Şahin Məmmədov qərargah rəisi vəzifəsinə təsdiqlənib

Üzeyir Cəfərov: “İndiyə qədər çox böyük hörmətlə və izzətlə qəbul edilən hərbi kadrdır”





Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi vəzifəsinə təyinat olub. Müdafiə nazirinin əmri ilə I dərəcəli kapitan Şahin Məmmədov HDQ-nin qərargah rəisi vəzifəsinə təsdiqlənib. APA-nın verdiyi məlumata görə, Ş.Məmmədov bu il mart ayının sonlarında HDQ-nin qərargah rəisi I dərəcəli kapitan Yunus Məmmədov vəzifəsindən azad olunduqdan sonra HDQ-nin qərargah rəisi vəzifəsinin icrasını həyata keçirib. Həmin vaxtdan Ş.Məmmədov həm də HDQ-nin komandanı vəzifəsini icra edir.

Xatırladaq ki, cari ilin mart ayının 11-də HDQ-nin komandanı vitse-admiral Şahin Sultanov vəzifəsindən azad olunub. Daha sonra onun vəzifələrini icra edən I dərəcəli kapitan Yunus Məmmədov da tutduğu vəzifədən azad olunaraq ona qarşı da ittiham irəli sürülərək həbs olunub.

Hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə danışarkən onunla şəxsi tanışlığı olmasa da, HDQ-də xidmət edən zabitlərdən aldığı məlumata görə, çox vicdanlı və öz vəzifəsinə məsuliyyətlə yanaşan bir zabit olduğunu bildirib: "İndiyə qədər çox böyük hörmətlə və izzətlə qəbul edilən hərbi kadrdır. Hər halda onun təyinatı HDQ-nin şəxsi heyəti tərəfindən normal qarşılanıb”.

Ü.Cəfərov həmçinin HDQ-yə artıq yeni komandanın təyin olunduğunu da söyləyib: "HDQ-ni içəridən tanıyan bir şəxsdir. Yeni təyin olunacaq komandan əməliyyyat bölməsində xidmət keçən peşəkar zabitdir. Əldə etdiyim məlumata görə, HDQ-yə komandan təyin olunması ilə bağlı konkret qərar var. Adını açıqlamaq istəmirəm, sonra o şəxsə problem olar. Həmin şəxs yaxın vaxtlarda Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə və HDQ-nin heyətinə təqdim olunacaq”.

Ü.Cəfərov fikirlərinin sonunda HDQ-də yaranan narahatlıqlara artıq son qoyulduğunu da qeyd edib: "Məlum olduğu kimi, Şahin Sultanovun komandan vəzifəsindən çıxarıldıqdan sonra HDQ-də boşluq yaranmışdı. Bir müddət faktiki olaraq HDQ-yə rəhbərlik edən olmadı. Bu da HDQ-nin şəxsi heyətində bir qədər çaşqınlıq və narahatçılıqlar yaradırdı. Biz HDQ-ni taleyin ümidinə buraxa bilməzdik”.

Vüqar Şahinoğlu