlini ən çox narahat edən məsələlərdən biri də Azərbaycanın həqiqi milli sərhədlərinin qorunub saxlanmasına millətin təəssübkeşliyinin kifayət qədər olmaması idi.

Çəmənzəminlişünas-professor Tofiq Hüseynoğlunun üzə çıxarıb tədqiq etdiyi "Tarixi, coğrafi və iqtisadi Azərbaycan” adlı əsərlə tanış olarkən milli məsələnin mühüm tərkib hissələrindən biri kimi milli ərazimizə xüsusi təqdimat aspektindən yanaşan Çəmənzəminlinin həqiqi vətəndaşlıq mövqeyi, vətənpərvərlik duyğuları və azərbaycançılıq ideyaları ilə üzləşirik. Müasir həyatımız üçün bu sanballı mənbənin əhəmiyyəti ondadır ki, əzəli torpaqlarımızın, yurdumuzun ərazi bütövlüyünü bir daha təsdiqləyən növbəti bir əşyayi-dəlilin, arqumentin meydana çıxmasına sübut olub. Y.V.Çəmənzəminlinin kitabında təsvir edilən Azərbaycan ərazisinin, onun sərhədlərinin hüdudlarındakı şəhərlər, qonşu İran, İraq, Türkiyə ərazisinin müəyyən hissəsi, Ermənistan və Qara dənizdəki bəzi adalar da daxil olmaqla, vahid və bütöv Azərbaycan idealı uğrunda mübarizə səyini artırıb.

Y.V.Çəmənzəminlini düşündürən və narahat edən daha bir məsələ Azərbaycanın milli marşının olmaması idi. Bununla əlaqədar onun 1917-ci il dekabr ayının 19-da "Açıq söz” qəzetində çap etdirdiyi məqalədə deyilirdi: "Hər bir millətin özünəməxsus bir milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizə etmək xahişi artır. Bizim isə bu nəğməmiz yoxdur. Odur ki, milli ruhumuz da yoxdur. Düşməni yıxmaq üçün də milli ruh lazımdır. Milli şərqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünaslarımız, Üzeyir Hacıbəyov cənabları çalışmalıdırlar”.

Dil məsələsinə gəldikdə, o bildirirdi ki, Azərbaycanda dövlət dili türk dili olmalıdır. Çünki Azərbaycan əhalisinin çoxu türkdür. Çəmənzəminlinin fikrinə görə, mədəniyyət sahəsində də ilk növbədə, ana dilimizin qayğısına qalmalıyıq. Çünki ana dilinin tənəzzülü millətin tənəzzülüdür. Ona görə də, hər bir kəs türk dilini sevməli, bu dildə danışmağı eyib yox, fəxr hesab etməlidir. Bu baxımdan dil məsələsində osmanlı türk ləhcəsinin bütün türklərin ortaq dili olmasına qarşı çıxan Çəmənzəminli Azərbaycan türkcəsinə üstünlük verirdi və bunu belə əsaslandırırdı: "Dilin birliyi üç-dörd adamın bir dildə yazmağı ilə olmaz. Dil gərək işlənsin. Dil zəiflik sevməz, zor gücü də qəbul etməz. Hər dil öz kökü üstə bitər, qalxar, qol-qanad açar. Dilin kökü camaatımızın yaratdığı el ədəbiyyatındadır. Gərək onlar toplansın, öyrənilsin, əzbərlənsin”.

Siyasi-ideoloji baxımdan M.Ə.Rəsulzadə, N.Yusifbəyli və bu kimi azərbaycançılığı və milli istiqlal yolunu tutan Y.V.Çəmənzəminli hesab edirdi ki, artıq hansı cərəyanda təmsil olunmasından asılı olmayaraq bütün millət azərbaycançılıq ideyası ətrafında birləşməlidir. Bu məqsədlə o, üzünü bolşevizmə meyilli "hümmətçilər”ə tutaraq yazırdı ki, marksizm-leninzmin əsil mahiyyətini onlar da bilməli və bolşeviklərin əli ilə millətin parçalanmasına yol verməməlidirlər. Bolşevizmin əsl mahiyyətini dərindən anlayan Y.V.Çəmənzəminli haqlı olaraq yazırdı ki, bu cərəyan heç bir millət üçün faydalı ola bilməz: "Bolşevizmin sonu hərc-mərclikdir. Biz gərək bolşevizmin öz vətənimizə gəlməsinə bütün ciddiyyətimizlə mane olaq”.

Bu dövrdə o, milli ideyanın əsas daşıyıcısı olan "Müsavat”ın milli istiqlal yolundakı öncüllüyünü görür və gəncləri bu siyasi qurum ətrafında toplanmağa çağırırdı: "Ey cavanlar! Ədəmi-mərkəziyyət fikrinin başında toplaşın. "Müsavat” firqəsinə yazılın. Yatmışları oyadın. Durmaq zamanı deyil. Rusiya uçurum qarşısında durub, bizi də çəkib aparmaq istəyir. Məmləkəti bu haldan qurtarın”.

O, birmənalı şəkildə yazırdı ki, Azərbaycanda hakimiyyəti ələ almaq yalnız milli istiqlal ilə olur. Bundan başqa, ikinci yol yoxdur. Bir sözlə, Çəmənzəminli azərbaycançılıq ideyasının tərkib hissəsi kimi, azərbaycanlıların tarixinin, fəlsəfəsinin, mədəniyyətinin qələmə alınmasında mühüm işlər görüb. Mütəfəkkir hesab edirdi ki, milli dövləti qorumaq və yaşatmaq üçün, ilk növbədə onun elmi əsasaları işlənib hazırlanmalıdır. Bütün dünya millətləri bilməlidir ki, Azərbaycan gənc dövlət olsa da, onun şanlı dövlətçilik ənənəsi, mədəniyyəti, fəlsəfəsi, ədəbiyyatı olub.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb