DÇ-2014-ün iştirakçıları: Fransa





TARİX
Fransa Futbol Federasiyası 1919-cu ilin 7 aprelində təsis edilib. Federasiyanın mənzil-qərargahı Parisdə yerləşir. FFF 1907-ci ildən FİFA-nın, 1954-cü ildən isə UEFA-nın üzvüdür. Təbii ki, federasiyanın FİFA-ya üzv olma tarixi sizi çaşdıra bilər. Sual yaranır ki, 1919-cu ildə yaradılan qurum necə 1907-ci ildə FİFA-ya üzv ola bilər? Məsələ bundadır ki, həmin vaxt FİFA-ya Fransa Beynəlxalq İdman Komitəsinə üzv olub. Sonradan fubol federasiyası da məhz İdman Komitəsinin əsasında yaradılıb. Hazırda Fransa Futbol Federasiyasına Noel Le Qraz başçılıq edir.
Fransada ilk olaraq olimpiya yığması yaradılıb. Bu komanda 1900-cu ildə Parisin ev sahibliyi etdiyi olimpiadada iştirak üçün təsis edilmişdi. Komandanın çıxışı uğurlu alındı və fransızlar ev sahibliyi etdiklərin olimpiadanı gümüş medalla başa vurdular. Ölkənin əsas yığması isə 3 il sonra təsis edildi. Elə bu səbəbdəndir ki, Fransa milli komandası tarixindəki ilk oyunu 1904-cü il, mayın 1-də Brüsseldə keçirib. Belçikaya qarşı baş tutan görüşdə 6 qol vurulsa da, qalib aşkarlanmayıb – 3:3.
Fransa futbolunun tarixinə düşən 3 (ilk matç, ən böyükhesablı qələbə və ən ağır məğlubiyyət) oyundan biri Azərbaycanla bağlıdır. Təəssüflər olsun ki, Fransa millisi tarixi ərzindəki ən böyükhesablı qələbəni məhz yığmamız üzərində qazanıb. 1995-ci ilin 6 sentyabrında AÇ-1996-nın seçmə mərhələ görüşündə fransızlar yığmamızın qapısından 10 cavabsız top keçiriblər. Bu matç Oser şəhərində baş tutmuşdu. Elə ona görə də həmin ağır yenilgi Azərbaycan futbolunda daha çox "Oser faciəsi” kimi tanınır.
Fransızların tarixi ərzindəki ən biabırçı yenilgi isə 10:0-dan da pis nəticədir. Belə ki, 1908-ci ilin 17 oktyabrında Londonda baş tutan qarşılaşmada Danimarka millisi fransızları 17:1 hesabı ilə diz çökdürüb.

UĞURLARI

Fransa millisi 4 dəfə dünya çempionatında medalçılar sırasına düşüb. İlk belə uğur 1958-ci ilə təsadüf edir. İsveçdə baş tutan mundialda komanda bürünc medala sahib çıxıb. 1986-cı ildə Meksikada keçirilən turnirdə də fransızlar yenə üçüncülüklə kifayətləniblər. Əvəzində 1998-ci ildə Fransa yığması ev sahibliyi etdiyi dünya çempionatında tarixi ərzində ən böyük uğura imza atıb. Komanda finalda Braziliyanı 3:0 hesabı ilə darmadağın edərək dünya kubokunu qazanıb. 2006-cı ildə komanda 8 il əvvəlki uğurunu təkrarlamağa yaxın olsa da, həlledici qarşılaşmada İtaliya millisi buna imkan verməyib.
Dünya çempionatından fərqli olaraq, Avropa birincliyində fransızlar 2 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa müvəffəq olublar. Əvvəlcə 1984-cü ildə ev sahibliyi etdiyi qitə çempionatının qalibi olan komanda, 16 il sonra bu uğuru Hollandiya və Belçikanın birgə təşkil etdiyi turnirdə təkrarladı. 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatında isə Fransa bürünc medala sahib çıxıb.
Fransa millisi Danimarkayla birgə Konfederasiyalar Kubokunun qalibi olmuş 2 Avropa ölkəsindən biridir. Özü də skandinaviyalılardan fərqli olaraq, fransızlar bu uğura 2 dəfə – 2001 və 2003-cü illərdə imza atıblar. Yeganə Olimpiya çempionluğunu isə Fransa millisi 1984-cü ildə, Los-Ancelesdə baş tutan olimpiadada qazanıb.

REKORDÇULAR

Fransa millisinin tarixində ən çox oyun keçirən futbolçu Lilian Türamdır. O, 1994-2008-ci illər aralığında yığmada 142 matça çıxıb və 2 qol vurub. Onun ən yaxın izləyicisi Tyerri Anridir. Hələ də futbolçu karyerasını davam etdirən təcrübəli forvard 1997-2010-cu illər aralığında yığmada 123 matça çıxıb və 51 qol vurub. Rekordçuların siyahısında ilk "üçlüy”ü Marsel Desayi qapayır. O, 1993-2004-cü illər ərzində millidə çıxış edib. Bu müddət ərzində Desayi 116 matçda forma geyib. Fransa yığmasının tarixi ərzində ən çox oyun keçirən 10 futbolçunun siyahısında həmçinin Zinəddin Zidan (108 oyun), Patrik Vieyra (107 oyun), Didye Deşam (103 oyun), Biksant Lizarazyu, Loran Blan (hər ikisi 97 oyun), Silven Viltor (92 oyun) və Fabyen Bartez (87 oyun) var.
Oyun sayına görə ikinci olan Tyerri Anri qol sayında liderdi. Belə ki, təcrübəli forvard 123 matçda 51 qolla vurmaqla Fransa yığmasının tarixindəki ən yaxşı bombardirdi. Hazırda UEFA prezidenti olan Mişel Platini 1976-1987-ci illər aralığında 72 oyuna çıxıb və 41 qol vurub. Anri kimi hələ də klub karyerasını davam etdirən David Trezege isə 71 oyunda 34 dəfə fərqlənib. Fransa millisində ən çox qol vuran 10 futbolçunun siyahısında adıçəkilən 3 futbolçudan əlavə Zinəddin Zidan (31 qol), Jüst Fonten, Jan-Pyer Papen (hər ikisi 30 qol), Yuri Corkayef (28 qol), Silven Viltor (26 qol), Jan Vensan (22 qol) və Jan Viksen (21 qol) yer alıb.

MUNDİLLARDA

Fransa millisi 1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatının iştirakçıları arasında olub. Elə mundiallar tarixindəki ilk oyunda meydana çıxan 2 komandadan biri də məhz Fransa yığması olub. Fransızlar 3 oyunda yalnız 1-də qələbə qazanmaqla ilk dünya çempionatını yeddinci pillədə tamamlayıb. Növbəti mundialda 1/8 finalda dayanan fransızlar, 1938-ci ildə də turnirlə 1/4 finalda vidalaşıb.
II dünya müharibəsindən sonrakı ilk mundialı kınardan izləyən Fransa yığması, 1954-cü ildə turnirdə mübarizəni qrup mərhələsində dayandırsa da, 4 il sonra bürünc medala sahib çıxmağı bacarıb.
1962, 1970 və 1974-cü illərdəki mundialdan kənarda qalan Fransa DÇ-1966 və DÇ-1978-i də elə qrup mərhələsində tərk edib. 1982-ci ildə dördüncü olan fransızlar 4 il sonra bu nəticəni yaxşılaşdıraraq, bürünc medala sahib çıxdılar.
1990 və 1994-cü illərdə dördilliyin ən böyük turnirlərindən kənarda qalan Fransa yığması son 5 mundialda mübarizə aparmaq hüququ qazanıb.
Braziliyada 14-cü dəfə mundial həyəcanı yaşayacaq Fransa yığması bu günə kimi dünya çempionatlarında 83 oyuna çıxıb. Bu matçların 54-də qalib gələn fransızlar, 11 dəfə meydandan heç-heçə, 18 dəfə də məğlubiyyətlə ayrılıblar. Komanda DÇ-larında vurduğu 96 qolun qarşılığında öz qapısında 68 qol görüb.

PÜŞK

Fransa millisi püşkatmadan öncə dördüncü səbətdə yer alırdı. Komanda püşkə əsasən "E” qrupunda qərarlaşıb. Fransa millisinin rəqibləri isə İsveçrə, Ekvador və Honduras olacaq. İlk başda, Fransa millisinin bu qrupun favoriti qismində göstərmək olar. Lakin bunun üçün komanda xeyli səy göstərməlidir. Çünki fransızlar kimi İsveçrə və Ekvador yığmasının da play-off uğrunda sona kimi vuruşacağı şübhəsizdir.

TƏQVİM

Fransa millisi mundialdakı ilk oyununu Hondurasa qarşı keçirəcək. Bu matç iyunun 15-də, Beyra-Rioda baş tutacaq. İkinci turda isə azarkeşlər qrupda yer alan 2 Avropa təmsilçisinin duelinə şahidlik edəcəklər. İsveçrə – Fransa matçı iyunun 20-də Fonte-Novada keçiriləcək. Qrupdakı son matçında isə fransızlar Ekvadorla üz-üzə gələcəklər. Bu matç iyunun 25-də, möhtəşəm "Marakana” stadionunda baş tutacaq.

ZƏİF NÖQTƏLƏR

Müdafiənin mərkəzi. Seçmə mərhələnin bir müddət əvvəl yekunlaşmasına və mundiala 1 aydan bir qədər artıq vaxt qalmasına baxmayaraq, Fransa millisində arxa xəttin mərkəzində kimlərin qərarlaşacağı hələ də bəlli deyil. 2 yer uğrunda 5 layiqli namizəd var – Rafael Varan, Loran Koselini, Mamadu Sako, Ezikil Manqala. Amma mütəxəssislərin fikrincə, Deşam mundialda ilk oyunda Varan-Manqala tandeminə üstünlük verəcək. 20 yaşlı Varanla 22 yaşlı Manqalanın əsas heyət uğrunda fovirt hesab olunmaları səbəbsiz deyil. Belə ki, adıçəkilən futbolçular Almaniyaya qarşı baş tutan son yoxlama oyununda əla təsir bağışlayıblar.
Hücumun mərkəzi. Bu fikirlər kimlərsə razılaşmaya bilər. Əslində, həqiqətən də Fransa millisində bu gün yaxşı hücumçular var. Amma məsələ ondadır ki, həmin hücumçulardan heç biri Avropanın top-forvardları sırasında yer almır. Təbii ki, Kərim Benzema istisna olmaqla. Mundialda Benzemanın yanında hansı forvardın yer alacağı, ya da Deşamın tək hücumçulu taktikaya üstünlük verəcəyi bəlli deyil. Lakin o dəqiqdir ki, hazırki Fransa yığmasının qarşıdakı mundialda necə çıxış edəcəyi böyük ölçüdə məhz Benzemanın məhsuldarlığından asılı olacaq.

HEYƏT MƏLUMDUR
Artıq Fransa milli komandasının heyəti bəlli olub. Millinin baş məşqçisi Didye Deşam "Mançester Siti”nin futbolçusu Samir Nəsrini və illərin təcrübəsi Erik Abidalı heyətə daxil etməyib. Fransa millisinin Braziliyaya aparılacaq heyəti bu futbolçulardan ibarətdi:
Qapıçılar: Huqo Lyoris ("Tottenhem”), Stiv Mandanda (Marsel), Mikel Landreu ("Bastiya”)
Müdafiəçilər: Matyu Debuşi ("Nyukasl”), Lukas Diqne (PSG), Patris Evra (Mançester Yunayted), Loren Kosilni ("Arsenal”), Eilaqium Manqala (Porto), Bakari Sanya ("Arsenal”), Mamedu Sako ("Liverpul”), Rafael Varan ("Real”)
Yarımmüdafiəçilər: Yohan Kabaye (PSG), Klemen Qrenier ("Lyon”), Blasi Matuidi (PSG), Rio Mavuba ("Lyon”), Paul Poqba ("Yuventus”), Musa Sissoko ("Nyukasl”), Mathiyu Valbuena ("Marsel”)
Hücumçular: Kərim Benzema ("Real”), Olivier Jiru ("Arsenal”), Antoine Qrizman ("Real Sosyedad”), Lorik Remi ("Nyukasl”), Frank Riberi ("Bavariya”)
Ehtiyat futbolçular: Stefan Ruffier ("Monako”), Loik Perrin (PSG), Maksim Qonalons ("Lyon”), Morqan Sçneyderlin ("Sauzqethem”), Benoit Tremoulinas ("Dinamo Kiev”), Aleksandr Lakazett ("Lyon”), Remi Kabella ("Monako”)

DAHA 4 İL GÖZLƏMƏLİ OLANLAR

Leyvin Kurzava. O, cari mövsümdə Fransa çempionatının "kəşf”i hesab olunur. 21 yaşı var və parlaq gələcəyinin olduğu şübhəsizdir. Yəqin ki, millidən kənarda qalması Kurzavanı çox da məyus etməz. Çünki onun növbəti mundillarda görünəcəyi şübhəsizdir.
Florian Toven. Bu futbolçu həm "Marsel”də, həm də gənclər yığmasında mütəmadi olaraq meydanda görünür. Lakin Toven heç cür əsas milliyə dəvət almır. Bunun səbəbi isə stabilliyin olmamasındadır.
Remi Kabelya. O, həm "Monpelye”nin lideri, həm də Xames Rodrigesdən sonra hazırda Liqa 1-in ən yaxşı dayaq yarımmüdafiəçisidir. Lakin nədənsə inamlı oyun sərgiləməsinə baxmayaraq, bu futbolçu Deşamın diqqətindən kənarda qalıb. Təbii ki, bu bir çoxlarının təəccübünə səbəb olur.
Aleksander Lakazett. Deşam bu futbolçuya 1-2 dəfə dəvət göndərsə də, o, qeyri-adi heç nəylə yadda qalmadı. Elə həmin gündən etibarən Lakazett yığma üzünə həsrət qalıb. Fakt budur ki, "Lion”un hücumçusu Benzema, Jiru və Remidən xeyli geri qalır.

"Het-trik news”